Səfəvilər İran dövləti olub? – Tarixçi sübutları sadalayır

Şah İsmail Kimdir? Neler Yapmıştır? | ListeList.com

Yazıçı Azad Qaradərəli Səfəvilər dövlətinin Azərbaycana aidiyyəti olmadığını deyib və İran dövləti olduğunu iddia edib. Yazıçının bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyevin sözlərinə görə, yəhudi alim Devid Ayolon 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq edir ki, Səfəvilər mənşə etibarı ilə fars yox, türk olublar.

Z.Əliyev deyib ki, bir çox alim Səfəvilərin türk olduğunu deyib:

“Şərqşünas alim Riçard Fray da “İran ensiklopediyası”na yazdığı məqalədə göstərir ki, Səfəvilər sülaləsinin əsası Azərbaycan türkləri tərəfindən qoyulub. Bu fikirlə Qərbin tanınmış alimləri T.Svyatoxovski və X.Seton-Vatson da razılaşırlar. Hətta mürtəce İran tarixçisi Rza İnayətullanın yazdığı və erməni alimi Q.Asatryanın fars dilindən tərcümə edib ön söz yazdığı “Azərbaycan və Arran: (Atropatakan və Qafqaz Albaniyası)” əsərində hər iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan türkcəsi olub. İ.V.Piqulevskaya, A.Y.Yakubovski, İ.P.Petruşevski, L.V.Stroyeva və A.M.Beleniski də təsdiq edir ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayıblar, onların doğma dili Azərbaycan dili olub. Onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı: “XV əsrdə Səfəvilərin əsas dayağı Azərbaycan dilində danışan köçəri türk tayfaları idi, əksər hissələri Azərbaycan və İrana Kiçik Asiyadan, Osmanlı sultanlarına düşmənçilik üzündən və siyasətə neytrallıqdan köçüb gəlmişdilər. İlkin olaraq yeddi tayfadan ibarət idilər – şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, vilkadar. Onlardan yalnız şamlı və rumlu tayfaları tam şəkildə Səfəvilərə tabe idi. Sonra bu tayfalar ümumi bir ad altında birləşdilər”.

Alim bildirib ki, Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “Qızılbaş ölkəsi”, “Qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “Qızılbaş padşahı” deyə qeyd olunur:

“Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. Dövlət dilini türk dili elədi. Üstəlik, türk dilində əsərlər yaradaraq bu gün də əsl türk sənəti olan qədim ozanlığın inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsinin olması da deyilir. Özü sazda ifa edib oxuyurdu. Şah İsmayılın Səfəvilər dövləti tarixdə qurulan ən türkçü dövlətlərdən biri idi. Hətta Səfəvilər dövlətinə “Turanı diriltməyə çalışan Əfrasiyab nəsli” deyilirdi.

Şah İsmayıl öz əsərlərini türkcə yazıb və türkü mələyə bənzədib. O dövrdə digər türk dövlətləri artıq türklüklərini itirirdi. Şah İsmayılın zamanında Azərbaycanın bütün ticarəti yalnız türklərin əlində idi. Onun çox gənc olmasına baxmayaraq, sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, həmin dövrün görkəmli adamlarını həmişə heyran edib və bu gün də edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb. Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib. Lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb”.

Zaur Əliyevin dediklərinə görə, Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti millətin öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi:

“Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən “qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm” deyirdi. Şah İsmayıla “Türki-tacidar” deyə xitab edirdilər. Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz, onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı. “Aman vermək imandandır” – deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi. Venessiya hökmdarı K.Laskarini  Şah İsmayıl haqqında yazır: “Doğrudanmı Sofi Şahı (Səfəvi) peyğəmbərdir? Doğrudanmı o, möcüzələr yaradan nadir şəxsiyyətdir? O, həqiqətən fövqəltəbii zəka sahibidir? Mənə bildirdilər ki, o, və onun nəslindən olanların hamısı müqəddəs bir nəslin övladlarıdır və həmişə də müqəddəs hesab olunublar”.

Karl Marks yazırdı: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyaləti fəth etmişdi”.

Şah İsmayıl Xətai döyüşlərin hamısında şəxsən özü iştirak etdiyinə görə bədənində qılınc yaraları var idi.

Alman səyyahı E.Kempfer yazır: “Şah İsmayıl dövlətinin ideologiyası xalqın və millətin saf və güclü təbəqəsinin ideologiyası idi”.

Tarixçi deyib ki, Azərbaycanın üçrəngli bayrağının ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir:

“Bu, sadəcə bayraq deyil, Azərbaycanın inkişafının düsturudur. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkçülüyü; yeniliklər edərək – müasirçiliyi; şəriətin əsasında qanunlar yaradaraq – islamçılığı.

Şah İsmayıl təkcə hökmdar deyildi, həm də şəxsiyyətli, ədalətli insan idi. Düşmən də olsa, Osmanlıları avropalıların əlinə belə vermək istəmirdi. Hətta Alman və Macarıstan elçiləri onun yanına gəlib Osmanlılara hücum etmək planları barədə danışanda “siz öz aranızda söz ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiz” cavabını verib. Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurbaninin “Şah Xətai” gəraylısında “Qoy var olsun türki-zəban, Şah Xətai, Şah Xətai” misraları, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın kimliyini və doğma türk dilinə sevgisini əks etdirir. Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, “Bahariyyə”nin, mükəmməl ədəbi abidə “Dəhnamə”nin (“On məktub”) müəllifi deyildi. O, dövlət fərmanlarını da ana dilində verməklə Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmişdi. Osmanlı tarixçiləri iddia edir ki, Avropa arxivlərində Papaya ünvanlanmış iki məktub var ki, türk dilində Sultan tərəfindən göndərilib. Amma… Fakete Layoş adlı tədqiqatçı Avropa şəhərlərinin arxivlərində (Vyana və Drezden arxivlərində) saxlanılan və Osmanlı dövlətinə aid olan arxiv sənədlərini araşdırarkən iki məktub tapıb. Bu məktubları tədqiq etdikdən sonra Osmanlı dövlətinə deyil, Səfəvi dövlətinə aid olduğunu aşkar edib. Lakin özünün də bildirdiyi kimi, məktublar Azərbaycan dilində (müəllif özü “türk dili” deyir) yazılıb”.

Z.Əliyevin sözlərinə görə, bəziləri iddia edir ki, Azərbaycan maarifçiləri Osmanlı türkcəsində yazıb, amma bu belə deyil:

“Osmanlı türkcəsinə oxşayan o sözlər bizim dildə olan sözlərdir ki, sovetlər zamanı lüğətlərimizdən çıxarıblar. Şah İsmayıl azərbaycanlı, Səfəvilər Azərbaycan dövləti idi. Bu gün Xətainin varlığı Türkiyədən, İrandan, Ərəb ölkələrindən, ABŞ-dan tutmuş, Balkanlara qədər hər kəsi narahat edir. Kimsənin Şah Xətaidən bir şey istəməyə nə gücü, nə də haqqı yetməz. Onu o insandan istəyərlər ki, ərki çatsın, istədiyini ondan ala biləcəyinə ümidli olsun. Şah Xətai bütün dünyadan ədalət və gözəllik istədi. Ona görə indi onun yaxasını buraxmırlar. Nəsimidən nə istədilər – dərisini soydular. Şah Fəzlullah Nəimidən nə istədilər – paramparça etdilər. Eynəlqüzzat Həmədani Miyanəçidən, Yəhya Sührəverdidən, Həllac Mənsurdan, namazda qətl edilən Əlidən nə istədilərsə, bax, Xətaidən də onu istəyirlər. Bu yolnan da onun ləkəsiz işığına pərdə tutmaq, o işığın bu xalqa, bu insanlığa yetişməməsinə nail olmaq istəyirlər. Bu da mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az