Gəlin, sizə onun necə yaşadığından danışım…

Dünya şöhrətli amerikalı aktyor Tom Kruzun baş rolda yer aldığı məşhur bir film var – “Sonuncu Samuray”. Fikrimcə, bir döyüşçü üçün qürur, cəsarət və ləyaqət hissinin, şərəfli ölümün hansı mahiyyət daşıdığını, eləcə də hürr yaşamaq istəyən bir millət üçün öz adət-ənənələrini, dəyərlərini qorumağın necə gərəkli olduğunu ən yaxşı şəkildə anladan, çatdıran filmdir… Baxmayanlar, mütləq baxsınlar!

Baxanlarsa, yəqin, xatrlayarlar: filmin sonunda gənc yapon İmperator qiyama təhrik edilən, üsyan qaldırmaq ittihamıyla gözündən salınan və namərdcəsinə güllələnən samurayların lideri Katsumotonun necə öldüyünü böyük təəssüf və ehtiram hissiylə Kapitan Alqrendən soruşur. Katsumotonun əsirliyi müddətində bu əzəmətli döyüşçünün valehedici xarakterinin gerçək əsirinə və beləliklə də, özü artıq samuraya çevrilmiş Kapitan Alqren isə ölkəsini azad və qüdrətli görmək istəyən gənc İmperatora möhtəşəm bir cavab verir: “Mən Sizə onun necə yaşadığını danışacam”…

… Sabah – martın 20-də keçdiyi şərəfli ömür yolunun, bəlkə də, bütün anlarını əzbərləyib yaddaşıma hopdurduğum və Katsumoto kimi dərin müdrikliyi, nizamlı həyat tərzi və qiymətli tövsiyələriylə gənc yaşlarımdan siyasi dünyagörüşümə ciddi təsir etmiş, yön vermiş dəyərli bir insanın, həqiqi alimin – Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun 85 yaşı tamam olur.

O İlyas İsmayılovun ki, tanıyanların tez-tez “İlyas müəllimin səhhəti necədir?” suallarına mən də elə Kapitan Alqrensayaq cavab verirəm: “Gəlin, mən Sizə İlyas müəllimin səhhətindən yox, onun necə yaşadığından danışım”.

Bəli, mənim nəzərimdə, İlyas müəllimin həyatı, fəaliyyəti, yaşayış tərzi, elmi-siyasi baxışları yetişən Azərbaycan gəncliyi üçün öyrəniləcək və öyrədiləcək azsaylı nümunələrdəndir!

Dediyim kimi, o, şəxsi nümunəsiylə mənim həyata baxışıma və dünyagörüşümün formalaşmasına rəhmətlik atam Nəriman müəllimdən sonra əhəmiyyətli təsir göstərmiş ikinci önəmli şəxsiyyət olduğundan, onun barəsində saatlarla, günlərlə danışa, tanımayanlara daha yaxından anlada, tanıtdıra bilərəm…

Çox şadam ki, yerişində, duruşunda, davranışında, yazı və çıxışlarında, hətta yumorunda belə, öz əzəmətli və ədalətli simasını – həqiqi dövlət adamı obrazını qoruyub saxlamış İlyas müəllim də həmişə və hər yerdə “Elxan mənim yetirməmdir, onu görəndə öz gəncliyim yadıma düşür” cümləsini tez-tez işlədir, olmadığım yerlərdə, hətta rəqib sandıqlarımın əhatəsində də məni müdafiəyə yönəlmiş fikirlərdən çəkinmir, addımlarımın məsuliyyətini bölüşür, hər cəhdində uğuruma, inkişafıma çalışır…

Və bu “özünəbənzətmə”də də tam haqlıdır. Çünki nə qədər yekə çıxsa və təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, mən də özümdə hərdən eynilə İlyas müəllimi görür, eynən onun kimi davranır, eynən onun dediklərini deyir, hətta həyat hadisələrinə və siyasi proseslərə də eynən onun gözləriylə baxıram: vaxt vardı, nadan və soyuqüsurlular fəaliyyətində, şəxsi həyatında, əxlaqında bir qüsur tapmayanda onu Rusiyapərəstlikdə, İranpərəstlikdə ittiham edir, suçlayırdılar, indi də məni…

Bu da səbəbsiz deyil: mən İlyas müəllimi ilk dəfə tanıyanda 22 yaşım vardı, 24 yaşımda isə məni özünə müavin gətizdirərək Azərbaycanda “ən gənc partiya sədrinin müavini” etmişdi, düz, 35 yaşınadək, yəni, gənclik yaşım tam başa çatanadək də, onun yanında olmuşdum…

Və çox şadam ki, bu gün də Onun yanındayam, Onunla eyni partiyadayam, Onunla eyni yolda yürüyüəm.

Keçdiyimiz, geridə qoyduğumuz həyat bizə bir daha sübut etdi ki, müxalif siyasətçilər içərisində elə yalnız İlyas müəllimin seçdiyi yol doğruymuş: nə hakimiyyəti tənqiddə ifrata vardı, həddi keçdi, nə də müdafiəsində – həmişə qızıl ortanı tutdu, ədalətin və mükəmməl vicdanının hökmü, səsiylə danışdı. Hakimiyyət yanlış edəndə yanlışını, doğru edəndə də doğrusunu dedi.

Ədalət dediyimiz də elə budur – hər kəsi və hər şeyi öz adıyla çağırmaq, hər kəsi və hər şeyi öz yerinə qoymaq!

İlyas müəllim Ədalət Partiyasındakı bütün fəaliyyəti boyu dürüst olmayan iqtidar təmsilçilərindən də, “müxalifətçilik” adı altında dövlətə düşmənçilik edənlərdən də eyni məsafədə durmağı bacardı, onun üçün həqiqi dövlət maraqları, milli mənafelərsə keçilməz “qırmızı xətt”i sayıldı! Dövlətimiz udsun, ölkənin içərisində fitnə çıxmasın deyə, 44 günlük Vətən Savaşınının başladığı andaca çəkinmədən müxalif düşərgədən Ali Baş Komandan İlham Əliyevə dəstək verən ilk siyasətçi oldu; cəmiyyətimizdə milli barış olsun, iqtidar-müxalifət düşmənçiliyinə son qoyulsun deyə, prezident İlham Əliyevə 60 illiyi münasibətilə bir Ağsaqqal təbriki ünvanladı, onu xarici düşmənlərlə mübarizədə olduğu kimi, ölkənin daxili problemlərinin həllində də qətiyyət və çeviklik göstərməyə səslədi!

Bəli, İlyas müəllim həqiqi dövlət adamıdır! Daha dəqiqi, özündə, vücudunda dövləti daşıyan, dövləti andıran adam! Onun iti ağlı, mükəmməl savadı, geniş təfəkkürü, əxlaqı, möhkəm xarakteri ilə tamlıq təşkil edən seçilən fizionomiyası – uca boyu, şux qaməti, qayğıkeşlik, qətiyyət və dürüstlük yağan aydın baxışları, sanki, bu yaşında belə hər kəsə “yeriyən dövlət-adamlar belə olur” nümunəsini anlatmaq, aşılamaq üçündür…

Hərdən onu eyni ranqlı indiki məmurlarımızla tutuşdurur, müqayisə edir və məsafə fərqindən özüm də heyrətlənir, məəttəl qalıram: İlahi, biz haradan hara gəldik?! Siz də tutuşdurun İlyas müəllimi, tutaq ki, uzun illər Baş prokuror olmuş Zakir Qaralovla, Ədliyyə naziri Fikrət Məmmdovla, yaxud Ali Məhkəmə sədri olmuş Ramiz Rzayevlə… Tutuşdurdunuzmu?! Fərqi gördünüzmü?!

Görə bilməyənlərə müqayisə üçün bircə fakt deyim, qiymətləndirmə aparsınlar: İlyas müəllim rəhmətlik Heydər Əliyevdən sonra ikinci azərbaycanlı olub ki, təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda – SSRİ kimi bir imperiyanın paytaxtında belə, ən yüksək vəzifə pillələrinə öz gücüylə, öz ayağı ilə, öz zəhməti ilə qalxıb! Və qalxdıqca da, pulunu, sərvətini, mal-mülkünü çoxaltmağa yox, adının əzəmətini qaldırmağa, elmini artırmağa, şöhrətini ucaltmağa çalışıb və ona da nail olub!

…Hərdən şəhərdə gəzişdiyimiz, yaxud rayonlarımıza səfərlər zamanı mən addımbaşı tanımadığımız insanların ayaq saxlayıb ona necə ehtiramla yanaşdıqlarının, Respublika prokuroru, Ədliyə naziri işlədiyi zamanlarda o insanlara necə kömək etdiyini, necə ədalətli davrandığını minnətdarlıq hissiylə xatırlamalarının, prokurorluq işçilərinin yana-yana “İlyas müəllim, prokurorluq elə sizinlə də getdi” təəssüf-gileylərinin canlı şahidiyəm…

Onu da aydın görürəm ki, bu insanların söylədikləri riya deyil, səmimi, içdən gələn sözlər, vicdanlarının dedirtdikləridr…

Sabah – 20 mart İlyas müəllimin doğum günüdür! Dövlətin unutduğu, mükafatlardan, diqqətdən uzaq saxladığı, ancaq bütün fəaliyyəti boyu dövləti unutmayan, dövləti vücudunda, varlığında daşıyan, Nardarandakı bağ evində sevimli kitabları və ömür-gün yoldaşı Zəkiyyə xanımla sadə bir ömür sürən 85 yaşlı Müdrik Adamın, El Ağsaqqalının, Həqiqi Alimin!

Doğum gününüz mübarək, əziz İlyas müəllim! Ləyaqətlə yaşadığınız ömrünüzün 85-ci pilləsini də uğurla, alnıaçıq adlamağı bacardınız! Hər şeyə qadir Allahdan Sizə daha uzun və sağlam bir ömür arzulayıram! O gün olsun, 100 yaşınızı təbrik edək!

Elxan Şükürlü
Politoloq

Globalinfo.az