10 min manatlıq həcc ziyarəti ortalığı qarışdırdı: “Adamın gözünü çıxararlar”

Artıq həcc ziyarətinə start verilib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 dollar (9945 manat) təşkil edir. Bu da ictimaiyyətdə növbəti dəfə müzakirə, hətta mübahisələrə səbəb olub. “Bu qədər pulla savab işlər görmək olardı” deyirlər. İnsanların inancına belə müdaxilə yolveriləndirmi?

Digər bir sual: 10 min manat verib, həcc ziyarətinə getmək bu qədərmi vacibdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, insanların inancına bu dərəcədə müdaxilə etmək yanlışdır.

Onun sözlərinə görə, əgər bir şəxs hansısa ritualı həyata keçirmək istəyirsə, bunu qınaq obyektinə çevirmək doğru deyil:

Fazil Mustafa

“Belə bir motiv də gətirə bilərik ki, yeni il şənliyinə kimsə bilet alıb gedib hansısa xarici ölkədə keçirir və 50-100 min manat pul xərcləyir. Dəyərmi? Yox! Amma bu, yenə də insanın yaşam tərzi ilə bağlı bir seçimidir. Həm də dinin mahiyyəti ilə bağlı məsələyə yanaşma bu cürdür ki, həcc ziyarəti imkanı çatan şəxslər üçün nəzərdə tutulan bir ritualdır. İmkanı olmayan birinin bunun üçün borc alıb ziyarətə getməyi məqbul sayılmır. Bizdə isə təəssüf ki, sıxıntı içində olan adam da həmin borcu yerinə yetirməyi düşünür. O da insanlar tərəfindən bir az doğru anlaşılmır. Bütövlükdə isə insanın inancı ilə bağlı məsələ olduğuna görə, bunu bu formada müzakirə etmək doğru deyil”.

Deputat deyib ki, yaxşı olar insanlar daha çox dinin ziyarət, ritual tərəfini yox, əxlaq tərəfini həyatlarında tətbiq etsinlər:

“Əxlaq tərəfi düşünülsə idi o zaman hansısa bir “Hacı” və ya “namaz qılan” titulu daşıyan obrazdan daha çox “xeyirli insan” adını özündə cəmləşdirən obraz kimi qəbul olunardı. Bizdə təəssüf ki, bu kateqoriyadan olan inanclı insanların içində fərqli düşünənlər, fərqli yanaşanlar kifayət qədərdir”.

Sosioloq Əhməd Qəşəmoğlu deyib ki, cəmiyyətdə qıcığın yaranması təbii haldır:

Əhməd Qəşəmoğlu

“Əslində, hələ uşaqlıqdan eşitmişəm və bilirəm ki, həcc ziyarətinə o adam gedər ki, onun heç kimə borcu olmaz, işləri qaydasında olar, qonşularında da ac olan kəslərə kömək edər. Bununla bağlı xeyli rəvayətlər, hədislər var. Öz ətrafında güzəranı çətin olan insanlara kömək etməyin özü də həcc ziyarətinə getmək kimi bir şeydir. Elə insanlar da var ki, ziyarətə getməyib, amma xeyirxah işlərlə məşğul olurlar deyə, sanki Kəbəni ziyarət ediblər. İnsanların çoxu həccə getməzdən əvvəl elə fəaliyyətlə məşğul olur ki, camaat da onun qazandığı pulun dinin tələb etdiyi kimi halal olmadığını, ətrafında da xeyli ağır vəziyyətdə olan insanlar var ikən heç bir kömək etmədiyini bilir və qınayırlar. İnsanlar müxtəlif olur. Məsələn, elə adamlar da var ki, həcc ziyarətinə şöhrət xətrinə gedir. Yəni gələndən sonra ona “Həci” desinlər. Bəziləri isə ümumiyyətlə, ziyarətdən qayıtdıqdan sonra elə işlərlə məşğul olur ki, onun davranışı həcc titulunu hörmətdən salır. Belə hallara görə də, artıq bir çoxları oralara müqəddəs yer kimi baxmır. Qınaq və müzakirələrin əsl səbəbi budur. Adam da var 20 dəfə həcc ziyarətində olub”.

Sosioloq həcc ziyarətinə getmək üçün tələb olunan məbləğin çox olduğunu deyib:

“10 min manat az pul deyil. Həmin pulu verib neçə insana kömək etmək olar. Sirr deyil ki, ətrafımızda nə qədər ehtiyaclı insanlar var. Bu səbəbdən də ictimai qınaq var. “Həci” titulunu qazanmaq istəyənlər ziyarətə getməkdənsə, daha savab iş görə bilərlər”.

Siyasi şərhçi Kənan Rövşənoğlu isə deyib ki, hamı zəvvarların pulunu hesablayır:

Kənan Rövşənoğlu

“Başqasının pulunu hara xərcləməklə bağlı haqq-hesab aparırlar. Uzun illər həcc ziyarətinin qiymətinin baha olması barədə yazan biri olaraq yenə də o fikirdəyəm ki, qiymətləri nisbətən ucuz etmək olar və lazımdır. Amma bu o demək deyil ki, yerindən qalxan camaatın şəxsi seçimi və inanc azadlığına burnunu soxa bilər. Əvvəla, bu, dini ziyarətdir, ibadətdir, hər kəsin seçimi var, özü bilər nə qədər xərcləyər. Ona qalsa 2023-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda içki və siqaretə 1 milyard 959,6 milyon manat pul xərclənib. Kiməsə gedib deyə bilərsiniz ki, sən içmə, çəkmə, ver biz xərcləyək? Basıb gözünüzü çıxarar”.

K.Rövşənoğlu hər il istirahətə gedənlərlə həcc ziyarətinə gedənləri müqayisə edib:

“İldə on minlərlə insan Türkiyə, Misir, Monteneqro, İspaniya, Fransa və digər ölkələrə gedir. Həccə isə cəmisi 1500 adam gedir. Əlbəttə, insanlar yardımı içki içən, nə bilim, İspaniyada dincələndən deyil, dindardan gözləyir. Bu da normaldır, belə də olmalıdır. Çünki xeyirxahlıq dinin tələbidir. Amma bu o demək deyil ki, sən dindarın həyatına müdaxilə edib, onun vacib ehtiyaclarına da qarışasan. Bir az fərdlərin seçiminə, inancına ehtiramla yanaşmaq lazımdır. Bu, elementar insanlıq qaydasıdır”.

Zaira Akifqızı
Globalinfo.az