Kreml sülhməramlıları Qarabağdan çıxarmaqla bu mesajı verdi

Son 15-20 gündə bir tendensiya müşahidə edilir. Sanki Qərb əvvəlki kimi Cənubi Qafqazda gərginlik yaratmaqda maraqlı görünmür. Xüsusilə də Qərbin aparıcı ölkələrindən olan Almaniyanın Azərbaycana müsbət yanaşmasının şahidi oluruq. Bəzi mənbələrdə Fransanın da mövqeyində yumşalma olduğu bildirilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, kənar qüvvələr Cənubi Qafqaza müdaxilə etməsə, bura sülh adasına çevrilə bilər:

“Lakin kənar güclər müştərək formada əlbir olaraq prosesi ləngidirlər. Sülh prosesini pozmağa, gərginliyi bir qədər də qızışdırmağa çalışırlar. Son vaxtlar Almaniyanın timsalında münasibətlərdə dəyişiklik hiss olunur. Berlin qəbul edir ki, Azərbaycan və Ermənistan arasında bu və ya digər formada sülh danışıqları olmalıdır. Fransa da öz növbəsində belə hərəkətlə Azərbaycanla münasibətlərdə nəticə əldə edə bilməyəcəyini anlayıb”.

Politoloqun fikrincə, ABŞ və Rusiyanın yanaşması fərqlidir:

“Ermənistanın Azərbaycanla sülh əldə etməsinin əhəmiyyətini başa düşürlər. Burada Nikol Paşinyandan çox şey asılıdır. O, dövlətini qoruyub saxlamaq istəyirsə, sülhün əldə edilməsinə çalışmalıdır. Rusiya isə reallığı çoxdan qəbul edib. Sülhməramlıların ərazilərimizi tərk etməsi də buna nümunədir”.

Safura Bənnayeva
Globalinfo.az