Ermənistan yeni dəhlizə razılaşdı – “Rusiya güc yoluna əl atır”

Rusiya-Ermənistan münasibətlərində gərginlik getdikcə artır. Bununla yanaşı, İrəvan Qərblə yaxınlaşır, həmçinin Hindistanla əməkdaşlığı genişləndirir. Dehlinin Ermənistanda strateji əhəmiyyətli hava dəhlizi açacağı barədə xəbərlər yayılır.

Hindistan-Ermənistan əməkdaşlığının, silahlanmanın, hazırlıqların səbəbi isə fərqli formada xarakterizə olunur: Azərbaycana qarşı yeni təxribat, Qərbə yönəlməsi fonunda pozulmaqda olan Rusiya-Ermənistan münasibətlərində rəsmi Moskvadan gələcək hər hansı təhdidlərdən özünü müdafiə etmək və s.

Maraqlıdır, hazırkı durum davam edəcəyi təqdirdə Rusiya Ermənistanı necə cəzalandıracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda bundan sonra Moskvanın davranışlarının necə olacağı maraq doğurur:

“Rusiya bu tip məsələlərdə bir müddət səbirli davranandan sonra sərt tədbirlər görür. Bunun bir sıra, o cümlədən Gürcüstan və Ukrayna nümunələrini misal çəkmək olar. 2008-ci ildə Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyanı işğal etdi və 2014-cü ildə Ukraynanın Qərbə yönəlməsinin intiqamını Krım və Donbası işğalla aldı. İki il öncə də Kiyevə hərbi müdaxiləyə başladı.

Ermənistanda isə vəziyyət bir qədər fərqlidir. Rusiya bütün diqqətini Ukraynaya yönəldib. Lakin bununla yanaşı İrəvanda da müəyyən imkanları qalır. Xüsusilə Gümrüdəki 102-ci hərbi bazanın, sərhəd qoşunlarının, aviabazanın mövcudluğu Moskvanın imkanlarını artırır. İrəvan Rusiyadan iqtisadi cəhətdən asılıdır. Ticarət dövriyyəsinin yarıdan çoxu Moskvanın payına düşür, ixracatın əhəmiyyətli hissəsi Rusiya bazarına yönəlir. Ermənistan nə qədər anti-Rusiya mövqeyi sərgiləsə də, Kremlin sanksiyalardan yayınmasına yardım edən ən önəmli ölkələrdən biridir. Təsadüfi deyil ki, son 2 ildə İrəvandan Moskvaya ixracatın həcmi 2 dəfə artıb. Bu məhsulların əksəriyyətini yüksək texnoloji avadanlıqlar, çiplər təşkil edir. Lakin Rusiyanın susqunluğu çox davam etməyəcək, səsləndirilən bəyanatlar göstərir ki, Moskva müəyyən addımlar atmaq niyyətindədir. Yumşaq təzyiq vasitəsilə hakimiyyət dəyişikliyi etmək imkanı olmadığı, yəni Nikol Paşinyanın qarşısına parlaq siyasi şəxsiyyət çıxara bilmədiyi üçün güc yoluna əl atır”.

Oqtay Qasımov

Politoloqun fikrincə, Hindistanın Ermənistanda hava dəhlizi açması və bu yolla İrəvana silah-sursat, hərbi texnikanın daşınması üçün istifadə olunacağı barədə qərarı müxtəlif ehtimalları ağıla gətirir:

“Həm coğrafi mövqeyinə, həm də mövcud münasibətlərə görə bu hava dəhlizinin İrandan keçməsi gözlənilir. İran hava məkanını Hindistana verəcək. Ermənistanı revanşa təşviq edən, müəyyən qədər silahlanmasına kömək edən, bölgədə gərginliyin qalmasında maraqlı olan ölkələrdən biri İrandır. Çünki Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək istəyir, Zəngəzur dəhlizinin açılmasına mane olur. Proseslərin gedişində Rusiyadan boşalacaq yeri doldurmağa çalışır. Onun əsas hədəfi Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılmaması və Türkiyənin Azərbaycanla maneəsiz hərəkətlərinə imkan verilməməsi üçün çalışır”.

Oqtay Qasımov vurğulayıb ki, İran və Azərbaycan münasibətlərində mülayimləşmə var:

“Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması məsələsi də gündəlikdədir. Bütün bunlara baxmayaraq, İranın rəsmi Bakıya münasibəti dəyişmir. Ermənistanla da münasibətləri inkişaf etdirməkdə qərarlıdır. Tehran bu günə qədər Ermənistan ərazisində yerləşdirilmiş, Qərbin casus şəbəkəsi olan mülki missiyanın fəaliyyətinə, ABŞ-la hərbi təlimlərin keçirilməsinə sərt münasibət bildirməyib. İki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır”.

Safura Bənnayeva
Globalinfo.az