Azərbaycan üçün dəhşətli ssenarilər: gərginlik pik həddə – Nələr gözlənilir?

ABŞ Azərbaycanda nə kimi təxribatlar törədə bilər? Vaşinqton ortamı niyə bu qədər kəskinləşdirmək, münasibətləri nə üçün bu həddə qəlizləşdirmək xətti seçdi? Bunun sonu nə ilə bitəcək? Bu suallar hər kəsin beynini məşğul edir.

Rəngli inqilablar sahəsində rəqib tanımayan Birləşmiş Ştatlar Azərbaycanda inqilab ssenariləri gerçəkləşdirmək üçün vaxtaşırı cəhdlər edir. Bunu danmaq, gizlətmək mümkün deyil. İndiyə kimi bu cür cəhdlərə şahidlik etmişik. Bir neçə il öncə amerikalı inqilab texnoloqu Cin Şarpın ölkəmizlə bağlı qorxunc planları barədə geniş məqalə yazmışam. Bəzən hansısa ölkədə “heç nədən” inqilab baş verir. Sonra da ABŞ və Avropa xilaskar obrazında həmin ölkədə “zühur” edir. Əslində başdan o prosesləri yönəldiblər. Necə deyərlər, zaman-zaman Cin (Şarp) bu və ya digər ölkələrdə inqilab şüşəsindən çıxıb, xalqları bədbəxt, ölkələri viran qoyur.

Çox vaxt bu mövzuda yazanda, danışanda 2005-ci ilin parlament seçkiləri yada düşür. Onda vəziyyət bir qədər fərqli və mürəkkəb idi. Ukraynada, Gürcüstanda, Qırğızıstanda ard-arda baş verən rəngli inqilablar Azərbaycanın protest elektoratını fəallaşdırmışdı. 2003-cü ildə böyük hesabla məğlubiyyəti dadan siyasi müxalifət isə ümidlənmişdi.

Həmin vaxt hakimiyyətdaxili gərginlik də artmışdı. Bir neçə nazir iqtidara gəlmək üçün birləşmişdi. Hakimiyyəti götürüb, sonra onu pay-püş etmək planları haqda aralarında öncədən razılıq var idi. Siyasi müxalifəti də özlərinə alət edə bilmişdilər. “Azadlıq” Blokunda birləşən Müsavat, AXCP və ADP hakimiyyətdəki revanşistlərin əlinə oynayırdılar – bilərəkdən, ya bilməyərəkdən. Əli İnsanov, Fərhad Əliyev, Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev, onlara bağlı klanlar, regional qruplar, maliyyə bosları saraydaxili çevrilişlə hakimiyyəti götürməyi planlaşdırırdılar. Bu işə ABŞ-ın ölkəmizdəki səfirliyi də dəstək verirdi. Yoxsa seçkidən sonra səfir Rino Harniş qeyri-rəsmi “persona non qrata” elan edilərək niyə Azərbaycandan qovuldu? Səlahiyyət müddətinin bitməsinə bir neçə il qalmış, vəzifədən getdi. Siyasətdə təsadüflər olmur. Həm də söhbət ABŞ kimi bir qüdrətli dövlətin səfirindən gedir. Əsaslandırılmadan, ortaya sübut qoyulmadan o ölkənin səfirini yerindən tərpətmək olarmı? Cavabı oxuculara buraxıram.

ABŞ-ın Azərbaycanda inqilab ssenariləri 2010-cu ildən sonra da gündəmdə oldu. “Əsgər ölümlərinə son” aksiyasını xatırlayırsınız, yəqin. 2013-cü ilin yanvar-mart aylarında keçirilən bu aksiyalara əsasən gənclər cəlb edilmişdi. Həmin il Azərbaycanda prezident seçkiləri olacaqdı. Müxalifət yenə kənar güclərin komandası ilə təşkilatlanmışdı. Səhnəyə bu dəfə Rüstəm İbrahimbəyovu çıxarmışdılar. Rüstəm kişi siyasətdə “paketdən açılmış yeni sima” sayılırdı. Yanmış kadr, millətin gözünü döyənək edən persona deyildi. Düzdür, o, ən həlledici məqamda geri çəkildi – müxalifət seçkiyə onunla yox, Cəmil Həsənli ilə getdi. Nəticə məlumdur – müxalifət yenə qocaman məğlubiyyətlə baş-başa qaldı. Amma həmin il hakimiyyət üçün də asan keçmədi: yetərincə gərginlik, stress yaşadı.

“Əsgər ölümlərinə son” aksiyaları əslində o dövrdə planlaşdırılan inqilab ssenarilərinin baş məşqləri idi. Sonradan dövlətin müvafiq qurumları elan etdi ki, aksiyanın pərdəarxası təşkilatçısı, maliyyəçisi Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu (NDİ) və həmin təşkilatın Bakı ofisinin rəhbəri Aleks Qriqorievsdir. Onun Azərbaycanda inqilab ssenarilərinə 2 milyon dollar xərclədiyi barədə də rəsmi məlumatlar yayıldı. Aleks də Azərbaycandan qaçmaq zorunda qaldı.

Ötən il bu vaxtlar İranla münasibətlər bundan da kəskin idi. SEPAH Azərbaycanla sərhədə qoşun yığmışdı, hərbi təlimlər keçirdi. Gərginliyin kulminasiya nöqtəsi Tehrandakı səfirliyə hücum oldu.

İndi isə münasibətlərdə yumşalma sezilir. İki ölkə arasında yeni dönəm start götürüb. Zəngəzur dəhlizi ilə bağlı Tehranla Bakı arasında razılaşma var. Vaşinqtonla da ortaq məxrəcə gəlinəcəyi istisna deyil. Fəqət nə üzərində anlaşıb, barışığa gediləcək? Amerika daha böyük layihələrdə bazarlığa oturmağa öyrəşib.

Birləşmiş Ştatları rahatsız edən məsələ Güney Qafqazda onun iradəsindən kənar proseslərin getməsidir. Azərbaycan, Rusiya, Türkiyə, İran, bir qədər arxa planda Çin arasında anlaşmanın olduğu məlumdur. Mərkəzi Asiyaya, oradan da Cənub Şərqi Asiyaya açılmaq xətti götürüblər. ABŞ-ın bir qorxusu da budur ki, bunun nəticəsində Çinin mövqeləri regionda güclənəcək. Ona görə indidən bu çarxa çomaq soxmaqla məşğuldur.

Bakı Turanın mərkəz şəhərinə çevrilib. SPECA zirvəsində də bunun belə olduğu aşkar göründü. Bu, Ağ Ev və bütövlükdə “dərin Amerika” üçün dəhşətli perspektivdir. Amerikanın olduqca həssas yanaşdığı coğrafiyada ortaya daha bir qalib, güclü türk-müsəlman ölkə çıxır. Və o ölkə, yəni Azərbaycan onun (ABŞ-ın) iradəsindən kənarda balans qurur, proses aparır, güc mərkəzi olur.

Güclənmiş, qalib, həmçinin türk-müsəlman Azərbaycan faktoru Vaşinqtonu Cin (Şarp) atına mindirib. İndi o öz aləmində Azərbaycan hakimiyyətini mindiyi cin və kin atının qabağına qatıb teyləyir. Prezident İlham Əliyev bu cür atları çox əhliləşdirib, sakitləşdirib. Onların burnuna qantarğa taxıb, cilovunu əlinə alaraq, özünə tabe etdirib. Yenə belə olacağına şübhə yoxdur. Necə deyərlər, bu da gələr, bu da keçər…

Azər Ayxan
Globalinfo.az