İsa Qəmbər Müsavatda nəyi dəyişəcək? – Açıqlama

Müsavat Partiyası may ayının 4-də növbəti ali toplantısını keçirəcək. Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə daha iki nəfər – Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubeyin namizədliyi irəli sürülmüşdü. Məlumata görə, İsa Qəmbərin Müsavat Partiyasının başqan vəzifəsinə namizədliyini irəli sürməsi səbəbindən Osman Kazımov başqanlıq uğrunda mübarizədən geri çəkilib. 

İsa Qəmbərin dönüşü partiyanı və müxalifəti dirçəldəcəkmi?

Novella Cəfəroğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, İsa Qəmbərin namizədliyinin irəli sürülməsi onu sevindirib:

“Çox güman ki, Müsavat Partiyasının yeni başqanı o seçiləcək. İsa bəy Müsavatı yenidən dirçəldəcək. Fərqli yanaşma ortaya qoyacaq. Nəzərə alaq ki, Müsavat ən güclü müxalifət partiyalarından biridir”.

N.Cəfəroğlu Osman Kazımovun başqanlıq uğrunda mübarizədən geri çəkilməsinə də münasibət bildirib:

“Demokratik seçkilərdir. Kim istəsə öz gücünü göstərə bilər. İsa Qəmbərin qalib olacağına əminəm. Lakin yaxşı olar ki, digər namizədlər də öz şanslarını sınasın. Növbəti qurultayda daha böyük şans əldə edə bilərlər.

Ümumiyyətlə, seçkilərdə hər bir insan, siyasətçi neçə faiz səs toplamasından asılı olmayaraq öz gücünü sınamalıdır”.

Safura Bənnayeva

Globalinfo.az