Kamala Harrisin azərbaycanlı məşhurla ortaq özəlliyi – Hər ikisinin karyerası…

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin tərcümeyi-halındakı bəzi məqamlar Azərbaycanla müəyyən paralellər aparmağı aktual edir. Belə ki, Azərbaycan hüquq mühafizə sistemində çalışan xeyli tanınmış şəxslərin ədəbiyyata, musiqiyə, poeziyaya meyl etdikləri və bu sahədə ciddi nüfuz qazandıqları məlumdur.

Həmin şəxsiyyətlərdən biri də tanınmış bəstəkar Ələkbər Tağıyevdir.

Bilindiyi kimi, Ə.Tağıyev uzun illər prokurorluq sistemində çalışıb. O, həm də Azərbaycanın ən tanınan və sevilən bəstəkarı kimi tarixə düşüb. Əslində, Ələkbər Tağıyev prokurordan çox bəstəkar kimi cəmiyyətdə tanınır. Ə.Tağıyev bəstəkar olmasaydı, heç vaxt Azərbaycan tarixində dərin izlər buraxmaz, sıradan bir prokuror kimi fəaliyyət göstərərdi.

Çox maraqlıdır ki, ABŞ-dan fərqli olaraq Azərbaycanda prokurorluq sistemində çalışmış şəxslərin demək olar, heç biri uğurlu siyasi karyera qurmayıb.

İlyas İsmayılov

Burada bir istisna var: Vaxtilə Azərbaycanın baş prokuroru olmuş İlyas İsmayılov 1992-ci ildə prezidentliyə namizədliyini irəli sürmüşdü. İ.İsmayılov 1998-ci ildə keçirilən prezident seçkisində də ilk mərhələdə prezidentliyə iddialı olub. Həmin vaxt təmsil olunduğu siyasi ittifaq seçkiləri boykot etdiyindən İlyas İsmayılov namizədliyini rəsmiləşdirə bilmədi.

Xatırladaq ki, İ.İsmayılov müstəqillik dövründə ədliyyə naziri kimi də fəaliyyət göstərib. Daha sonra isə İsmayılov Ədalət Partiyasının sədri və Milli Məclisin III-IV çağırış deputatı olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, belə bir məqam sovet dövründə olsa da, indiki prokurorlar arasında incəsənət eşqinə düşən yoxdur.

Cümşüd Nuriyev

Onun sözlərinə görə, bu gün prokurorlar hətta deputat da olmaq istəmirlər:

“ABŞ sistemi oturuşmuş bir dövlətdir. Adətən, belə dövlətlər özlərini “hüquqi dövlət” adlandırırlar. Əslində, bunlar gözdən pərdə asmaq üçündür. Çünki prokuror siyasətçi ola bilməz. O, qanunların icrasına nəzarət etməlidir. Səbəb isə dövlətin əsas dayaqlarından birinin məhz məhkəmə sistemi olmasıdır. Ona da nəzarət prokurorluqda cəmləşir. Əgər prokuror dövlət hakimiyyətində təmsil olunacaqsa, müsbət nəticələr baş verməyəcək. Biz bunu Azərbaycanın müstəqillik qazanan ilk illərində gördük. Həmin vaxt səhv etmirəmsə, parlamentdə 9, ya 10 prokuror var idi. Onlar da qanunları özlərinə xeyir edəcək istiqamətə dəyişdirə bilirdilər”.

Politoloqun fikrincə, müstəqillik dövründə Azərbaycanda hüquq mühafizə orqanları qanunla siyasi partiyanın üzvü və siyasətlə məşğul ola bilməz:

“Bu mənada bəlkə də, onlarda bir təəssürat yaranıb ki, prokuror nə vitse-prezident, nə başqa bir şey ola bilər. Amma bununla bağlı Azərbaycan konstitusiyasında qadağa yoxdur. Məsələn, bizdə qanunla üç dənə vitse-prezident yeri var. Ölkə başçısı istəsə, ora baş prokuroru gətirər, istəsə onu prokurorluqdan azad da edər. Hər şey mümkündür. Bizdə belə bir şey sınaqdan keçməyib deyə, dəqiq fikir bildirmək olmur. Lakin bizim prokurorlar daha çox peşəkarlığı ilə seçilir. Onlar arasında şair, yazıçı, bəstəkar və s. görmürəm. Bu, əslində belə də olmalıdır. Prokurorlar indi daha düzgün yoldadırlar. Onsuz da siyasət yaman gündədir, müxalifət siyasəti kor edib. Prokurorlar da gəlsələr, siyasət bu dəfə lal olacaq (gülür)”.

Zaira Akifqızı
Globalinfo.az