Şuşalılara şad xəbər: bu tarixdə… 

“Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. İlk köçün isə mayın əvvəlində (böyük ehtimalla 8 may) baş tutacağı barədə məlumatlar yayılır. Bunu da Şuşanın 1992-ci ildə ermənilər tərəfindən məhz 8 mayda tam işğal olunması ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Məmmədov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Onun sözlərinə görə, şuşalılar məhz 8 mayda ata-baba yurdlarına qayıda bilər:

“Şuşalılar böyük sevinc və həyəcan hissi ilə həmin günü gözləyirlər. 1992-ci ildən 2020-ci ilə qədər hər il Şuşanın işğal günü kimi qeyd olunurdu. Təbii ki, bundan sonra da işğal tariximizi, şəhidlərimizi unutmamalıyıq. Amma Allahın hökmü ilə Prezident İlham Əliyevin apardığı siyasətin, Ordumuzun gücünün sayəsində bu il şuşalılar 8 mayı “Qayıdış günü” kimi də qeyd edəcəklər. Bunun bir adı var – düşmən üzərindəki qələbənin təntənəsi. Necə gözəl səslənir – 8 mayda işğal olunmuş Şuşadan məğlub çıxmış şuşalılar və bu il 8 mayda Şuşaya qalib kimi qayıdan şuşalılar! Bu, Azərbaycan dövlətinin gücüdür, uğurudur, dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsidir. Hər birimiz 8 may tarixini səbirsizliklə gözləyirik”.

Deputat Şuşaya ilk köçəcək ailələrin kimliyinin məlum olduğunu bildirib:

“Onlar artıq öz hazırlıqlarını görüblər. Həmin günü gözləyirlər. Bu gün nəinki şuşalılar, bütün Azərbaycan xalqı sevinir. Xalqımızın gözü aydın olsun! Bütün Türk dünyasının diqqəti mədəniyyət paytaxtımız olan Şuşadadır. Məhz belə məqamda tarixi Şuşamıza qayıdırıq”.

Zaira Akifqızı
Globalinfo.az