HƏMAS-İsrail müharibəsi Cənubi Qafqaza sıçrayacaq? – Sensasion gəlişmə

Globalinfo.az siyasi şərhçi Kənan Rövşənoğlunun müsahibəsini təqdim edir.

– Kənan bəy, bu gün səhər saatlarından Qəzza zolağından İsrailə qarşı hücumlar başladı. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları hücumu öz üzərinə götürüb. Açıqlamada “Əqsa tufanı” adlı əməliyyatın başladığı elan edildi. Birdən-birə nə baş verdi ki, İsrail-HƏMAS arasında gərginlik hərbi toqquşmalara çevrildi?

– İsrail və HƏMAS, yəni ümumilikdə Fələstin hərbi-siyasi qrupları arasında gərginlik heç zaman dayanmayıb. Sadəcə ara-sıra yüksəlir və ya zəifləyir. Amma gərginlik hər zaman vardı. Son iki ildə 500-dən çox fələstinli müxtəlif aksiya və provokasiyalar zamanı israilli hərbçilər, polis və ya sığınmaçılar tərəfindən öldürülüb. HƏMAS lideri Məhəmməd əd-Dayf bildirib ki, İsrailə 5 min raket atılıb. Ardınca isə HƏMAS silahlıları quru və dənizdən İsrail ərazisinə daxil olub. Əd-Dayf deyib ki, onlar “artıq bəsdir deməyə qərar” veriblər. Başqa sözlə, bu hücumun bir qisas əməliyyatı olduğunu deyib. İlkin məlumata görə, 22 israilli ölüb, 500-dən çox insan isə yaralanıb.

Onu da demək lazımdır ki, fələstinli silahlı qrupların bu cür qisas hücumları ilk dəfədir baş vermir. 60-70-ci illərdən bu tip hücumlar var. Ancaq bu dəfəki hücum forma və miqyasına görə daha böyükdür və nəticəsi daha ağırdır. Belə demək olar ki, HƏMAS daha hazırlıqlı hücum təşkil edib.

Kənan Rövşənoğlu

– İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti elan edib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib. Bu əməliyyatlar sizcə, nə ilə yekunlaşa bilər?

– Əlbəttə, HƏMAS-ın və ya fələstinli digər silahlı qrupların İsrailə qalib gəlməsi mümkün deyil. İsrail ordusu həm canlı qüvvə, həm də texnika və silah-sursat baxımından çox güclüdür. Baş nazir Benyamin Netanyahunun dediyi kimi, sərt cavab veriləcək. Güman ki, İsrail HƏMAS-a qat-qat ağır zərbə vurmaqla gücünü nümayiş etdirməyə çalışacaq. Artıq Qəzzada HƏMAS-a aid 17 hədəfin vurulduğunu açıqlayıblar. Amma İsrailin hərbi qüdrəti və imici baxımdan bu hücum daha ağır nəticələr verdi. Artıq hərbi kəşfiyyatın səhlənkarlığı ilə bağlı araşdırma başlanıb və yəqin ki, uzun müddət davam edəcək.

– HƏMAS-ın hücumlarının arxasında İranın olduğu deyilir. Sizcə, bu nə dərəcədə doğrudur?

– İran hər zaman HƏMAS, İslami Cihad və digər fələstinli silahlı qrupları dəstəkləyib və bunu gizlətməyib. İndi də ilk dəfə İranın rəsmi şəxsi – dini liderin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi HƏMAS-ı dəstəkləyən açıqlama verib. Lakin konkret bu hücumda İran və ya iranlı hərbçilərin nə qədər iştirak etdiyini deyə bilmərəm. Bunu ancaq HƏMAS açıqlaya bilər, ya da ki, İsrail hərbi kəşfiyyatı. Dediyim kimi, İran-Fələstin müqavimət qruplarını dəstəklədiyini gizlətməyib, HƏMAS və digər qruplara raket texnologiyası, silahlar və maliyyə yardımı edib.

– İsrail HƏMAS-la gərginlik fonunda İrana da zərbələr vura bilərmi?

– İndiki halda çətin. Çünki bu o deməkdir ki, birdən-birə bir neçə cəbhə yaradıb savaşar. Buna indi heç bir ehtiyac yoxdur. Lakin İsrail bu hadisədə İranın bu və ya digər formada iştirakını sübut etməklə beynəlxalq aləm, xüsusən də ABŞ-da İrana qarşı hərbi müdaxilə üçün əsas yarada bilər.

Məlumdur ki, Vaşinqton İsrailin İrana qarşı müdaxiləsinə razılıq vermir. Ancaq indiki halda İrana hücum daha böyük riskdir.

– İran-İsrail arasında gərginlik olsa, rəsmi Bakının mövqeyi necə olacaq?

– Azərbaycan rəsmi olaraq Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Ancaq eyni zamanda İsraillə də dost münasibətlərə malikik. Yəni Bakı münaqişənin danışıqlar və anlaşma çərçivəsində həllini tərəfdarıdır. Bununla bağlı Mahmud Abbas administrasiyasını da dəstəkləyir.

İran-İsrail gərginliyinə gəlincə, Azərbaycan rəsmi olaraq bəyan edib ki, qonşu ölkələrin üçüncü bir dövlətlə münaqişəsində tərəf deyil. O cümlədən İran-İsrail münaqişəsində Bakı tərəf olmayacağını daha əvvəldən bəyan edib.

Turan Rzayev
Globalinfo.az