Azərbaycan nümayəndə heyəti AŞPA-da… – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibə verib.

Globalinfo.az xalqcebhesi.az-a istinadən müsahibəni təqdim edir:

– Qüdrət bəy, oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməyə münasibətiniz bilmək istərdik.

– Öncə iclasda iştirak edən həmkarlarıma minnətdarlığımı bildirmək istərdim. Onlar Ermənistanın təcavüzü, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, soyqırım cinayətləri barədə kifayət qədər tutarlı və faktlarla əsaslandırılmış çıxışlar etdilər. Lakin islamafob xristian çoxluq özünü karlığa qoydu və həyasızcasına əleyhimizə riyakar bir qərar qəbul etdi. Hesab edirəm, Azərbaycan nümayəndə heyəti onların qərarını gözləmədən özü müvəqqəti olaraq AŞPA-da fəaliyyətini dayandırmalıdır. Eyni zamanda Avropa Parlamenti ilə əlaqələrə də son qoyulmalıdır. Biz bunu etməsək onlar daha da azğınlaşacaq, üzümüzə baxa-baxa bizi alçaldıb, əleyhimizə daha sərt qərarlar qəbul edəcəklər. Qoy bizim iştirakımız olmadan demokratiyadan, haqdan, ədalətdən, beynəlxalq hüquqdan utanmadan nə qədər istəyirlər zəvzəyib çərənləsinlər.

“Önəmli olan Qarabağda dövlət suverenliyinin bərpa olunmasıdır”

– Putinlə Əliyevin Bişkek görüşü barədə nə deyə bilərsiniz?

– Hər iki lider arasında etimadlı münasibət var. Azərbaycan Respublikası Prezidentinin Qarabağla və Rusiya-Azərbaycan münasibətlərinə dair qəbul etdiyi və ya edəcəyi qərarlara güvənmək lazımdır. Soydaşlarımız bilməlidir ki, Rusiya ilə münasibətlər düzgün qurulmasaydı Qarabağ uğrunda savaş çox qanlı olardı. Önəmli olan Qarabağda dövlət suverenliyinin bərpa olunmasıdır. Qalan məsələlər təfərrüatlardır ki, zamanla həll olunacaq. İnanıram ki, tezliklə Rusiya sülhməramlılarının gələcək taleyi ilə əlaqədar məsələyə aydınlıq gələcək və Xankəndi daxil, Qarabağın bütün yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalandırılacaq, Xankəndindən didərgin salanmış vətəndaşlarımız öz evlərinə dönəcəklər. Bölgədə yaranmış yeni əməkdaşlıq imkanlarından geniş istifadə olunacaqdır. Biz elə davranmalıyıq ki, ölkəmizin suverenliyinə, beynəlxalq imicinə ziyan vurmadan Rusiya ilə etimadlı münasibətləri qoruyub saxlayaq.

– Ermənistanla yaxın zamanlarda sülh sazişi imzalanacağına inanırsınızmı?

– Yox. Xankəndini azad etməklə biz sülhü xeyli yaxınlaşdırdıq, amma Ermənistan Rusiyanın vasitəçiliyi olmadan Qərbli havadarlarının köməyi və iştirakı ilə özü üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamaq istəyir. Bu isə alınan deyil.