Gürcüləri ayağa qaldıran qanun Azərbaycanda tətbiq oluna bilərmi? – “Bəzi məqamlar var ki…”

Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib. Layihənin parlamentə müzakirəyə çıxarılması artıq bir müddətdir ki, ölkədə genişmiqyaslı etirazların keçirilməsinə səbəb olub. 

Hətta ölkə prezidenti və baş nazir bir-birinə qarşı ittihamlar səsləndirilər. Bu, Gürcüstanı Avropadan uzaqlaşdıracaq, Rusiyaya yenidən yaxınlaşdıracaq layihə kimi dəyərləndirilir. Sözügedən qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar.

Maraqlıdır, bu layihənin qəbulunu hansı amillər zəruri edə bilər? Azərbaycan qanunvericiliyində məhz belə bir, yaxud eyni mahiyyətdə maddələr mövcuddurmu?

Mövzunu Globalinfo.az -a şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Tbilisi əvvəldən Qərbin vədlərinə uymaqla yanlışa yol verdi:

“Gürcüstan 1990-cı illərdə Qərbin, xüsusi ilə ABŞ-ın verdiyi vədlərə, uydurduğu nağıllara aldandı. Qərbyönümlü siyasət yürütməklə ona vəd edilən xoşbəxt gələcəyi əldə edə bilmədi. Buna səbəb o zamankı hakimiyyətin doğru hesablamalar aparmaması oldu. Uğurlu xarici siyasət həyata keçirə bilmədilər. Nəticədə Gürcüstan torpaqlarının 20%-ni itirib. Bugünkü hakimiyyət həmin qərarların ağrısını çəkir”.

Deputatın sözlərinə görə, hazırda Gürcüstan parlamentində müzakirə olunan layihəyə sifarişə əsaslanan qanun kimi baxılır:

“Bir müddət əvvəl Gürcüstanda bir qrup yerli gənclər, həm də xaricdən gələn inhisarlarla ölkədə iğtişaş və çaxnaşma yaratmaq üçün layihələr icra etmək istəyirdilər. Lakin Gürcüstan hüquq-mühafizə orqanları bunun qarşısını zamanında aldı. Qərbdən gələn kəşfiyyatçılar nəticədə ölkədən çıxarıldılar. Təbii olaraq, ölkədə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı suallar yaranmağa başladı. Əgər vətəndaş cəmiyyətinin nümayəndələrinə maliyyə verilirsə, təbii ki, bunun arxasında müəyyən tələblər olur. Hazırda parlamentə müzakirə edilən layihəyə sifarişdən doğan qanun kimi baxılır. İndiki hakimiyyət parlamentə layihənin səs çoxluğu ilə tam qəbul edilməsi üçün müvafiq addımlar atır. Müxalifət isə bunun tamamilə əskini düşünür, iqtidarı Rusiya yönümlü olmaqda ittiham edir”.

V.İskəndərov Azərbaycanda bu mövzu ilə bağlı bəzi həssas məqamların olduğunu deyib:

“Heç bir dövlət belə məsələdən sığortalanmayıb. Ölkəmizdə də bu məsələ ilə bağlı həssas məqamlar var. Müxtəlif saytlar, internet televiziyaları, bir sıra şəxslər var ki, onlara bu və ya digər formada xaricdən nəyə sərf olunduğu bəyannamə ilə göstərilə bilməyəcəkləri pullar gəlir. Bunun arxasında hansı qrupların maraqlarının olduğunu aydınlaşdırmaq istintaq orqanlarının işidir. İndidən nə isə demək doğru olmaz. Amma hər halda heç bir dövlət arzulamaz ki, onun tərkibində vəziyyət qeyri-stabil olsun. Gürcüstan hazırda bu ağrılı yoldan keçir. Ölkə hökuməti ilə prezident arasındakı qarşıdurma daxili siyasətə mənfi təsir göstərir”.

Ayşən Mustafa

Globalinfo.az