Cermuk planı: Azərbaycanı hücuma məcbur etmək istəyirlər – Ovannisyan

“Azərbaycanın Tavuşun (Qazaxın işğal altındakı kəndləri – red.) təhvil verilməli olan 4 kəndi istiqamətində hücuma keçmək üçün qanuni əsası var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, müxalifətin Azərbaycanla delimitasiya prosesinin Cermuk istiqamətində başlaması ilə bağlı təklifinin xüsusi məqsədi var:

“Bizə deyirlər ki, prosesi Tavuşdan yox, Cermukdan başlayaq. Müxalifətin planı belədir: Azərbaycan həmin 4 kənd istiqamətində hücuma keçsin, onlar “xilaskarlar”ı, çağırsınlar, bölgədə sülhməramlı qismində ruslar yerləşdirilsin. Müxalifət sadəcə rus sülhməramlılarını yerləşdirməyə məkan axtarır. Lakin demarkasiya edilmiş sərhədə malik olmaq bizim üçün eskalasiya riskini maksimum şəkildə azaldacaq”.

Ayşən Mustafa
Globalinfo.az