İranın məscidlərimizə yerləşdirdiyi bombalar – axundlarla bağlı şok əməliyyat başladı

Bir gündə iki məscidin axundu işdən çıxarıldı. Söhbət Xırdalan cümə məscidinin axundu Azər Sanidən və İmişli rayon məscidinin axundu Hacı Adıgözəl Bəşirlidən gedir. Bəs bu addımlar hansı zərurətdən irəli gəlirdi? Bunlar İrana bağlı olduqları üçün məsciddən uzaqlaşdırıldı?

Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz, Azər Sani və Hacı Adıgözəl Bağırovun İrana nə qədər bağlı olub-olmadıqları barədə hər hansı fikir söyləyə bilməyəcəyini deyib: “Mətbuatdan oxuduğuma görə, onlar İrana bağlı axundlar idi və bu səbəbdən də işlərindən uzaqlaşdırılıblar. Əgər bu məlumatlar doğrudursa, həmin din xadimlərinin işinə xitam verilməsi olduqca zəruri, amma gec qalınmış hadisədir. Çünki istənilən ölkənin təhlükəsizliyinin bir neçə istiqamətləri var. Onlardan biri də mədəni təhlükəsizlikdir. Dini fəaliyyət də mədəni təhlükəsizlik sahəsinə daxildir. Bu gün İrana və ya hansısa dövlətə bağlı din xadimlərimiz məsciddə axundluq edə bilirsə, bu o deməkdir ki, dövlətimizin təhlükəsizlik sistemində çox ciddi boşluqlar, açıqlar yaranıb. Bu açıqların bir an öncə doldurulması təbii ki, dövlət təhlükəsizliyindən məsul qurumların başlıca öncəliklərindən olmalıdır. Azərbaycanın müvafiq orqanlarının nəhayət bu işə start verməsi bu mənada təqdirolunası addımdır”.

Jurnalist deyib ki, mədəni təhlükəsizlik sahəsində ciddi boşluqların yaranmasının obyektiv səbəbləri var:

Heydər Oğuz

“Bu səbəblərdən biri indiyədək müvafiq orqanların məsələyə ciddi yanaşmamasıdır. Azərbaycan 70 il ateizmin hökmran olduğu SSRİ kimi bir imperiyadan qopub. O dövrdə dini fəaliyyət ciddi şəkildə məhdudlaşdırıldığından insanlarımız bu kimi məsələləri dərindən anlamır və istər-istəməz müəyyən tədbirlər də alınmırdı. SSRİ dağıldıqdan və müstəqillik qazandıqdan sonra ölkəmiz müxtəlif yaxın və uzaq qonşuların ideoloji axınlarına səhnə oldu. Xüsusilə dini təşkilatlanma prosesi bir neçə xarici güclər vasitəsilə ölkəmizə sirayət etməyə başladı. Bu istiqamətlərdən biri də İran idi. İran dini-mədəni və tarixi yaxınlığımızdan istifadə edərək Azərbaycanı öz təsir dairəsinə almaq istəyirdi. Onun ölkəmizdə apardığı təhlükəni beşikdə boğmaq siyasəti əsasən iki istiqamətdə yürüdülürdü: Azərbaycan gəncliyini narkotikə və farslaşdırılmış islam ideologiyasına yoluxdurmaq.

Hər iki istiqamətin gəncləri hədəfləməsi də təsadüfi deyildi. Sirr deyil ki, gənclik ölkənin gələcəyi olduğu kimi, həm də milli məfkurəni daşıyan ən aktiv kəsimi idi. Narkotik milli məfkurə daşıyıcılarını fiziki, başqa dövlətlərin maraqlarına xidmət edən dini nəzəriyyələr isə mənən məhvinə xidmət edirdi”.

H.Oğuz deyib ki, son zamanlar Azərbaycanda İrana bağlı güclərin zərərsizləşdirilməsi sahələrinə nəzər salsaq, bunun həm narkotik yayıcılarına, həm də “din xadimi” niqabı altında gizlənən təbliğatçılara və terrorçulara qarşı birgə əməliyyatların aparıldığını görə bilərik:

“Bu da onu göstərir ki, Azərbaycan hakimiyyət orqanları təhlükənin fərqindədir və onun qarşısını almağa çalışır. Amma mədəni təhlükəsizlik tədbirlərinin effektiv alınması üçün yalnız hansısa məscidin axundunu işdən çıxarmaqla kifayətlənmək olmaz. Bu, bataqlığı qurutmaq yerinə ağcaqanad öldürməyə bənzəyər. Nə qədər ki, bataqlıq qurudulmayıb, o yenə ağcaqanad istehsal edəcək və məscidlərimiz, cəmiyyətimiz bu ağcaqanadlarla dolacaq. Ən effektiv yollardan biri Azərbaycanın özünəməxsus milli-dini konsepsiyalar hazırlaması və ruhani alimlər yetişdirməsidir. Hesab edirəm ki, Azərbaycan uzun əsrlər boyu nüfuzlu din xadimləri yetişdirmək təcrübəsi ilə seçilib və yenə də öz keçmiş ənənəsini qurmaq potensialına malikdir. Sözsüz ki, bu işdə biz Türkiyə təcrübəsindən yararlana bilərik”.

H.Oğuz qeyd edib ki, mühüm tədbirlərdən biri də gənc nəslin intellektual səviyyəsini yüksəltməkdir:

“Sirr deyil ki, adətən intellektual səviyyə baxımından zəif cəmiyyətlər daha çox dini mövhumatçılığa yuvarlanırlar. Azərbaycanın bu sahədə də irəli olduğunu söyləmək çətindir. Növbəti addım kimi, gənclərimizin müxtəlif yollarla İranın dini mərkəzlərdə “təhsilə” aparılmasının qarşısı alınmalıdır. Adətən Qum və digər din mərkəzlərində təhsil alan gənclər bu tədris müəssisələrinə qeyri-qanuni yollarla gedirlər. Bu zamanadək müxtəlif səbəblərdən buna göz yuman dövlət orqanları artıq qanunsuz axınların önündə keçilməz sipərlər yaratmalıdır.

Mühüm addımlardan biri ölkə vətəndaşlarının sosial-rifah hallarını yüksəltməkdir. Tarix sübut edir ki, adətən sosial rifah halları aşağı olan cəmiyyətlər dini mövhumatçıların əlində qorxulu silaha çevrilirlər. Bunun əksinə olaraq sosial rifahı yüksək səviyyədə olan Qərb toplumlarının insanları mövhumatçılığı qəbul etmirlər. Hesab edirəm ki, Azərbaycan hökuməti də eyni addımları atmaqla ölkəmizdəki mövhumatçılığın kökünü kəsə və xarici dövlətlərə bağlı din təbliğatçılarının hədəfə götürdükləri kəsimlərdən gələ biləcək təhlükəni zərərsizləşdirə bilər”.

Zaira Akifqızı
Globalinfo.az