“Diskomfort yaşadan monopol halların qarşısı mütləq şəkildə alınmalıdır” – İlham Şaban

Azərbaycan dövlət siyasətində azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi prioritet istiqamətlərdən biridir. Əhalinin sosial rifahının artırılması, bazar qiymətlərinin tənzimlənməsi və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bu iki istiqamət vacib hesab edilir.

Xüsusilə iqtisadi rəqabət mühitinin yaradılması üçün çox sayda tələblər, müasir çağırışlar mövcuddur. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır.

Bəs ölkəmizdə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün hansı işlərin görülməsinə ehtiyac var? Bu iki amil əhalinin sosial rifah səviyyəsinə, iqtisadi rəqabət mühitinə necə təsir gösrərir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-ekspert İlham Şaban bazarda müşahidə olunan qiymət artımının əsas səbəblərini nəzərə çatdırıb:

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şaban

“Bu gün istər məişət, istərsə də kəmiyyət səviyyəsində, insanlar bir-biriləri ilə fikir mübadiləsi apardıqda, o cümlədən KİV-lərdən mütəmadi qiymət artımının olması ilə bağlı xəbərlər eşitdikdə bunun səbəbi düşünülür. Məsələnin kökü isə monopoliyadadır. Bir qrup insanların, yaxud sektorun bazar üzərində özlərinə sərf edə biləcək şəraitin yaradılması, nəticədə qiymətin diqtə edilərək qazancın əldə edilməsi monopoldur. İqtisadiyyat Nazirliyi yanında xüsusi dövlət agentliyi var, Azərbaycanda liberal iqtisadiyyatın təbliği və təşviqi ilə o məşğul olur. Bu, anti-monopoliya qrupudur. Bu agentliyin direktoru, müavinləri, ekspertlərinin televiziyalarda, konfranslarda insanları maraqlandıran, həyat və sosial yaşam səviyyələrinə təsir edən amillərlə bağlı çıxışlarının görünməsi arzuolunandır. Hər hansı bir məsələ ilə quruma müraciət etdikdə, bu istiqamətdə siqnallar aldıqlarını və hazırda onları öyrəndiklərini bildirirlər. Sözügedən agentlik cəmiyyətdəki proseslərdə irəlidə deyil, prosesləri öndən izləmir. Lakin insanlara diskomfort yaşadan monopol halların qarşısı mütləq şəkildə alınmalıdır”.

Ekspert bu istiqamətdə xarici dövlətlərdəki vəziyyət və qiymət aralığının nəzərə alınmalı, müqayisə edilməli olduğunu deyib:

“Məsul dövlət agentliyi bazara yuxarıdan baxmalı, gedişatı öncədən görməlidir. Bu sahə üzrə maneələr aradan qaldırılmalı, sağlam rəqabət şəraiti yaradılmalıdır. Elə olmalıdır ki, nəticədə bazarda həm keyfiyyət yüksəlsin, həm də fəsadlarla üzləşməyək. Təəssüf ki, hələ bu istiqamətdə lazımı addımlar müşahidə edilmir. Nəticə etibarı ilə əksəriyyətin narazı olduğunu görürük. Xaricdən gətirilən malların bahalığı, monopoliyanın olduğu vurğulanır. Halbuki, xarici ölkələrdəki qiymətlərlə bağlı bu gün Azərbaycan KİV-lərində belə faktiki olaraq nə vizual, nə yazılı, nə də sənədləşdirilmiş konkret məlumatlar yayımlanmır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” .

Ayşən Mustafa
Globalinfo.az