Casus şəbəkələri belə aşkarlanır və zərərsizləşdirilir – Detallar

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. O, “Merkorama” özəl şirkətinin rəhbərlərindən Martin Ryandır.

Xarici şirkətlərdə xeyli xüsusi xidmət agentinin çalışdığı sirr və yenilik deyil. Bunun qarşısını almaq mümkün olmur. Çünki proses qarşılıqlı şəkildə həyata keçirilir. Bütün dövlətlər agentlərini başqa ölkələrə müxtəlif adlarla yerləşdirirlər.

Maraqlıdır, hansı hallarda agentlər özlərini bəlli edirlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, hər bir xüsusi xidmət orqanının leqal və qeyri-leqal agentura şəbəkəsi mövcuddur:

“Səfirlik səviyyəsində müxtəlif diplomatik pərdələr altında fəaliyyət göstərən, fərqli vəzifələrdə işləyən kəşfiyyatçılar da var. Onların işlədiyi müəyyən rezidentlər olur. Rezidentlər də bir sıra agentura şəbəkələri ilə əlaqədədir.

Arzu Nağıyev

Leqal və qeyri-leqal fəaliyyət göstərən agentura şəbəkələrinin qarşısına müəyyən məsələlər qoyulur. Belə ki, bəziləri açıq mənbələrdən məlumat toplayır və onun əsasında müvafiq arayışlar hazırlayaraq öz dövlətlərinin xüsusi xidmət orqanlarına ötürürlər. Digər tərəfdən isə agentura şəbəkəsi vasitəsilə müxtəlif şirkətlərdən, dini qurumlardan ölkələri üçün lazım olan iqtisadi, siyasi, hərbi, dini və mədəni məlumatları toplamaqla məşğuldurlar. Casus şəbəkələri də hər bir ölkənin təhlükəsizliyinə təhdid olacaq məlumatlar əldə edirlər. Onların əvvəlcədən topladığı məlumatların nə qədər qüvvətli olmasını öyrənmək və ölkəmizə zərbə vuracaq addımların atılmasının qarşısını almaq üçün xüsusi xidmət orqanları müəyyən tədbirlər həyata keçirir. Casus şəbəkələri nəzarətdə saxlanılır. Qırmızı xətti keçdikləri an müvafiq qərarlar qəbul olunur. Səfirlikdə pərdəarxası çalışanların diplomatik toxunulmazlığı olduğu üçün onlar persona non-grata elan olunaraq ölkədən qovulurlar”.

Deputatın fikrincə, Fransa casusu haqqındakı qərar da sadalanan səbəblər üçün qəbul olunub:

“Xüsusi xidmət orqanlarının aşkarlama, xəbərdarlıq etmə və qarşısını alma prinsipi var. Həmin casus şəbəkələri aşkarlandıqdan sonra müəyyən xəbərdarlıq edilir və ölkə əleyhinə hər hansı addımın atılmasının qarşısını almaq üçün hərəkətə keçirilir”.

Safura Bənnayeva
Globalinfo.az