Pensiyalarla bağlı mühüm dəyişiklik… – Deputatdan anons

Pensiya yaşı ilə bağlı müzakirələr səngimir. Bu, reallıqdır ki, artıq işəgötürənlər nəinki 65, çox zaman 40 yaşdan yuxarı olan şəxsi belə işə götürməkdə maraqlı olmurlar. Nəticədə 65 yaşda pensiyaya çıxanlar çox zaman boşluqda qalır.

Globalinfo.az bildirir ki, ətrafda yaşı 65-i haqlayan kifayət qədər aktiv, savadlı və peşəkar insan var ki, onların təcrübəsindən yararlanmaq cəmiyyətə daha çox fayda gətirə bilər.

Məsələn, bu gün kifayət qədər savadlı, uzun illərin təcrübəsinə malik həkim-pediatrlar, infeksionistlər var ki, yaşı ilə əlaqədər pensiyada olduqları üçün mətbuata açıqlama verməkdən də çəkinirlər. Müraciət etdikdə “müsahibə verəndə narazılıq yaranır, siz hazırda sistemdə işləyən həkimlərə müraciət edin”, – cavabını verirlər. Nəticədə çox zaman cəmiyyəti maraqlandıran suallara daha dolğun cavablar almaqda problemlər yaranır.

Qeyd edək ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatda çalışan işçilər 65 yaşı tamam olanda pensiyaya çıxırlar. İstisna hallarda 70 yaşa qədər işləyə bilərlər. Amma bu istisna halların çəmbəri kifayət qədər dardır.

Bu məsələyə yenidən baxılmasını düşünən cəmiyyət üzvləri, deputatlar da var.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin deyib ki, dövlət qurumlarında yaşı 65-dən yuxarı olan şəxslərin əmək fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərara yenidən baxılması təklif edilsə də, bu fikir istənilən dəstəyi görməyib: “65 yaş məhdudiyyəti ilə bağlı çoxlu müraciətlər olur. Əsasən tibb və təhsil işçiləri çoxsaylı müraciət edirdi. Onlar sağlamlıqlarının imkan verdiyini və sertifikasiyadan keçdiklərini, çalışmaları üçün müəyyən imkanlar yardılmasını istəyirdilər. Bu cür insanları 65 yaşında pensiyaya çıxarmaq əvəzinə məsələyə differensial yanaşmaq, gənc kadrlara ehtiyac varsa, yaşı 65-ə çatanları başqa müəssisələrdə işlə təmin etmək olar. Kəndlərdə, rayonlarda boş ştatlar olur ki, oralara yerləşdirmək mümkündür. Amma bu təkliflərlə bağlı adekvat reaksiya görmədik və məsələ bu şəkildə də qaldı. Mən o fikirdəyəm ki, yaş amili insanın əmək fəaliyyətinə məhdudiyyətdə rol oynaya bilməz. Bu məhdudiyyət insanın sağlamlığı, peşə hazırlığının səviyyəsi ilə bağlı ola bilər. Əgər bu insan uzun illər işləyibsə, təcrübəsi varsa, sertifikasiya imtahanlarından keçirsə, yüksək bal toplayıbsa, yalnız yaşına görə işdən kənarlaşdırılması doğru deyil. Amma bu, mənim subyektiv fikrim olaraq qalır. Gərək çoxluq, hökumət dəstəkləsin ki, o fikir həyata keçsin”.

mq

Musa Quliyev

Musa Quliyev bildirib ki, bu məhdudiyyətdə əsas səbəb gənclərin iş yerləri ilə təmin olunmasını yaxşılaşdırmaqdır: “Yenə də deyirəm ki, iş yerində əsas kadrın keyfiyyətinə fikir verilməlidir. Onun peşəkarlığı, nə qədər faydalı olduğu ön plana çəkilməlidir, nəinki yaşı. Qanunda tam qadağa yoxdur. 65 yaşa çatanların müəyyən faizi – işləyənlərin bir faizi həcmində 70 yaşına qədər ildə bir yaş uzadılmaqla çalışa bilər. Bu, artıq müəssisə rəhbərinin səlahiyyətində olan məsələdir. İşçinin nəyisə tələb etmək üçün heç bir hüququ qalmır. Əgər ehtiyac varsa, o zaman uzadılır”.

Deputat qeyd edib ki, hazırda insan ömrü uzanıb, sağlamlıq imkanları da 20-30 il əvvəl olduğu kimi deyil: “Tibb bacısı 65 yaşına çatırsa, təcrübəsi və bilikləri varsa, nə üçün tibb bacısı kimi işləməsin? Özəl sektorda işləyə bilirlərsə, nə üçün dövlət sektorunda işləyə bilməsin? Bu suallar var, amma hər halda qanun qəbul olunub. Təbii ki, qanun dövlət büdcəsindən maliyyələşən təşkilatlara aiddir. Özəl sektora, bələdiyyəyə aid deyil. Amma o da var ki, insan 30-40 il bir iş yerində işləyir, 65 yaşından sonra özəl sektorda, bələdiyyə, yaxud QHT sektorunda məşğuliyyət axtarması çətin olur. Bəzi insanların pensiyası ilə əmək haqqı arasında ciddi fərqlər var. Bu amil də insanların sosial vəziyyətini ağırlaşdıra bilir. Təbii ki, bu məsələ ilə bağlı müzakirələr aparılacaq. İnanıram ki, müəyyən yumşalmalar ola bilər. Əvvəl məhdiyyətin 70 yaşa qədər qoyulmasını təklif etmişdim. Amma hər halda 66-67 yaşa, yəni bir-iki yaş da qaldırılsa, bu da işin xeyrinə olar”.