Husilər ABŞ-ı belə iflic edir: Qərbin Qırmızı dənizdə qara günləri – TƏHLİL

Yaxın Şərqdə baş verən hadisələr, Yəməndə Husilərə qarşı həyata keçirilən əməliyyatlar ilk baxışda ABŞ və koalisiyasının uğuru kimi dəyərləndirilə bilər. Ancaq bəzi məqamlara diqqət yetirdikdə bunun belə olmadığı ortaya çıxır.

Globalinfo.az xəbər verir ki, “Washington Post” nəşrinin dərc etdiyi məqalədə bu barədə mühüm fikirlər yer alıb.

Nəşr yazır ki, Husilər güclü qüvvələrin zəif  nöqtələrini tapmaqda mahirdirlər. Onlar Qırmızı dənizə doğru sıx bir boğaza nəzarət edirlər. Bu da  qlobal təchizat zəncirini poza və ABŞ-a xüsusilə ağır zərbə vura bilər.

“Husilər bir çox amerikalının xəritədə belə tapa bilməyəcəyi uzaq ölkədə yerləşən qəbilə nümayəndələridir. Lakin onların dünya bazarlarını sarsıtmaq gücü var. Artıq üç aydır ki, onlar Qırmızı dənizdə ticarət gəmilərini raket və pilotsuz təyyarələrlə atəşə tuturlar. Bu, sığortaçıların bazar qiymətlərini bahalaşdırır və dünya gəmiçilik marşrutlarının xəritəsini yenidən cızır”, – deyə məqalədə bildirilir.

Məqalədə ABŞ-ın hərbi təhdidlərinin Husiləri dayandıra bilmədiyi qeyd olunub:

“ABŞ-ın başçılıq etdiyi 20-dən çox ölkədən ibarət koalisiyanın hava zərbələri Husiləri dayandıra bilməyib. Yanvarın 11-də ABŞ və Böyük Britaniya Husilərin 60-dan çox hədəfini  bombardman edib.  Ancaq bu da onlara mane olmayıb. Onlar Amerikaya məxsus yük gəmisini vurmaqla koalisiyaya cavab veriblər. Müasir partizan müharibəsinin əsl biliciləri olan Husilər daha güclü qüvvələrin zəif tərəflərini tapmağı yaxşı bacarırlar”, nəşr vurğulayıb.

“Washington Post”un yazdığına görə, Husi liderləri anlayırlar ki, ABŞ-ı münaqişəyə nə qədər dərindən cəlb etsələr, qlobal iqtisadiyyata təsirləri bir o qədər çox ola bilər. Beləliklə, bu, elan edilməyən müharibənin fərqli tərəfidir. Birləşmiş Ştatlar hətta böyük iqtisadi gücünə baxmayaraq qlobal ticarət və maliyyə axınlarından asılıdır. Ona görə də, kənardan zəif görünən Husilərin iqtisadi hücumlarına qarşı xüsusilə həssasdırlar”.

Əliyar Xəlil,

Globalinfo.az