Bakı və Sumqayıtda bu yanğınlar niyə baş verdi? – Təxribat, yoxsa?..

Son vaxtlar paytaxt Bakıda bir-birinin ardınca yanğın və partlayış halları baş verir. Yanvarın 9-da Respublika Perinatal Mərkəzdə baş vermiş yanğında 4 körpə həyatını itirib, bir neçə şəxs isə xəsarət alıb. 13-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da yanğın oldu. Yanvarın 15-də isə Binəqədidə mebel sexində partlayışla müşayiət olunan yanğın oldu. Nəticədə 9 nəfər həyatını itirdi, 24 nəfər xəsarət aldı.

Son günlər Sumqayıt şəhərində də ard-arda iki yanğın və partlayış hadisəsi yaşandı. Sonuncu belə hadisə yanvarın 17-də axşam saatlarında oldu. Texniki Kollecin yataqxanasında üçlü yanğın baş verdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, baş verən yanğın və partlayışlar insan itkisi və obyektlərə ziyan dəyməsi ilə nəticələnir:

Arzu Nağıyev

“Biznes fəaliyyəti ilə məşğul olanlar da ciddi itki verir. Təhlükəsizlik məsələsi çox bahalı bir məsələdir. Lakin vaxtında bu vəsait ayrılmalıdır ki, sonradan ciddi fəsad verməsin. Son hadisələrlə bağlı cinayət işi qaldırılıb. Hər bir cinayət işində olduğu kimi obyektiv və subyektiv səbəblər, qəsd, yaxud ehtiyatsızlıq səbəbindən qaynaqlanıb-qaynaqlanmadığı araşdırılacaq. Təhlükəsizlik məsələlərinə cavabdeh şəxslər müəssisələrdə bu mövzulara ciddi yanaşmalıdırlar. Havaların soyuq keçməsi ilə bağlı olaraq bir sıra elektrik qurğuları və digərlərindən normadan artıq istifadə də bu hallara səbəb olur.

Obyektlərin həqiqətən də təxribata uyğun olması məsələsi də aydınlaşdırılmalıdır. Çünki elə obyektlər var ki, düşmənin xüsusi xidmət orqanları üçün ciddi əhəmiyyət kəsb edə bilər. Lakin mövcud obyektlər o qəbildən hesab edilmir. Müəyyən qarışıqlıq yaratmaq üçün həmin fikirlər səsləndirilsə də burada təxribatdan söhbət gedə bilməz. Səhlənkarlıq və öz işinə məsuliyyətsiz yanaşma əsas səbəblərdəndir. FHN peşəsinin öhdəsindən gəlib bir sıra insan itkisinin qarşısını almağı bacardı. Digər qurumlar da bu istiqamətdə addımlar atırlar”.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev isə insanların hansı məsələdə tədbirli olmasına diqqət çəkib:

Orxan Musayev

“Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarının təşkili və təmin olunan qaydalara riayət olunması bilavasitə müəssisə rəhbərliyinin öhdəliyidir. Məsuliyyəti də onlar daşıyır. Hadisələrin baş verməsinə səbəb, əksər hallarda qaydalarda biganəlik, insanların səhlənkarlığı və bir çox hallarda məlumatsızlıqdır. İnsanlar qaydaları bilmədiyi üçün bu kimi bədbəxt hadisələrlə üzləşirlər. Çox vaxt isə müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarının tələbləri əsasında heç bir iş görülmədiyi üçün baş verən yanğın hadisəsinin qarşısını almaq mümkün olmur. Yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən tədbirlər görülməlidir. Müəssisədə insanların sağlam və təhlükəsiz köçürülməsi üçün köçürülmə planları hazırlanmalıdır. Müəssisə işçiləri yanğın təhlükəsizliyi ilə bağlı işə qəbul edilərkən dövrü və praktiki nəzəri təlimlərdən keçirilməlidirlər. Könüllü yanğınsöndürmə müəssisələri yaradılmalıdır. Yanğın siqnalizasiya sistemləri aktiv, od söndürən balonlar işlək vəziyyətdə olmalıdır. Həmin balonlar əlverişli yerlərdə, 1.2-1.5 metr məsafə arasında tam maneəsiz yerləşdirilməlidir. İldə bir dəfə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ciddi şəkildə yoxlama aparılmalıdır, müəssisələrə heç bir güzəşt olunmamalıdır. Çünki bu güzəştlərin arxa fonunda obyektə, insan sağlamlığına ziyan dəyir. Elektrik naqilləri ildə 1 dəfə lisenziyalaşmış təşkilatlar tərəfindən müayinədən keçirilməlidir. Çünki çox vaxt yanğınlar elektrik naqillərində olan nasazlıq səbəbindən baş verir”.

Safura Bənnayeva
Globalinfo.az