Azərbaycanı dünyada nümunəyə çevirən məqam: Bunun sirri nədədir?

Azərbaycanın dini və milli tolerantlıq nümunəsi dünyanın əksər ölkələrindən kəskin şəkildə fərqlənir və təqdir edilir. Fərqli dini inanclar, millərtlərin uzun müddətdir eyni torpaqda, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması, bərabərhüquqların təmin edilməsi ölkəmizi bütün dünyaya örnək olaraq dəyərləndirilir.

Müasir dövrdə belə öndəgələn dövlətlərdə dini və irqi ayrıseçkliyin olduğu, insanların və inancların təzyiqə məruz qaldığı bir zamanda bu amil Azərbaycanı ciddi şəkildə fərqləndirir. Məlumdur ki, hələ yüz illər öncədən bu torpaqlarda fərqli dinlər qəbul edilmiş, müxtəlif millətlər məskunlaşmış, dini ibadət mərkəzləri yaratmışlar. Bu abidlərin bəziləri hələ də qorunur və aktiv şəkildə fəaliyyətinə davam edir. Xüsusilə müstəqillik dövründə Azərbaycanda yaşayan müxtəlif millətlər arasında münasibətlərin inkişafına diqqət edilir.

Bu gün Azərbaycan ərazisində məskunlaşan müxtəlif xalqların nümayəndələri etnik mənsubiyyətlərindən asılı olmayaraq vahid bayraq altında birləşib, dostluq, qardaşlıq münasibətlərini inkişaf etdirir, vətəndaşlıq amilini ön plana çəkirlər.

Bəs ölkəmizdə millətlərarası münasibətlərin inkişaf dinamikası necədir? Dini və milli tolerantlıq nümunəsini digər ölkələrdən əsas hansı məqamlar fərqləndirir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda dini və milli etnik tolerantlıq xalqın həyat tərzidir:

 

Hikmət Babaoğlu

“Ölkəmizdəki multikultural mühiti digər dövlətlərdən fərqləndirən tariximizdən qaynaqlanan ümumi birgəyaşayış qaydalarını mənimsəməmiz və bu gün də yaşatmağı bacarmağımızdır. Bu çox mühüm hadisədir. Çünki çox mədəniyyətlilik və çox dinliliyi birgəyaşayış formasında həyat tərzinə çevirmək milli inkişafımızın əsaslarından birini təşkil edir.

Azərbaycanda dini dözümlülüyün tarixi əsaslarından biri də ondan ibarətdir ki, yaşadığımız coğrafiyada əcdadlarımız demək olar bütün səmavi dinləri tarixin müxtəlif dövrlərində mənimsəyərək onu yaşatmağı bacarıblar. Məlumdur ki, Şirvan, Dərbənd daxil olmaqla Xəzər İmperatorluğunun tərkibində yəhudilik, ilkin orta əsrlərdə isə xristianlıq dini mənimsənilib. O dövrlərdə yaşayan türk əcdadlarımız mühüm xristian məbədləri yaradıblar və orta əsrlərin sonuna qədər yaşadıblar. Bu gün də həmin alban xristian abidələri bizə miras qalıb. Nəhayət, Azərbaycan VII əsrdə İslamı mənimsədi. Beləliklə, bu gün ölkəmizdə üç səmavi dinin birlikdə yaşaması ənənəsi formalaşdırılıb”.

Deputat qeyd edib ki, bu dəyəri tarix boyu Azərbaycan xalqı formalaşdırıb:

“Ona görə də heç kim bu gün Azərbaycanda hansısa dini-irqi dözümsüzlüyün olduğunu iddia edə bilməz. Çünki bizim həyat tərzimiz, tarixi yaddaşımız və milli genetik xüsusiyyətlərimiz bunu rədd edir. Biz Azərbaycan xalqı olaraq birgəyaşayışın, dini dözümlülüyün, tolerantlığın dünyada ən gözəl nümunələrini yaratmışıq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Ayşən Mustafa
Globalinfo.az