Başkənd məsələsi necə həll ediləcək? – 3 mühüm TƏKLİF

Deputat Rasim Musabəyovun Başkəndlə bağlı dedikləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Deputat sərt ictimai tənqidə məruz qalıb. Xüsusilə onun fikirləri gələcəkdə sanki “mübadilə” olacaqmış kimi təəssürat yaradıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Gədəbəy rayonunda yerləşən Başkəndin ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi prinsiplərinə ziddir:

Aqşin Kərimov

“Başkəndin strateji əhəmiyyətinin olmaması fikri isə ya naşılıq əlamətidir, ya da qəsdən ortaya atılmış fikirdir.

Başkənd həmin istiqamətdə Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artırmaq imkanları verir.

Ümumilikdə isə Başkəndi Ermənistana az qala hədiyyə etmək təklifi Azərbaycanın qalibiyyət rejimindəki geosiyasi genişlənməsinə zidd açıqlamadır.

Bu fikrin müdafiəsi müharibədə və ondan sonrakı dövrlərdə böyük taktiki və strateji aktivlərə yiyələnən Azərbaycanın qalibiyyətinə uyğun olmayan təslimçi bir mövqedir”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin nə zaman qaytarılacağı mövzusu aktuallaşıb:

Elxan Şahinoğlu

“Bu arada, ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb. Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər.

Əslində bunda problem yoxdur, onsuz da qısa müddətdə iki ölkə arasında sərhədin tamamının müəyyənləşdirilməsi mümkün olmayacaq. Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir”.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra “anklavlar məsələsi necə həll ediləcək” sualı aktuallaşıb, xüsusilə bizim üçün “Başkəndin taleyi necə olacaq” məsələsi vacibdir:
“Anklavların qaytarılmasında iki problemli məqam var.

Asif Nərimanlı

Birincisi, Qazaxın anklav olan üç kəndinin (Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) və Sədərək rayonunun Kərki kəndinin qaytarılması üçün dəhlizlərə ehtiyac var. Azərbaycan və Ermənistan cəmiyyəti arasında etimad mühitinin olmadığını nəzərə alsaq, cari dövrdə belə dəhlizlərin açılması təhlükəsizliyin üçüncü qüvvə tərəfindən təmin edilməsi zərurətini yaradır. Nə Bakı, nə də İrəvan bunda maraqlı deyil.

İkincisi, Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsidir. Halbuki, Başkənd Azərbaycan torpağıdır və SSRİ dövründə digər ərazilərimiz kimi “otlaq və əkin sahəsi” adı altında ermənilərə bağışlanıb. Digər tərəfdən, bu kəndin strateji əhəmiyyəti onun qaytarılmasının Azərbaycana təkcə coğrafi yox, hərbi baxımdan da itkilər vəd edir.

Bu vəziyyət “anklavlar məsələsi necə həll edilməlidir” sualını ön plana çıxarır.

Həll yollarından biri “barterin” edilməsidir (Başkənd bizdə qalır, Qazaxın üç kəndi və Kərki ermənilərdə). Ermənistan bunda maraqlıdır, Paşinyan dəhlizlər məsələsinin çətinliyini əsas gətirərək bu təkliflə çıxış etmişdi. Lakin məsələ təkcə “dəhliz çətinliyi” ilə məhdudlaşmır.

Bu baxımdan, anklavlar məsələsinin sonrakı dövrə saxlanılması daha məqbul variantlardan biri kimi görünür. Bunun üçün Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında qəbul edilən Alma-Ata bəyannaməsi – İrəvanın istədiyi “Sərhəd SSRİ dağılanda mövcud xətlər üzrə çəkilsin” prinsipi sərhədin digər hissələrinin delimitasiyasında əsas götürülməməlidir”.

Turan Rzayev
Globalinfo.az