Əhmədlə bağlı hamını maraqlandıran sualın cavabı – “Onlar bilirdi…”

25 yaşlı Əhməd Əhmədovun 5 ailə üzvünü qətlə yetirməsində əsas müzakirə olunan məqamlardan biri də psixoloji problemləri olan insana sağlamlıq haqqında saxta arayışın verilməsidir. Bu məsələdə qanun nə deyir? Məsuliyyəti kim və ya kimlər daşıyır?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, əslində, bu sualların cavabı vaxtilə birinci növbədə cinayətin qurbanı olan insanlardan soruşulmalı idi.

O bildirib ki, bu və ya digər imkanlardan istifadə edərək belə sənədlərin əldə olunması sonradan yaranan problemlərin əsas mənbəyidir:

Fazil Mustafa

“Baş verənlər onu göstərir ki, belə məsələlərə daha diqqətli yanaşmaq lazımdır. İnsanlar məsələnin, problemin gələcəkdə nə qədər fəsadlar törədə biləcəyi barədə müəyyən anlayışa sahib olmalıdırlar. Baxın, nəticədə ailənin özünün yaratdığı “canavar” özü üçün bir faciəyə çevrildi. Tarixdə belə bir şeylər olub, öz yaratdığı adamyeyən və ya öz yaratdığı obraz o topluma, ailəyə qənim ola bilib”.

Deputatın sözlərinə görə, bu kimi məsələlərdə hansısa əvvəlki illərdə verilmiş sənədlərin axtarışına çıxmaq yox, bundan sonrakı dövrdə məsələnin həll olunmasına diqqət yetirmək vacibdir:

“Çünki üstündən illər ötüb keçmiş məsələlərdə birinin günahını digərinə yükləmək doğru deyil. Amma bütövlükdə artıq insanlar bilməlidirlər ki, verdiyi hər bir sənəd, atılan yanlış bir addım bu qədər insanın taleyinə təsir göstərə bilir. Bunun üzərində hər kəs düşünməli və ciddi məsuliyyət daşıdığını anlamalıdır. Hamının gördüyü şəkildə problem yarada biləcək insanların bu formada qorunması ənənəsindən əl çəkilməlidir. Vaxtında müvafiq qurumlar məsələyə reaksiyasını dərhal göstərməlidirlər ki, sonra belə problemlər yaşanmasın”.

AĞ Partiya başqanı Tural Abbaslı sosial şəbəkələrdə və ənənəvi mediada qatillə bağlı müxtəlif versiyaların olduğunu bildirib:

Tural Abbaslı

“Deyirlər ki, daha əvvəllər də qətl törədib, amma gizlədilib. Guya psixi problemləri olmayıb, ədalətdən yayınmaq məqsədilə ailəsi onun üçün saxta sənəd alıb. Sonra dedilər, yox, bunda psixi problemlər var imiş, bu halda taksi fəaliyyəti göstərib, hansısa yolla sürücülük vəsiqəsi alıb və s. Belə versiyalara görə də, məsələ tam dəqiqləşməmiş nəsə demək çətindir. Amma istənilən halda, deyilən versiyalardan hansısa həqiqətdirsə, burada ailənin ziyalı və ya imkanlı olması onları valideyn olmaqdan, övladlarını müdafiə instinktindən məhrum etmir. Ən böyük siyasi liderlər, xadimlər belə övlad məsələsində həssas ola bilir”.

Tural Abbaslı deyib ki, bu gün o ailənin necə biri olmasını deyil, sistemdəki boşluqları müzakirə etmək lazımdır:

“Yaxşı, valideyn övladını məsuliyyətdən yayındırmaq üçün addım atıb, bəs sistem niyə buna razı olub? Necə olub ki, vətəndaşın belə bir istəyini qurumlar icra ediblər? Ona görə də, daha çox bu məsələ müzakirə olunmalı və qınanmalıdır, nəinki ailənin övladına olan münasibəti, hansı səbəbdən onu dispanserə yerləşdirməməsi. Istintaq zamanı hər şey üzə çıxacaq. Deyilən hadisələrdən hansısa varsa, o zaman dediyim kimi, burada sistem, sistemdəki boşluqlar, rüşvət, korrupsiya, qanunsuz qərarların verilməsinin bu qədər rahat olması və cəzasız qalması mühakimə olunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az