Gürcüstan ABŞ-la danışıqlardan imtina etdi – Danniqan

“Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarlar ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Amerikanın Tbilisidəki səfiri Robin Danniqan deyib.

O bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ-la strateji tərəfdaşlıq haqqında danışıqlardan imtina edib.

“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini strateji tərəfdaşlıq məsələlərini müzakirəyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu. Hesab edirəm ki, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarlar ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırıb”.

Səfir bu dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb.

Qeyd edək ki, beynəlxalq təşkilatlar və Qərb dövlətləri, o cümlədən Avropa İttifaqı, ABŞ, BMT, NATO, Avropa Şurası “Xarici Agentlər Haqda” qanunun qəbulu ilə razılaşmadıqlarını bildiriblər. Gürcüstan hakimiyyəti isə bu tənqiddən çaşqınlıq ifadə edib və bildirib ki, xarici maliyyələşdirmənin şəffaflığı ilə bağlı oxşar qanunlar artıq ABŞ, İsrail və Avstraliyada mövcuddur. Həmçinin oxşar qanun layihələri Avropa İttifaqı və Fransada nəzərdən keçirilir.

Əliyar Xəlil
Globalinfo.az