Neft ölkələrinə tuşlanan öldürücü silah – ABŞ düyməyə niyə basmır?

Rusiya və Azərbaycanla Qərbin münasibətləri kifayət qədər kəskinləşib. Adətən ABŞ vaxtaşırı Türkiyə və Azərbaycanı, eləcə də Rusiyanı neytrallaşdırmaq, cəzalandırmaq üçün neftin qiyməti və dolların kursu ilə “oynayır”.

Bu qara metod 2014, 2015 və 2016-cı illərdə inaqdan çıxarılıb. Qərb indiki şəraitdə bu təcrübədən istifadə edə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, neft bazarında kifayət qədər dəyişikliklər baş verir:

“Bir və ya bir neçə oyunçunun bazarda qiymət tətbiq etmək, tarazlamaq, sövdələşmə yolu ilə hansısa göstəricinin üzərinə yönəltmək 21-ci əsrdə mümkün deyil.

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şaban

Çünki bazara çıxarılan neftin həcmi kifayət qədər artıb. Bir gündə 100 milyon barel neft hasil edilir. 30-40 il bundan qabaq hasil edilən neft isə bu göstəricidən 30-40 faiz az idi. Digər tərəfdən bazarda yeni texnologiyalar hesabına çıxarılan neftin həcmi kifayət qədər artıb. Loqistika çox inkişaf edib. Monopoliya yaratmaq mümkün deyil. Bu baxımdan Rusiyaya qarşı tətbiq edilən, hətta dünya tarixində bu günə qədər görülməmiş iqtisadi sanksiyalar belə “Rusiyanı diz üstə çökdürmək, neft gəlirlərindən məhrum etmək” kimi planları reallaşdıra bilmədi. Amerika istəyir ki, Yaxın Şərq ölkələrini cəzalandırsın. Bu isə reallıqla uzlaşmır. Məsələn, ABŞ neft həcmini bir milyon barel artırdı. Əvvəl gündə 12 milyon barel neft istehsal edirdi, indi 13.2 milyon barel hasil edir. Lakin neftin qiymətində 1998-2008-2016-cı illərdəki kimi aşağı enmələr müşahidə edilmir. Bir il ərzində neftin qiymətində 18 faiz azalma oldu. Digər tərəfdən ilin əvvəlində neftin qiyməti 79 dollarla başlamış, bəzi günlər 80-84 dollar təşkil etsə də hazırda 10 faiz aşağıdır. Bu, bazarda normal hadisədir. Bazarda kifayət qədər həcmlər var. Bu həcmlər istehsalçı və istehlakçı arasında tarazlığı qoruyub saxlayır.

O ki qaldı dolların kursunun avroya nisbətdə dəyişməsi məsələsinə, əslində burada böyük dəyişiklik yoxdur.

2021-ci ildə 1.05-ə qədər dollar bahalaşmışdı. Dolların bahalaşması, avronun ucuzlaşmasının da obyektiv səbəbləri var. Avropa məkanı iqtisadi artım baxımından ABŞ iqtisadiyyatı ilə müqayisədə daha aşağı templə inkişaf edir. Bəzi ölkələrdə və Almaniyada 2023-cü ilin yekunlarında bu azalma -0.3 oldu. Geriləməyə çevrilib. İqtisadi lokomotivin Avropa məkanında sürəti azaldığından dollar bahalaşır. İqtisadiyyatları xammala bağlı olan ölkələrdə dollar bahalaşdıqda xammalın qiyməti azalacaq. Qiymətin azalması həmin ölkələrin iqtisadiyyatına ziyandır. Buna görə Amerikanı günahlandırmağa ehtiyac yoxdur. İqtisadiyyatı xammaldan asılı etməməklə problemin həllinə nail olmaq mümkündür”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, neftin qiymətinin ucuzlaşması Türkiyə üçün müsbət haldır:

Natiq Cəfərli

“Türkiyə iqtisadiyyatına baxdıqda görürük ki, 98 faiz nefti xaricdən alır. Neftin ucuzlaşması da iqtisadiyyata müsbət təsir edəcək. Amerika dünyada ən böyük neft istehsalçısıdır. Gündəlik 13.5 milyon barel neft hasil edir. Rusiyada bu göstərici 9 milyon bareldir. Neft ucuzlaşarsa, ABŞ özü-özünə zərbə vurmuş olacaq.

Manatın məzənnəsi inzibati qaydada tənzimlənir deyə dünyada gedən proseslərin, geosiyasi məsələlərin və birjadakı fəaliyyətin ona təsiri olmur. Manatın məzənnəsi hökumətin, Mərkəzi Bankın qərarından asılıdır. Bu il hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilmir. Buna heç ehtiyac da yoxdur. Lakin 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli üçün bu dəyişiklik istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az