İranın Azərbaycandakı səsi batırıldı: “Vəziyyət daha da gərginləşib”

İran Dövlət Televiziyasının Azərbaycandakı ofisinin bağlandığı ilə bağlı məlumat verilib. Son günlər rəsmi Bakı və Tehran münasibətlərinin normallaşdığı ilə bağlı yayılan xəbərlər fonunda bu hadisənin baş verməsi maraq doğurur.

Həmin addımın səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, 2023-cü ilin yanvar ayının 27-sindən sonra, yəni Azərbaycanın Tehrandakı səfirliyinə terror aktının ardınca iki ölkə arasındakı münasibətlər normallaşmayıb:

“Vəziyyət daha da gərginləşib. Son zamanlar sosial şəbəkələrdə İranın Azərbaycandakı teleradio şirkəti ilə bağlı yayılan xəbər də gərginliyin göstəricisidir. Rəsmi Tehran Bakı ilə bağlı müxtəlif açıqlamalar verməklə özünü guya münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir. Amma bu, saxtakarlıqdır. Tehran hakimiyyəti bu günə qədər Azərbaycanın irəli sürdüyü şərtlərin heç birinə əməl etməyib. Bu azmış kimi İran televiziyası Azərbaycan və Ermənistanın delimitasiya, demarkasiya prosesini ləkələmək üçün Robert Köçəryanın başçılıq etdiyi fraksiyanın nümayəndəsinin müsahibəsini təşkil etdi. Bir sözlə, qarayaxma və təhrifetmə ilə məşğuldur”.

Politoloqun sözlərinə görə, İran hakimiyyəti sözügedən müsahibə ilə regiondakı maraqlarını etiraf etdi:

“Bu baxımdan İran televiziyasının Azərbaycanla bağlı xoşməramlı addım atması müşahidə edilmir. Həmin teleradio şirkətinin “Səhər” telekanalı davamlı şəkildə ölkəmizə qarşı əks-təbliğat kampaniyası aparmaqla məşğuldur. Ona görə də İran Dövlət Televiziyasının Azərbaycandakı ofisinin bağlanmasında qeyri-adilik yoxdur. Təkcə Azərbaycana qarşı deyil, ümumiyyətlə türklərin təhqir edilməsi və digər istiqamətlərdə sözügedən ofis böyük rol oynayırdı”.

Safura Bənnayeva
Globalinfo.az