Naxçıvan QHT-ləri prosesi başlatdı: rəsmi Bakı İrəvanı BMT-yə şikayət etsə…

Naxçıvanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq ictimaiyyətə müraciət ünvanlaması haqda xəbər vermişdik. Ermənistan növbəti dəfə riyakarcasına dünya ictimaiyyətini yanlış istiqamətə yönləndirməyə çalışdığı bir zamanda bu müraciət diqqət çəkib.

Qarabağda “humanitar böhran” yaşandığını iddia edərək BMT Təhlükəsizlik Şurasına müraciət edən Ermənistan özü Naxçıvanı blokadada saxlayır. Bu gün quru yolu ilə birbaşa Naxçıvana getmək mümkün deyil.

Maraqlıdır, Azərbaycan da bənzər formada Ermənistanı BMT-yə şikayət edə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, Ermənistanın “TIR şousu” onun ardıcıl hesablanmış planının bir hissəsidir. Hazırda bu planın növbəti hissəsi ilə üz-üzəyik:

“Ermənistanın Azərbaycanı BMT-yə şikayət etməsi məhz bununla bağlıdır. Xüsusilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son zamanlar apardığı ardıcıl danışıqları diqqət çəkir. Xüsusilə Mirzoyanın Təhlükəsizlik Şurasının 5 daimi üzvü və qeyri-daimi üzvləri ilə telefon? danışıqları gerçəkləşdirməsi İrəvanın Bakını şikayəti fonunda dəstək qazanmaq cəhdidir.

Erməni tərəfi çalışır ki, Azərbaycana qarşı sərt qətnamə qəbul edilsin və ardınca da sanksiyalar tətbiq edilsin. Məsələ ondadır ki, Azərbaycan Laçın yolunda xüsusi bir maneə yaratmayıb. Hərəkət hazırda təmin edilib. Bundan başqa humanitar yardımların Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edir. Ermənistan tərəfi isə humanitar böhran, etnik təmizləmə kimi iddiaları tirajlamaqda davam edir.

İlyas Hüseynov

Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasına hazırlıqlı olmalıdır. Həm daimi, həm də qeyri-daimi üzvlər ilə təmasları artırmalı, onların dəstəyini qazanmalıyıq. Sevindirici haldır ki, daimi və qeyri-daimi üzvlər arasında tərəfdaşlarımız var. Xüsusilə qeyri-daimi üzvlər arasında həm Qoşulmama Hərəkatının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr var”.

Politoloq deyib ki, Ermənistanın Azərbaycanı BMT-yə şikayət etdiyi bir zamanda Naxçıvan QHT-lərinin müraciət ünvanlaması təqdirəlayiq hərkətdir:

“Məslə ondadır ki, əsl blokada 30 ildən artıqdır ki, Naxçıvana qarşı tətbiq edilir. Əgər Laçın yoluna xüsusi bir statusdan danışırıqsa, hesab edirəm, Zəngəzura da bənzər status verilməlidir. Ümumiyyətlə Ermənistan 10 noyabr Bəyanatı ilə üzərinə belə bir öhdəlik götürüb, ancaq bunu icra etmir. Hesab edirəm rəsmi Bakı bunu arqument kimi istifadə edə bilər”.

Turan Rzayev
Globalinfo.az