Netanyahu sərt danışdı: “Dünyada heç bir qüvvə…”

“Dünyada heç bir qüvvə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin mümkün qərarı İsraili Qəzza müharibəsindən və Misirlə sərhəddə yerləşən Rafah şəhərində hərbi əməliyyatlar keçirməsi fikrindən döndərə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin netanyahu deyib.

“Bizə bunu etməyə mane olan çoxlu qüvvələr var. Onlara başqa bir qüvvə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi də qoşulub. Bu məhkəmənin İsrail dövləti üzərində heç bir səlahiyyəti yoxdur. Onun İsrail ordusunun komandirləri və dövlət liderləri haqda həbs orderi verməsi tarixi qalmaqal yarada bilər. Bu, beynəlxalq hüququn normaları çərçivəsində varlığı üçün mübarizə aparan demokratik ölkənin hərbi cinayətlərdə ittiham olunduğu ilk hal kimi tarixə düşəcək”.

Netanyahu bildirib ki, İsrail dünyanın bütün demokratik ölkələrinin bu qalmaqallı addıma qəti şəkildə qarşı çıxacağını gözləyir.

“İsrail gözləyir ki, dünya liderləri mənəvi və tarixi iflasa səbəb olacaq bu təhlükəli addımın qarşısını almaq üçün öz nüfuzlarından və əllərində olan bütün vasitələrdən istifadə edəcəklər”, – Netanyahu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az