
Hikmət Hacıyev Gəncə ilə bağlı az tanınan tarixi gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında Gəncədə təlim keçmiş ispan pilotların taleyindən bəhs edən sənədli filmi paylaşıb.
O bildirib ki, uzun illər Gəncə ilə bağlı bir məqam onun diqqətini çəkib. Belə ki, şəhərin bəzi yaşlı sakinlərinin məktəblərdən birini “İspan məktəbi” adlandırması və burada ispan pilotların məzarlarının yerləşməsi onda maraq doğurub.
Hacıyevin sözlərinə görə, “AnewZ” tərəfindən hazırlanan “The aviators of Ganja | AnewZ investigative documentary” (“Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi”) həmin sirrin cavabını ortaya qoyur.
Sənədli filmdə qeyd olunur ki, 1936-1939-cu illərdə İspaniyada baş vermiş vətəndaş müharibəsi zamanı bir qrup gənc ispan pilot uçuş hazırlığı keçmək üçün Gəncəyə göndərilib, lakin Fransisko Frankonun hakimiyyətə gəlməsindən sonra onların əksəriyyəti vətənlərinə qayıda bilməyib. Onlar Sovet İttifaqında qalaraq sonradan sovet hərbi hava qüvvələrində xidmət ediblər.
Filmdə bildirilir ki, İkinci Dünya müharibəsi dövründə həmin pilotlardan bəziləri Azərbaycanın hava məkanının və strateji əhəmiyyət daşıyan Bakı neft yataqlarının nasist aviasiyasının hücumlarından qorunmasında iştirak ediblər. Onların bir çoxu isə ömürlərinin sonunadək doğma ölkələrinə dönə bilməyib.
Hikmət Hacıyev vurğulayıb ki, ispan pilotların yaddaşında ən çox qalan məqam azərbaycanlıların onlara göstərdiyi qayğı və qonaqpərvərlik olub. Onun sözlərinə görə, Azərbaycan xalqı ən çətin illərdə belə malik olduğu imkanları onlarla bölüşüb.
“Tarixin az tanınan, lakin dərin təsir bağışlayan hekayələrindən biri”, – deyə Hacıyev paylaşımında bildirib.