İranın milli valyutası can verir, iqtisadiyyatı çökmək üzrədir…

İran hökuməti ölkə boyu 100 gün bundan əvvəl başlamış nümayişlərin qarşısını ala bilmədiyi kimi, iqtisadi vəziyyətin hər keçən gün daha da ağırlaşmasına mane ola bilmir. Nümayişçilərə tutulan divan iqtisadi vəziyyətin daha da pisləşməsi ilə nəticələnir. Molla rejimi eyni zamanda artıq bir neçə cəbhəyə qarşı mübarizə aparmaq məcburiyyətindədir: xaricdən gələn iqtisadi və siyasi təzyiqlər, sanksiyalar, daxildə dövlət əleyhinə çıxışlar, iqtisadi vəziyyətin pisləşməsi, kütləvi etirazlar, milli valyutanın sürətlə dəyər itirməsi və sair.

Xaricdən olan təzyiqlər özü də bir neçə yerə şaxələnir – nüvə proqramı ilə bağlı təzyiqlər, ölkədə baş verən mitinqlər zamanı dinc sakinlərə divan tutduğuna görə tətbiq olunan sanksiyalar, qonşu ölkələrə qarşı həyata keçirdiyi ekspansiya siyasəti ilə bağlı atılan addımlar, İsrailin yeni qurulmuş hökumətinin İranla müharibəyə daha ciddi hazırlaşması və nəhayət, sonuncu – Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən istifadə etmək üçün rəsmi Moskvaya satdığı dronlarla bağlı artan təhdidlər.

Vəziyyət o yerə çatıb ki, bütün bu təhdidlərin hansının İran üçün daha ciddi nəticə verəcəyini müəyyən etmək mümkün deyil. İran bu çağırışların hansının ilk növbədə aradan qaldırılmasının vacibliyini belə müəyyən etməkdə çətinlik çəkir.

Hazırda ən ciddi məsələ kimi milli valyuta olan rialın çox sürətlə qiymətdən düşməsi hesab olunur.

Milli valyutanın düşüşünün qarşısını almaq məqsədi ilə İran Mərkəzi Bankın rəhbərini dəyişdi. 57 yaşlı Məhəmmədrza Fərzin yeni sədr təyin olundu. O 15 ay bundan öncə bu vəzifəyə təyin olunmuş Əli Salehabadini əvəzlədi.

Son məlumata görə, ABŞ dollarının riala nisbəti 430.000 həddini keçib və bu ən aşağı səviyyədir. Bu ayın əvvəlində dollar rial münasibəti 370.000 ətrafında idi. Sentyabrda dövlət əleyhinə mitinqlər başlayan zaman isə 1 dollar 315.000 riala satılırdı. 2015-ci ildəki vəziyyətlə müqayisə etdikdə dramatik fərqin mövcud olduğunun şahidi oluruq. O zaman dolların riala nisbəti cəmi 32.000 ətrafında olmuşdu. Cəmi yeddi il ərzində İran iqtisadiyyatının nə qədər gerilədiyi göz önündədir. Bunun qarşısında İran hökumətinin davam gətirməsi bəlkə də möcüzədir. Mütəxəssislər İranın indiyə qədər iflasa uğramamasının səbəbləri üzərində baş sındırmaqda davam edir.

Hökumətin nümayişə çıxan insanları dinləyərək onların problemlərini həll etmək istiqamətində tədbirlər görmək əvəzinə, dinc sakinlərə divan tutması iqtisadiyyatın acınacaqlı vəziyyətə düşməsinin əsl səbəbi olduğu bildirilir. Belə ki, nümayişlər başlayandan bu günə qədər 508 dinc sakinin hüquq mühafizə orqanları tərəfindən güllələndiyi, 18.600 nəfərin isə həbsxanalara atıldığı barədə beynəlxalq insan hüquqları təşkilatları məlumat verir. Amma İran hakimiyyət orqanları bu barədə susmağı üstün tutaraq sadəcə mitinqlərin İranın xaricdəki düşmənləri tərəfindən təşkil olunduğu barədə köhnə tezislərini təkrar edir. Hərdən bu versiyanı sübut etmək üçün ifşa etdiyi xarici agentlərin siyahısını da təqdim edir.

Əlbəttə iqtisadiyyat sahəsində zəruri olan dəyişiklikləri aparmaq və əhalinin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün bu gün İranın əlindəki imkanlar yetərincə deyil. Bu imkanlar uzun müddətdən bəri tətbiq olunan sanksiyalar nəticəsində bitib. Digər tərəfdən, İran iqtisadiyyatı onun xarici siyasəti ilə birbaşa bağlıdır və xarici siyasətdə zəruri addımlar atmayınca, iqtisadi vəziyyətin düzələcəyini gözləmək mümkün deyil. İran ilk növbədə öz nüvə proqramı sahəsində irəli sürdüyü iddialardan əl çəkməli və ən azından yeni sanksiyaların tətbiq olunmasının qarşısını almalıdır. O isə nəinki bu sahədə zəruri addımlar atır, hətta yeni sanksiyaların tətbiq edilməsi üçün növbəti sahələr yaradır. Rusiya ilə silah alveri, dinc sakinlərə divan tutulması elə bu sahələrdəndir. Məhz buna görə də aparıcı dövlətlər İranın nüvə proqramı sahəsində danışıqları artıq yada salmır. İndi ortaya başqa problemlər çıxıb ki, İranla onların müzakirəsi gedir. Hətta ABŞ Prezidenti Co Baydendən İranın nüvə proqramı ətrafında müzakirələr barədə soruşduqda o cavab verib ki, bu proqram artıq ölüb, amma elan etmək qalıb.
İranın nüvə proqramı “ölüb”, rialı can verir, iqtisadiyyatı çökür… İran rəhbərləri isə son illər qazandıqları nailiyyətlərdən danışırlar.

Politoloq Əlimusa İbrahimov
Globalinfo.az üçün