“Böyük məmnuniyyətlə orada yaşayardım” – Tanınmış jurnalist İlhamiyyə Rza ilə MÜSAHİBƏ

“Hər dəfə ora gedəndə görürəm ki, bu təklifi qəbul etməkdə çox düz qərar vermişəm”.

Bunu Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tanınmış jurnalist İlhamiyyə Rza Globalinfo.az-a müsahibəsində deyib.

– İlhamiyyə xanım, yeni vəzifəyə təyinatınızdan iki aya yaxın vaxt keçir. İlk növbədə Sizi bu münasibətlə təbrik edir, yeni işinizdə uğurlar arzulayırıq. Azad edilmiş ərazilərimizdə mətbuat katibi işini icra etmək necə bir hissdir?  

– Çox sağ olun. İki ay bundan öncə Şərqi Zəngəzur İqtisadi Zonasında 1 saylı publik hüquqi şəxsdə mətbuat şöbəsinin rəhbəri olaraq fəaliyyətə başladım. Əslində, ictimaiyyətlə əlaqələr jurnalist olaraq mənə yaxın bir sahədir, amma digər tərəfdən də çox fərqli bir işdir. Heç vaxt təsəvvür etməzdim ki, mən mətbuat xidmətində çalışacam. Amma bu işi sevə-sevə qəbul etdim, çünki söhbət azad olunmuş ərazilərimizdən gedirdi. Hər dəfə ora gedəndə görürəm ki, bu təklifi qəbul etməkdə çox düz qərar vermişəm.

“Hələ də o sevincin eyforiyasını yaşamaqdayam”

Bir zamanlar biz o yerlərə kosmosdan baxırdıq. Yadıma gəlir ki, Şuşanın işğalının ildönümündə Mədəniyyət Fondu Şuşanın kosmosdan çəkilmiş şəkillərindən ibarət sərgi keçirirdi. Bu mənə çox pis təsir etmişdi. Yəni biz nə gündəyik ki, Şuşaya kosmosdan baxırıq. İndi isə biz o yerlərə gedə bilirik, nəinki gedə bilirik, bir xalq və dövlət olaraq oraları bərpa etməyə, həyatı yenidən dirçəltməyə çalışırıq. Mənim də o işdə azacıq qatqımın olması inanın ki, çox ciddi motivasiyadır. Hələ də o sevincimin eyforiyasını yaşamaqdayam. İnanıram ki, sonadək belə olacaq. Müşahidə etdiyim və azacıq da olsa iştirakçısı olduğum fəaliyyətlər onu deməyə əsas verir ki, sevinc hissi məni tərk etməyəcək, çünki orada çox gözəl işlər görülür, çox sürətlə bərpa və tikinti prosesi gedir. İnanın ki, işlədiyim qurumda hər bir kəs eyni duyğuları keçirir. Hər kəs bacardığı işin ən yaxşısını orda həyata keçirməyə çalışır.

“Tezliklə Ağalıya növbəti qayıdış prosesi olacaq”

– Ağalı kəndinə qayıdış prosesi ilə bağlı vəziyyət nə yerdədir? Növbəti köç prosesi nə vaxta gözlənilir?

– Artıq 200 evdən 66-sında keçmiş Ağalı sakinləri məskunlaşıblar. Kəndə əhalinin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. İnsanlar işlə təmin olunmalıdırlar. Ona görə infrastruktur layihələri yaradıldıqca, tələbatı nəzərə alaraq ora uyğun mütəxəssislər köçürülür. Növbəti ikinci mərhələ də tezliklə olacaq.

Ağalı kəndində insanların yaşaması üçün çox gözəl şərait yaradılıb. Məktəb və bağçada tədris prosesinin keyfiyyəti çox gözəldir. Zəngilanlı olsaydım, böyük məmnuniyyətlə orda yaşayardım və övladım kiçik olsaydı o məktəbə qoyardım. Enerji dolu, savadlı imtahan verib yüksək nəticələr əldə etmiş gənc müəllimlər gözəl şəraiti olan bu məktəbdə dərs deyirlər. Bəzilərinin bura ilk iş yeridir. Məktəbdəki fənn kabinetləri, kitabxana, akt zalı və bütövlükdə mühit özü insanı keyfiyyətli tədrisə həvəsləndirir. Uşaqların da ordakı ortamdan çox xoşbəxt olduqları hiss olunur.

Tibb məntəqəsində az sayda mütəxəssislərlə yanaşı, ehtiyac olduqda onlayn əlaqə yaradılır və ekran vasitəsilə həkimlə canlı əlaqə qurursan. Bu, layihə “Salam, doktor” adlanır. Bu avadanlığı yaxınlıqdakı Beyləqana da aparıb istifadə etmək olur.

Şərqi Zəngəzur iqtisadi rayonunda – Qubadlıda, Cəbrayılda da “ağıllı kənd”lər tikilir. Qarabağ iqtisadi zonasında, Ağdamda və digər ərazilərdə bərpa-quruculuq istiqamətində görüləcək xeyli iş var. İnşallah o yerlər də tezliklə abadlaşar.

“Köhnə Ağalıdan yalnız daşlar və məktəb zəngi qalmışdı”

– Ağalı kəndinin Azərbaycanın digər bölgələrindəki ənənəvi kəndlərdən fərqi nədir? Bura digər kəndlərimizin modernləşməsi üçün pilot layihə hesab olunurmu?

– Ağalı kəndi gələcəyin kəndidir. Kənd adı simvolik olaraq saxlanılıb. Əslində bura balaca şəhərcikdir. Bizim köhnə kəndləri modernləşdirmək işi daha mürəkkəbdir, orda infrastrukturu təkmilləşdirmək çətindir. Ağalı düzəngah idi və düz bir yerdə yeni bir kənd tikmək daha rahatdır. Bu gün o,  “smart kənd” deyilən meyarlara uyğun gəlir.

Ağalı kəndindən heç nə qalmamışdı. Hər şey sıfırdan qurulub. Düşmən bizim yurd yerlərimizi çox amansızlıqla dağıtmışdı. Ancaq ermənilərin xaraba qoyduğu evlərin daşlarını belə biz istifadə etdik. Kəndin girişindəki qala divarına bənzəyən bir tikintidə istifadə olunan daşlar, eləcə də Ağalıdakı keçmiş evlərdən, məktəb binasından, bütün o inzibati binalardan qalan daşlardan bərpa və quruculuq prosesində istifadə edilib. Kənd mərkəzində Zəfər meydanı adlanan ərazidə sülh rəmzi olan göyərçinlərin uçduğu, dairəvi abidə və fəvvarə var. Burada istifadə olunan daşlar Ağalının xarabalıqlarından yığılıb.

Orada köhnə kənd məktəbinin zəngi tapıldı, onu bərpa etdilər və yeni tikilmiş möhtəşəm məktəbdə hazırda o zəng işləyir. Təsəvvür edin ki, o boyda kənddən yalnız daşlar və zəng qalmışdı. Belə bir yerdə yenidən həyat qurulur. Bunun üçün təbii ki, yeni konsepsiya olmalı idi. Zəngəzurun ərazisində bərpaya uyğun gələn binalar da var. Hazırda qiymətləndirmələr və tikinti işləri gedir. Ağalı kəndi sınaq kimi uğurlu bir layihədir və gələcəkdə başqa kəndlər üçün də Ağalının təcrübəsi bir nümunədir. Nəyisə başlamaq həmişə çox çətindir.

“Dünyada bu cür səkkiz qurğudan biri də Ağalıdadır”

– Prezident İlham Əliyev bildirib ki, Qarabağda yaşıl enerji zonası yaradılacaq. Dövlət başçısı bu yaxınlarda Rumıniyanın paytaxtı Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişi imzaladı. Qarabağın yaşıl enerji zonasına çevrilməsində Ağalı kəndinin payı nədən ibarətdir?

– Azad olunmuş ərazilərdə ətraf mühitə ziyan vurmadan, bərpa olunan enerjidən istifadə etməklə ancaq yeni, innovativ layihələr həyata keçiriləcək. Ağalı kəndində mövcud olan evlərin hamısının damında günəş enerjisini elektrik enerjisinə çevirən xüsusi lövhələr var. Günəş enerjisindən suvarmada, şəhərin işıqlandırılmasında istifadə olunur. Ağalının özündə hidroelektrik stansiya var. Həkəri çayının bir qolu süni şəkildə gətirilib kəndə suyun axını təşkil olunub. Həmin su yuxarıdan aşağı axaraq turbinləri hərəkətə gətirir. “Arximed qurğusu” adlanan bu mexanizmdən dünyada yalnız səkkiz yerdə istifadə olunur. Onlardan biri də Ağlıdadır. O, bir neçə kəndi elektrik enerjisi ilə təmin edə bilər. Həcm olaraq balaca bir elektrik stansiyadır, amma çox səmərəli işləyir. Ağalı kəndində “ağıllı kənd” meyarlarına əsasən bir sıra digər layihələr də həyata keçirilir.

“Oraları canlandıracağıq, amma dağıntıların bir hissəsi qalmalıdır ki…”

– İşğaldan azad edilən torpaqlara ayaq basmaq, həmin əraziləri əyani görmək yəqin ki, başqa bir hissdir…

– İşimizlə əlaqədar Ağalıdan kənara çıxanda, Zəngilanın hər hansı bir hissəsinə gedərkən yolda hər yerdə düşmənin törətdiyi dağıntıların izləri ilə qarşılaşmaq, minalanmış ərazilərdə qoyulan xəbərdaredici işarələri görmək və s. bütün bunlar mənim hələ də alışa bilmədiyim şeylərdir. Hər dəfə ora gedəndə ürəyim sızıldayır (kövrəlir. – red). Füzulidən keçərkən orada dağıntılar daha da çoxdur. Biz tezliklə oraları canlandıracağıq, amma digər tərəfdən də dağıntıların bir hissəsi qalmalıdır ki, gələcək nəsillər bu tarixi unutmasın. Biz kinli xalq deyilik və çox təəssüf ki, başımıza gətirilən müsibətləri tez unuduruq. Mən nifrət hissinin də tərəfdarı deyiləm, amma bütün bunları biz unutmamalıyıq.

Gülnar Səlimova
Globalinfo.az