“Fransa ilə Azərbaycan arasında soyuq münasibətlər mövcuddur. Münasibətlərin hazırkı vəziyyətə gəlməsinin günahkarı rəsmi Parisdir”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Fransa səfiri Ann Buayonun Azərbaycana qayıtmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa səfiri Ann Buayon məsləhətləşmələr üçün ölkəsinə çağırılmışdı:
“Yəni onun geri qayıdacağı bəlli idi. Səfirin vəzifə başına qayıtması, işlərinə davam etməsinin şahidi oluruq. Bu da təbii bir prosesdir. Yəni səfirlə müvafiq məsləhətləşmələr edilib və Bakı ilə Paris arasındakı gərginliyin aradan qalxması üçün əlindən gələni etməsi tapşırılıb.
Azərbaycan öz milli maraqları çərçivəsində addımlar atır. Bakı maraqlarından geri durmur və Parisə yeri gəldikdə sözünü deyir. Azərbaycan heç bir halda Fransa ilə gərginlikdə maraqlı deyil. Ümumiyyətlə biz sona kimi təmkinli olduq, lakin Parisin sərgilədiyi destruktiv mövqe gərginliyi artırdı və münasibətləri pisləşdirdi.
Fransa sanki üzərinə dünya ermənilərini qorumaq missiyası götürüb. Bəzən belə təəssürat yaranır ki, Parisin bəyanatlarının müəllifi Ermənistandır. Ona görə də Fransa çoxdan neytral statusunu itirib. Bu, Fransanın özünün maraqlarına zərbədir.
O ki qaldı Bakı ilə Parisin münasibətlərinin normallaşmasına, deyə bilərəm ki, bunu zaman göstərəcək. Fransa mövqeyini dəyişməsə, Bakı da addım atmayacaq”.
Turan Rzayev
Globalinfo.az