“Ermənilər ümid edirdilər ki, rusların arxasında gizlənib yenidən özlərinə səngərlər quracaqlar” – Deputat

“Prezident əminliklə qeyd etdi ki, “biz 2022-ci ildə müharibədən sonra əldə etdiyimiz nəticələri dünyaya qəbul etdirməyi bacardıq”. Bu sadə cümləni qurmaq üçün çox işlər görmək lazım idi, çünki dünya reallıqları deyil, özünün həqiqət kimi gördüklərini qəbul edən dünyadır. Çox təəssüf ki, müharibənin uzanmasına da beynəlxalq ədalətə ikili standartlardan, ikili mənəviyyatdan yanaşma səbəb olub”.

Bu sözləri millət vəkili Hikmət Babaoğlu Globalinfo.az-a bildirib.

Hikmət Babaoğlu

Deputatın sözlərinə görə, Prezidentin yerli kanallara müsahibəsində səsləndirdiyi fikirlər post-müharibə, eyni zamanda post-pandemiya dövrünün hesabatı kimi xarakterizə edilməlidir:

“Azərbaycan Prezidenti son dövrlər həyata keçirilən iqtisadi layihələrdən danışaraq 1994-cü ildən bu günə qədər davam edən regional və qlobal layihələrin hazırda yeni tarixi mərhələdə yeni keyfiyyət formasında üzə çıxdığını qeyd etdi. Düşünürəm ki, ölkəmizdəki sosial rifahın təmin olunması üçün atılan addımlar, Böyük qayıdışı təmin edən əsas faktorlardan biri məhz iqtisadi faktordur. Bu hər şeydən öncə dörd ölkə arasında imzalanan yaşıl enerji dəhlizinə dair sazişlə əsaslandırıla bilər. Bu, XXI əsrin müqaviləsi kimi xarakterizə edilə bilər”.

Dövlət başçısı, həmçinin Qərbi Azərbaycana qayıdışımızı tarixi zərurət kimi qiymətləndirdi. Bu həm Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması üçün, həm də gələcəkdə imzalanacaq sülh müqaviləsinin dayanıqlı olması baxımdan əhəmiyyətlidir”.

H.Baboğlu bildirib ki, İ.Əliyev müsahibə zamanı 44 günlük müharibənin davamı olan psixoloji savaşa diqqət çəkib:

“O qeyd etdi ki, ermənilər hesab edirdilər ki, Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycan heç bir əməliyyat keçirə bilməz. Ermənilər ümid edirdilər ki, onlar sülhməramlıların arxasında gizlənib yenidən səngərlər quracaqlar. Onlar yüz ildir başqa güclərin arxasında gizlənərək bir çox şeylərə nail olublar, ancaq artıq başqa yüzillikdir. Və yeni tarixi mərhələni yaradan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qalib ordusudur.

Praqa görüşündən sonra bir daha aydın oldu ki, dünya siyasətinin təyin olunmasında iştirak edən Avropa siyasəti və diplomatiyası gələcək dünya üçün nə vəd edir”.

Millət vəkili əlavə edib ki, Prezident hazırda baş verən müharibəni faktiki Üçüncü dünya müharibəsi adlandırdı:

“Bu konteksdə o, beynəlxalq təşkilatların, xüsusilə BMT-nin davranışlarına diqqət çəkərək bu strukturlarda yenilənmənin vacibliyindən danışdı. Qeyd etdi ki, BMT TŞ-nın daimi üzvlərindən biri mütləq müsəlman ölkəsi olmalıdır və bunu İslam Əməkdaşlıq təşkilatının rotasiyası ilə mümkün hesab etdi. İkincisi isə Qoşulmama Hərəkatına sədrlik edən ölkənin BMT TŞ-nın daimi üzvü olması formasında fikirlərini irəli sürdü.

Prezident qeyd etdi ki, biz yeni Qarabağ müharibəsi istəmirik. Amma Azərbaycan ərazisində və ya onun kənarında bir təhdid olarsa, Azərbaycan qətiyyətli addımlar atacaq.

Bütün bunlar 2023-cü ilin də Azərbaycan üçün uğurlu olması üçün zəmin yaratdığı qənaətinə gəlir”.

Gülnar Səlimova
Globalinfo.az