Balkan yarımadasındakı qığılcım Abşeron yarımadasına düşə bilərmi? – Qorxunc Belqrad ssenarisi

Serbiyada baş verən siyasi proseslər Cənubi Qafqaz üçün də mühüm və vacibdir. Çünki hazırda Belqradın içərisində olduğu siyasi vəziyyətin Azərbaycanda da baş verməsi üçün müxtəlif vaxtlarda cəhdlər olub.

Aİ, ABŞ və s. ölkəmizdə neçə illərdir ki, rəngli inqilab ssenarilərini sınaqdan keçirir. Cin Şarp, Soros, Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri olmuş Aleks Qriqorievs və başqa bu kimi inqilab fabrikatorlarının müxtəlif inqilab oyunları Azərbaycanda alınmadı. Paraleldə son 1 aydır Qərbin nəzarətində və təsirində olan bir çox aktvistin saxlanması xəbərlərini izləyirik. Bu həbslərin səbəbsiz olmadığı da aydındır.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, Serbiyada baş verən hadisələrin arxasında kollektiv Qərbin xüsusi xidmət orqanlarının dayandığı qətiyyən şübhə doğurmur:

“Çünki bu ölkədə hazırda əhalinin kütləvi etirazına səbəb ola biləcək heç bir amil yoxdur. Serbiyadakı hazırkı sosial-iqtisadi durum Titonun hakimiyyəti dövründən üzü bu yana ən yaxşı vəziyyət hesab olunur. Yaşayış səviyyəsi də əvvəlki illərlə müqayisədə yüksəkdir. Məsələnin siyasi tərəfidə gəldikdə isə əhalinin əhəmiyyətli hissəsinin Prezident Aleksandr Vuçiçi dəstəklədiyi reallıqdır və seçkilərdə Vuçiçin partiyasının qalib gələcəyi gözlənilirdi. Yəni 47% səs real göstəricidir.

Qərbin marionet müxalifətinin, yalnız paytaxt Belqradda seçkilərin nəticələrinə etiraz etməsi də sübuta yetirir ki, “seçkilərin nəticələrinin saxtalaşdırılması” ilə bağlı iddialar, sadəcə bəhanədir və əsas hədəf Belqradda “avromeydan” yaratmaqdan, kollektiv Qərbin tələblərinə boyun əyməyən prezident Vuçiçi devirməyə cəhd göstərməkdən ibarətdir. Qeyd edim ki, Serbiya prezidenti hələ seçkilərdən xeyli öncə dövlət çevrilişinə cəhd ediləcəyi barədə xəbərdarlıq etmişdi və həmin dövrdə Qərbin media resursları Vuçiçin xəbərdarlığını siyasi gediş kimi qiymətləndirməyə çalışırdılar”.

Politoloq deyib ki, ixtişaşların ssenarisinin Gürcüstanda və Ukraynada həyata keçirilən “rəngli inqilab” ssenarilərinə bənzəməsi, parlamentin binasının ələ keçirilməsi, alternativ hakimiyyət strukturlarının formalaşmasına cəhd göstərilməsi prosesin eyni mərkəzdən idarə olundu barədə qənaətə gəlmək üçün şübhə yeri qoymur:

“Qərbin NATO-ya yaxın müxalifətin vahid bloku ilə yanaşı, Serbiya prezidenti Aleksandr Vuçiçin devrilməsində iştirak etmək üçün daha bir neçə ifrat sağçı hərəkatı bir araya gətirməyə çalışması barədə faktlar, hadisələrin seçkilərdən xeyli öncə planlaşdırıldığını söyləməyə əsas verir. Maraqlı məqamlardan biri də Qərb mediasının seçkilərdən əvvəlki gecə Vuçiçin “küçədə devriləcəyi” barədə məlumat yaymasıdır. Lakin Qərbin hesablamalarında yanlışlıq olduğu açıq-aşkar görünür. Viçiçin reytinqi yüksəkdir, dövlət, hakimiyyət güclüdür. Ən əsası isə Vuçiç Yanukoviç deyil”.

Elçin Mirzəbəyli

Prosesin Azərbaycana sıçramaq ehtimalına gəldikdə isə, politoloq deyib ki, buna hər zaman cəhdlər olub və bundan sonra da olacağı gözləniləndir:

“Amma bu ən yaxşı halda, Qərbin muzdlu köpəklərinin, marginal qruplarının sosial şəbəkələrdə hürüşməsi ilə nəticələnə bilər. İndiki halda iliyinə qədər ifşa edilmiş qrupların ölkə əhalisinin vahid mövqeyinə təsir etmək imkanları yoxdur. Bununla yanaşı, açıq şəkildə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən, hər addımlarında dövlətə xəyanət nəzərə çarpan bu zavallıların atmosferə – ictimai rəyə necə “zəhərli tullantılar” atdığını, sadəcə müşahidə etməyi də doğru saymıram. Qanun qarşısında, siyasi mənsubiyyətindən, baxışlarından asılı olmayaraq hər kəs bərabərdir və Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edənlərə də ədalətin gücünü zamanında göstərmək lazımdır”.

“Bunla yanaşı, istisnasız olaraq, qeyd edirəm ki, Azərbaycanda “rəngli inqilab”ların perspektivi yoxdur. “Beşinci kolon”un uğursuzluğu simvolizə edən “ağ-qara” siyasi fiqurları ilə heç rəngli şəkil çəkdirmək də mümkün deyil” – Elçin Mirzəbəyli deyib.

Turan Rzayev
Globalinfo.az