Kreml Cənubi Qafqazdakı son qalasından əl çəkmir – Şərh

Ermənistanla Azərbaycan arasında sülh prosesi davam etsə də, pərdəarxasında Xankəndi uğrunda savaş alovlanır. Diqqətçəkən ölkə isə şübhəsiz, Rusiyadır. Rəsmi Moskva sanki bu şəhəri özünün Cənubi Qafqazda son qalası kimi qorumaq istəyir.

Bəzi iddialara görə, Kreml Qarabağla bağlı qərar verib – oradan siyasi və hərbi baxımdan çıxmaq qərarını qəbul edib.

Maraqlıdır, bu nə dərəcədə real ola bilər? Moskva gerçəkdən Qarabağda qalmaqda maraqlıdır? Qərbin Xankəndi ilə bağlı planı nədir? Bu tarixi şəhərimizin yurisdiksiyamıza keçməsinə nə şəkildə mane ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Brüsseldə keçirilən ali səviyyədə görüşdən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq qəbul edib:

“Özü də bu tanınma konkret rəqəmlər əsasında edilib. Yəni rəsmi İrəvan Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıyır.
Bu o baxımdan önəmlidir ki, Qarabağ da Azərbaycanın ərazisi kimi qəbul edilib. Yəni artıq iki ölkə arasında danışıqlar masasında ərazi iddiası və ya ərazi bütövlüyünün tanınması müzakirə predmeti deyil.

İlyas Hüseynov

Əlbəttə ki, prosesin bu kontekstdə inkişaf etməsi öz növbəsində Xankəndidəki separatçıları, habelə onlara havadarlıq edən Rusiya sülhməramlı qüvvələrini ciddi şəkildə narahat edib. Məsələ ondadır ki, 10 Noyabr üçtərəfli bəyanatının imzalanmasından 3 il keçib. Rusiya sülhməramlılarının Azərbaycanda fəaliyyət müddətinin sonlanmasına az bir müddət qaldıqca Kreml prosesi yenidən gərginləşdirməyə çalışır.

Faktiki olaraq Rusiya regiondan çıxmaq istəmir və bunu son günlər xüsusilə göstərir. Hesab edirəm, 2025-ci il ölkəmiz üçün olduqca mühüm il olacaq. Belə ki, bu tarixdə həm Rusiya sülhmərmalıları ərazimizi tərk edəcək, həm də prezident və parlament seçkiləri baş tutacaq. Fikrimcə, Kreml məhz 2025-ci ildə regionu tərk etməmək üçün müxtəlif vasitələrə əl atacaq”.

Turan Rzayev
Globalinfo.az