Paşinyanın Parisdən açdığı “atəşə” Bakıdan sərrast cavab – Baş nazir başını itirib

Münhen görüşündən sonra Paşinyan yenidən destruktiv açıqlamalar ilə gündəmə gəlib. Belə ki, o, Fransanın “Frans 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı əsassız iddialar səsləndirib.

Paşinyanın bölgədə qəsdən gərginlik yaradaraq sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyan bu açıqlamaları nəyə hesablanıb? Xüsusilə də Almaniyada baş tutan üçlü görüşdən sonra bu açıqlamalar nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Paşinyan, Fransanın “Frans 24” telekanalına verdiyi müsahibədə, səsləndirdiyi fikirlərlə özünün “sülhpərvər” maskasını yırtmış oldu:

“Bəlli oldu ki, Ermənistanla Azərbaycan arasında bu vaxta qədər sülhün əldə olunmamasının əsas səbəbi rəsmi İrəvanın davranışlarıdır. Ermənistan sülh prosesini manipulyasiya edir. Nəticə etibarilə üç il yarımdan çoxdur ki, sülhdən danışılır, lakin təəssüf ki, rəsmi İrəvan hər gün fərqli ölkələrdən müxtəlif təyinatlı silah-sursat alıb arsenalını genişləndirir. Bu isə açıq-aşkar müharibəyə hazırlıqdır.

Hikmət Babaoğlu

Sonuncu dəfə Paşinyanın Fransaya, Fransa müdafiə nazirinin Ermənistana səfəri kontekstində baş tutan hadisələr arasında məntiqi əlaqə var. Belə ki, Fransa müdafiə naziri Ermənistanda ciddi açıqlamalar verdi. Bundan başqa Paris yeni nəsil silahları Ermənistana verir. Bu, iki ölkə arasında hərbi əməkdaşlığın dinamik olduğunu göstərir. Digər tərəfdən isə Paşinyan sülh prosesinə zərbə vuracaq açıqlamalar verir. Belə olan halda sülhdən danışmaq əbəsdir.

Rəsmi Bakı sülhdə israrlı deyil. Çünki biz öz istəyimizə çatmışıq – torpaqlarımızı işğaldan azad etmişik. Yəni mövcud reallıqlar fonunda sülh daha çox Ermənistana lazımdır. Ona görə də rəsmi Bakı sülhpərvər mövqe sərgiləyərək fevralın 17-də Münhendə üçtərəfli görüşün keçirilməsinə razılıq verdi. Düzdür, Ermənistan da bu addımı atdı, amma dərhal da fərqli mövqe sərgiləyərək qeyri-səmimi olduğunu göstərdi.

22 fevral 2024-cü il. Nikol Paşinyan “Frans 24” telekanalına müsahibə verir

Hesab edirəm, Paşinyanın “Frans 24” telekanalına verdiyi müsahibə Almaniya üçün də bir dərs olmalıdır. Çünki onun verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər həm də Münhen görüşünün prinsiplərinə ziddir. Bundan başqa Fransanın təhriki ilə Paşinyanın bunları dediyini nəzərə alsaq bu həm də Parisin Berlinə bir mesajıdır.

Azərbaycan sülh üçün bütün addımları atır, təşəbbüsləri müsbət dəyərləndirir. Lakin Ermənistanın sülhə yaxın durmaması, dediklərini təkzib etməsi Bakının da öz növbəsində bu cür təşəbbüslərə, görüşlərə daha məsafəli yanaşması ilə nəticələnəcək”.

Deputat Arzu Nağıyev isə Globalinfo-ya deyib ki, Paşinyanın Fransanın “Frans 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı əsassız iddialar səsləndirməsi, fevralın 17-də Münhendə baş tutan üçtərəfli görüşlə bağlı deyil:

Arzu Nağıyev

“Fransada keçirilən görüş sonrası Paşinyanın verdiyi açıqlamalar, habelə, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurduğunu elan etməsi Rusiyaya istiqamətlənmiş addımlar idi. Paris həm Türkiyənin, həm də Rusiyanın regiondakı təsirini azaltmağa çalışır. Bunun üçün isə Ermənistandan istifadə edir.
Məlumdur ki, Fransa Türkiyənin adını tez-tez çəkə bilmir. Çünki Türkiyə NATO üzvüdür. Buna görə də daha çox Paris Moskvanı hədəfə alır. Paşinyana gəldikdə isə o, Fransanın təkidi ilə konstitusiyada dəyişiklik etmir. Bu isə sülhün əldə edilməsinə ən böyük maneələrdəndir.

Məlumdur ki, Rusiya heç vaxt Ermənistanı tərk etməyəcək. Çünki Ermənistan Rusiya ilə NATO arasında bufer zonadır. Kreml bu vəziyyətin dəyişməsinə imkan verə bilməz. Kreml hətta buna görə Ermənistanda hakimiyyəti belə dəyişə bilər. Düşünürəm ki, Paşinyanın verdiyi bəyanatlar bundan bağlıdır”.

Turan Rzayev
Globalinfo.az