QHT-lər və ictimai şuralarla bağlı siyasət dəyişir – Radikal islahatlar başlayır

Azərbaycanda 4000-ə yaxın QHT dövlət qeydiyyatından keçsə də, onların əksəriyyətinin varlığı barədə ictimaiyyət məlumatsızdır. Fəaliyyətdə olan QHT-lərin sayı rəsmi göstəricilərdən xeyli azdır.

Lakin son illərdə ölkədə aparılan islahatlar QHT sektorunu da əhatə edir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəffaflığın, obyektivliyin təmin olunması üçün aparılan genişmiqyaslı işlər göz önündədir.

Dövlət ictimai şuralarla bağlı da radikal addımlara hazırlaşır. Bundan başqa QHT sektoruna olan son hücumların arxasında bəzi məmurların dayandığı iddiaları var. Ən əsas məsələlərdən biri isə budur ki, “İctimai iştirakçılıq haqqında Qanun”na dəyişikliklər edilməsi gözlənilir.

Prezident İlham Əliyev də inauqurasiya mərasimində Azərbaycanda vətəndaş cəmiyyəti institutu ilə bağlı ayrıca tezislər irəli sürmüş, bu məsələnin vacibliyini qeyd etmişdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, Azərbaycanda İctimai iştirakçılıq haqda qanun qəbul edilib:

“İctimai iştirakçılığın formalarından biri də ictimai şuraların yaradılmasıdır. Söhbət həm mərkəzi idarəetmə qurumlarında, həm də yerli idarəetmə qurumlarında ictimai şuraların yaradılmasından gedir.

Radikal addımlar deyəndə bir qanun qəbul edilir və müəyyən müddət sonra onun praktikada işləmə mexanizmlərinə baxırıq. Praktikada müəyyən qədər rastlaşdığımız problemlər onun dəyişməsinə zərurət yaradır.

Biz görürük ki, 200 qurumun yanından ictimai şuralar var. Bunlardan 50-də bir nəfər bir neçə ictimai şuranın üzvü olur. Düzdür, qanunla bu qadağan edilməsə də praktikada görürük ki, fəaliyyətdə problemlər yaranır.

Bu gün ictimai şuraların müəyyən problemləri var. Resursların təmin edilməsi, ictimai şuraların fəaliyyətinin tənzimlənməsi, qanunvericilikdə irəli gələn monitorinq funksiyasının həyata keçirilməsi və s. Bu, qanunun müəyyən dəyişiklik edilməsini labüd edir.

Bu gün praktikada kifayət qədər uğurlu ictimai şuralar da var. Amma təəssüf ki, formal xarakter daşıyan ictimai şuralar da az deyil. Əlbəttə ki, dövlət də ictimai şuraların ictimai nəzarət funksiyasını nəzərə alır. Xüsusilə cənab Prezidentin ictimai iştirakçılıq çağırışı qanun dəyişikliyini labüd edir”.

Günel Səfərova deyib ki, vətəndaş cəmiyyətinin cənab Prezident tərəfindən qeyd edilməsi çox əhəmiyyətlidir. Bu onu göstərir ki, vətəndaş cəmiyyəti subyektləri keyfiyyətli iş mərhələsinə qədəm qoyub:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması neqativ halların aradan qaldırılması baxımından vacibdir. Artıq statistik rəqəmlərə baxılır və fəaliyyətsiz QHT-lərin çox olması müəyyən edilir. Bu sahədə şəffaflıq artırılacaq. Bu yeni baxış mənzərəsidir. Sonra bir ildə proses sürətlənib.

Bu gün QHT-lər həm də Azərbaycana qarşı neqativ mövqelərə qarşı çıxır, ölkəmizi beynəlxalq arenada təmsil edirlər. Vətəndaş cəmiyyətində gedən yeni reallıqları izləyirlər. Biz yeni reallığa qədəm qoyuruq, vətəndaş cəmiyyəti bunu izləməlidir. Son baş verənlər vətəndaş cəmiyyətində, ictimai şuralarda yenilənmələr aydın siyasi iradənin göstəricisidir”.

Turan Rzayev
Globalinfo.az