Böyük dəyişikliyin ikinci addımı: Parlament seçkilərinə onlar da qatılacaq?

May-iyun aylarında Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi haqda məlumatlar yayılıb. Məlumat rəsmi şəkildə təkzib edilməyib. Ona görə də mövzu ətrafında müzakirələr getdikcə qızışır.

Son olaraq 2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış üzrə seçkilər keçirilib. Bu, müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri kimi yadda qalıb. Hazırda növbəti seçkilərin dəqiq hansı tarixdə keçiriləcəyi, Milli Məclisdə hansı yeniliklərin olacağı müzakirə edilir.

Keçən seçkilərdə iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib. Onlardan 1637 nəfər namizəd kimi qeydə alınıb. 237 nəfər namizədliyinin sonradan geri götürüb, 4 dairənin isə nəticələri ləğv edilib. Onlardan ikisi 80 saylı İmişli-Beyləqan və 35 saylı Xətai üçüncü seçki dairələridir.

Ötən seçkilərdə dairəsinin nəticələri ləğv edilən şəxslər bu dəfə seçkiyə qatılacaqlarmı?


Çingiz Qənizadə 

Milli Məclisin IV və V çağırış deputatı, VI çağırış üzrə 80 saylı İmişli-Beyləqan dairəsindən seçkilərdə iştirak etmiş Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Globalinfo.az-a açıqlamasında bildirib ki, bu il bir neçə seçkinin keçiriləcəyi ehtimal edilir:

“Həmçinin bəzi proqnozlara əsasən, referendumun, parlament seçkilərinin və bələdiyyət seçkilərinin keçiriləcəyi ehtimal olunur. Çünki parlament və bələdiyyə seçkilərinin konstitusiyaya uyğun olaraq bu il keçirilməsi nəzərdə tutulur. O cümlədən Cənubi Qafqazdakı yeni reallığa və geosiyasi vəziyyət, eyni zamanda Azərbaycan dövlətinin idarəçilik modelində görünən yeni təyinatlar nəzərə alınaraq daha çevik və operativ idarəçilik modellərinin tətbiqinin nəzərdə tutulduğunu demək mümkündür. Hesab edirəm ki, bununla bağlı konstitusiya dəyişikliyi olmalıdır ki, bu da referendumun keçirilməli olduğu mənasına gəlir”.

Ç.Qənizadə növbəti seçkilərdə parlamentinin say tərkibinin dəyişməsinin gözlənilən olduğunu deyib:

“Eyni zamanda parlamentin say tərkibinə də baxılmalıdır. Çünki 6,4 milyondan artıq seçicisi olan Azərbaycan, 1995-ci ildəki kimi deyil. O vaxt ölkədə 8 milyon əhali və 5 milyon seçici vardı. İndi isə əhali sayı 10, seçici sayı isə 6 milyondan çoxdur. Bunlar nəzərə alınaraq deputatların sayı da artırıla bilər. Konstitusiyada deputatların sayının 125 olduğuna dair göstəriş var. Amma bu, Azərbaycanda əhalinin sayının daha az olduğu dövrü əhatə edirdi. Hesab edirəm ki, bu məsələ, proporsional seçki sistemi kimi məsələlərə baxıla bilər”.

“Mən parlament seçkiləri zamanı IV və V çağırışda müstəqil idim, öz namizədliyimi irəli sürürdüm. Lakin 2021-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Parlament seçkilərində iştirakım partiyanın qərarı ilə ola bilər. Əgər partiya məsləhət bilərsə, seçkilərə qatılacağam”, – Ç.Qənizadə bildirib.

İqbal Ağazadə 

Milli Məclisin II, III və IV çağırış deputatı, son parlament seçkilərində 35 saylı Xətai III seçki dairəsindən iştirak edən Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a açıqlamasında bildirib ki, partiya növbəti seçkilərə qatılacaq:

“Bütün siyasi partiyalar seçkilərdə iştirak barədə düşünür. Biz həmçinin prezident seçkilərdində də iştirak etdik və İlham Əliyevi dəstəklədik. Parlament seçkilərində də partiya olaraq mütləq iştirak edəcəyik. Amma iştirakın forması, neçə namizədlə hansı dairələrdən qatılmaq kimi məsələləri seçki haqqında qərar verildikdən sonra partiyanın səlahiyyətli qurumları qərarlaşdıracaqlar. Daha sonra isə partiyanın mövqeyi açıqlanacaq”.

Ayşən Mustafa
Globalinfo.az