Lavrovun “Dağlıq Qarabağ” ifadəsinə Bakının cavabı necə olacaq? – ŞƏRH

“Növbəti görüş sadəcə, fikir mübadiləsinin davamıdır, ümumi nəticəyə yaxınlaşmamışıq”. 

Globalinfo.az xəbər verir ki, bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı növbəti görüşü şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, bunu nazirlərin görüşlə bağlı verdikləri açıqlamalardan da aydınlaşdırmaq olar:

“Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib: “Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”.

“İrəvanla Bakı arasında danışıqlar fəal gedir, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır”, – deyən Ararat Mirzoyan bu cümləsi ilə azərbaycanlı həmkarıyla həmrəy olduğunu bildirib: “Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür. Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”.

Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək”.

Elxan Şahinoğlu 

Politoloq Rusiya xarici işlər naziri Sergey Lavrovun mikrafonu söndürməyə məsələsinə də toxunub:

“Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə maraqlı hadisə yaşanıb. Çıxışa hazırlaşan Rusiya xarici işlər naziri Sergey Lavrova yaxınlaşan müşaviri ona “keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) termini azərbaycanlıların xoşuna gəlməyə bilər” deyib. Bundan sonra Sergey Lavrov mikrofonun açıq olduğunu görüb və onu söndürüb.

Məsələnin bir neçə maraqlı tərəfi var.

Birincisi, Lavrov çox yaxşı bilir ki, Azərbaycan prezidentinin fərmanıyla Dağlıq Qarabağ adında çoğrafi ərazi ləğv olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur, ancaq Rusiyanın xarici işlər naziri heç zaman bu terminlərdən istifadə etmir. Lavrov nazirlərin bugünkü çıxışında “Dağlıq Qarabağ” ifadəsi işlədib.

İkincisi, müşavir Lavrovun qulağına “bu termin Azərbaycanın xoşuna gəlməyəcək” çümləsini pıçıldayıbsa, deməli, Lavrov və onun müşavirləri Azərbaycanın xoşuna nəyin gəlmədiyini dəqiq bilirlər, sadəcə, yenə öz bildikləri terminlərdən istifadə edirlər.

Lavrov Ceyhun Bayramovla görüşdə də çıxışının bir yerində “Dağlıq Qarabağ” ifadəsi işlədib. Azərbaycan Xarici İşlər Nazirliyi bir dəfə həmin müşavirə izah etməlidir ki, gələn dəfə Lavrovun qulağına pıçıldasın ki, Rusiyanın xarici işlər naziri Azərbaycan Prezidentinin qərarına hörmətlə yanaşaraq “Dağlıq Qarabağ” əvəzinə Qarabağ ifadəsi işlətsin”.

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da Lavrovun “Dağlıq Qarabağ” ifadəsini işlənməsinə münasibət bildirib:

“Müşaviri Lavrova “keçmiş DQMV” sözünün Azərbaycanın xoşuna gəlməyəcəyinə dair xəbərdarlıq etsə də, Rusiyanın xarici işlər naziri “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Əslində, Lavrovun mikrafonunun açıq qalmasına ehtiyac yoxdur, Rusiyanın Qarabağla bağlı mövqeyi bəllidir. Dəyişən Bakının mövqeyinin güclənməsi və mövcud reallıqda rusların Qarabağla bağlı düşündüklərini yüksək səslə deyə bilməmələridir”.