“Bizi mənəvi pandemiyadan xilas edəcək yeganə “vaksin” budur” – AQŞİN EVRƏN

Globalinfo.az şair Aqşin Evrənlə müsahibəni təqdim edir:

– Zaman-zaman ölkəmizdə və dünyada gedən proseslərlə bağlı müxtəlif yazılar yazan qələm adamı kimi, hazırkı dünya mənzərəsini şərh edərdiniz…

– Əslində, hazırda müşahidə etdiyimiz qlobal-iqtisadi-hərbi dalğalanmalar öz başlanğıcını bir neçə il əvvəldən götürüb. Xüsusən 2019-cu ildə pandemiyanın elan edilməsi bu prosesi sürətləndirdi. Ümumiyyətlə, yeni dünya modelinin formalaşması heç vaxt ağrı-acısız olmayıb. Adətən, bu proses iqtisadi böhran, genişmiqyaslı müharibələrlə müşayiət olunub.

Mənə elə gəlir ki, dünyanın sonrakı mənzərəsini Ukrayna müharibəsi müəyyən edəcək. Artıq aydındır ki, burada tərəflərdən hansınınsa mütləq qələbəsinin şahidi olmayacağıq. Bu, ən yaxşı halda “Pirr qələbəsi” ola bilər. Ukrayna müharibəsi çıxılmaz bir dalana dirənib qalıb. Bu müharibədən qaçmaq olardımı? Təəssüf ki, xeyr. Çünki orada da Qarabağ kimi münaqişə ocağı idi. Almaniyanın sabiq kansleri Angela Merkel özü də etiraf etdi ki, 2014-cü ildə Donbasla bağlı imzalanmış Minsk razılaşması Rusiyanı yuxuya vermək üçün keyidici iynə idi. Yəni Qərb bu müharibəni gec-tez başladacaqdı. Başlatdı da. Putin hazırda işğalçı müharibə aparır, amma faktiki olaraq ona başqa seçim qoymadılar.

– Bəs ölkəmizdə, xüsusən Qarabağ məsələsi ətrafında vəziyyət barədə gözləntiləriniz nədir?

– 2020-ci ildən etibarən Qarabağ məsələsi şaxələndi. Ortaya bir neçə mini neomünaqişə çıxdı:

Birincisi, sərhədlərin delimitasiya və demarkasiyası;

İkincisi, sülhməramlıların nəzarətindəki ərazilərdə mövcud olan vəziyyət;

Üçüncüsü, Zəngəzur dəhlizi;

Dördüncüsü, Türkiyə-Ermənistan münasibətləri.

Sadaladığımız məsələlərdə problemlər hələ də qalmaqdadır. Açığı, bunların qısa müddətdə həllini gözləmirəm. Təsəvvür edin, onillərdir mehriban şəraitdə yaşadığımız Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsi məsələsini həll edə bilməmişik, o ki qaldı 30 il müharibə apardığımız Ermənistanla…

Xankəndi ətrafında vəziyyət çox mürəkkəbdir, amma Azərbaycanın xeyrinədir. Gec-tez oraya nəzarətimizi bərpa edəcəyik. Bu, həm də regionda münaqişənin tam bitməsi baxımdan önəmlidir. Ümid edir və inanırıq ki, regionda heç lokal müharibə də olmayacaq.

– Xankəndi-Laçın yolundakı aksiya məsələni fərqli bir məcraya yönəldib.

– Elədir. Qarabağ ətrafındakı son proseslərdən danışanda ağıla ilk olaraq Xankəndi-Laçın yolunda davam edən etiraz aksiyası gəlir. Hər nə qədər insanlarımızın bir qismi barmaqarası yanaşsa da, fikrimcə, bu aksiya Azərbaycan üçün son dərəcə vacib bir düyünün açılması ilə başa çata bilər. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu başqa və daha geniş söhbətin mövzusudur.

Lakin mənə elə gəlir ki, Bakı hazırkı situasiyada çox önəmli bir addım atıb. Mövcud vəziyyətdə sülhməramlıların nəzarəti altında ərazilərlə bağlı atılası yeganə addım bu idi – mülki aksiya. Bu vaxta qədər Xankəndiyə silah-sursat, hərbi texnika daşınırdı və orada terror qruplaşması yaradılması istiqamətində işlərə start verilmişdi. Laçın yolunun hərbi vasitələrin daşınmasına qarşı bağlanması çox önəmlidir. Çünki Xankəndidəki separatçılar ASALA bənzəri bir terror qruplaşması yaradıb, Türkiyəni ürəyinə qoyulmuş terror bombasından (PKK) başqa birini Azərbaycanın ürəyinə qoymaq istəyirdilər. Yəni hazırda Laçın yolunun bağlanması bəlkə də Qarabağda növbəti müharibənin qarşısını alacaq. Buna baxmayaraq, Ermənistanla sərhəddə, eləcə də Qarabağda vəziyyət son dərəcə həssasdır. Xüsusən Zəngəzur dəhlizinin Azərbaycana, eləcə də regionda söz sahibi Rusiyaya artıq hava-su kimi lazım olması bir müddət sonra növbəti məcburetmə əməliyyatının zəruriliyini gündəmə gətirə bilər. Təbii, biz regionda müharibə, qan tökülməsini istəmirik. Çünki bu mövcud düşmənçiliyi dərinləşdirməklə sülhü mümkünsüz hala gətirir.

– Gələcəklə bağlı insanların ümidləri də, düşüncələri də bədbindir. Bəs sən gələcəyə necə baxırsan?

– Hər hansı proqnoz verə bilmərəm, çünki heç dünya düzənini müəyyənləşdirən insanlar nəyin necə yekunlaşacağını bilmirlər. Ümumiyyətlə, pandemiya nəticəsində bəşəriyyət ağır şokla üz-üzə qaldı. İnsanlar qısa müddət ərzində doğmalarını itirdilər, yolda gedərkən yıxılıb ölənlər oldu, vəhşi heyvan kimi küçədə zərərsizləşdirilib qapalı kameralara salınan insanlar oldu. XXI əsrin sivil dünyasında bu, ağlasığmaz aktlar idi. Pandemiya bəşəriyyəti zombi filmlərində gördüyü səhnələrin içinə atdı. İnsanlıq evsiz qalmaq təhlükəsi ilə üzləşdi. Biz başa düşdük ki, əlimizdə olan Yer kürəsini də itirə bilərik. Bu, qorxuların ən böyüyü idi. İnsan Vətənini itirə bilərdi. Ona görə də düşünürəm ki, mövcud pandemik şoku üzərimizdən atmaq üçün bizə ya uzun bir dövr lazım idi, ya da daha dağıdıcı bir proses – məsələn, müharibə. 2022-nin fevralında həmin müharibə başladı və pandemiya arxa plana düşdü. Pandemiyanın ilk aylarında – 2019-da verdiyim müsahibədə belə bir fikir səsləndirmişdim: bu virus adiləşəcək, pandemiya bitəcək və insan yenidən dünyanı bölüşdürmək uğrunda müharibəyə başlayacaq. Təəssüf ki, elə də oldu.

– Bəs ümid varmı? İnam yaşayırmı? Dünyanın, ölkəmizin sabahını necə görürsən?

– Əslində, dünyanı gözləyən, təhdid edən bir neçə təhlükə mövcuddur – yeni qlobal müharibə, nüvə silahından istifadə, böyük böhran, qıtlıq, su savaşları və s. İstənilən halda bu risklər həmişə olub. Ən azından iki il əvvələ baxanda daha ağrılı proqnozlar səsləndirilirdi. Hazırda insan pandemiya ilə müharibədən qalib çıxıb. Qalıb insanın müharibə ilə apardığı savaşdan qalib çıxması. Bu, çox uzun və ağrılı yoldur.
Müharibəsiz dünya olacaqmı? Olacaq – onda ki, dünyada insan qalmayacaq. Amma ümidlə yaşamalıyıq. Çünki ümid bizi mənəvi pandemiyadan xilas edəcək yeganə vaksindir.

Gülnar Səlimova
Globalinfo.az