Makron və Şolts görüşəcək – Parisdəki gizli şam yeməyinin SİRRİ

 

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron gizli şam yeməyində bir araya gəlməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib.

Bildirilir ki, Şolts Avropa Birliyi və Çin siyasətini müzakirə etmək üçün Parisdə Fransa prezidenti ilə görüşəcək.

Çin lideri Si Cinpinin Avropaya səfərindən bir neçə gün əvvəl baş tutacaq bu görüşün detalları məxfi saxlanılır. Lakin nəşr öz mənbələrinə istinadən yazır ki, iki dövlət başçısının müşavirlərindən heç biri bu görüşdə iştirak etməyəcək.

Şam yeməyi haqqında məlumat verən Alman Marşal Fondunun rəsmisi Noah Barkinin sözlərinə görə, Makron Şoltsu Si Cinpin və Avropa Komissiyasının sədri Ursula von der Leyenlə görüşə qoşulmağa razı salmağa çalışacaq.

Görüşlə bağlı başqa bir ehtimal isə Avropa İttifaqının siyasəti, xüsusən də onun müdafiə və maliyyələşdirilmə məsələsidir.

Müşviq Tofiqoğlu,
Globalinfo.az