“Azərbaycan hücum edəcək” təxribatının arxasındakı PLAN

Ermənistanda, hətta beynəlxalq mediada hər gün yeni hərbi toqquşmalar haqda məlumatlar yayılır, bəyanat verilir. Əsasən də bu cür bəyanatlar Ermənistandan səsləndirilir.

Gözlənilən müharibə şərti sərhədin hansı hissəndə, istiqamətində baş verə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Züriyə Qarayeva deyib ki, bu addımlar da, mesajlar da bizim üçün gözlənilməz və təəccübdoğurucu deyil:

“Böyük erməni diasporuna malik Fransa illərdir Ermənistana dəstəyini davam etdirir. Nümunə olaraq Fransa liderlərinin dəstəyini xatırlatmaqda fayda var. Bu kontekstdə 2001-ci ildə Fransa prezidenti Jak Şirak qondarma “erməni soyqırımı” qanununu təsdiqləyib. 2011-ci ildə Fransanın o zamankı prezidenti Nikolya Sarkozi Türkiyəni soyqırım iddiaları ilə bağlı “öz tarixi ilə üzləşməyə” çağırmışdı.

2015-ci ildə Fransa prezidenti Fransua Olland qondarma soyqırımın 100-cü ildönümündə Türkiyədən “yeni jest gözlədiyini” bildirmişdi. Fransanın ənənəvi ermənipərəst siyasətini Cənubi Qafqaz problemlərindən aydın görmək olar. Bu dəstəyin son sübutu olaraq qeyd edim ki, Fransa Ermənistanı silahlandırmaq üçün yenidən ortaya atılıb.

Makronun bəyanatının ardınca fransalı nazir Lekornu erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik”. S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

Əslində, Fransanın müdafiə naziri Sebastien Lekornu bəyan edib ki, Ermənistanın müdafiə ehtiyacları araşdırılır. İrəvana səfər edən Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonna Ermənistana silah və sursat yardımı edəcəklərini açıqlamışdı. Bu qərardan sonra Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına xəbərdarlıq etdi və regionda yeni münaqişə baş verəcəyi təqdirdə Fransanın məsuliyyət daşıyacağını bildirdi”.

Ekspert deyib ki, bütün bu hadisələrdən sonra Prezident İ.Əliyev 2023-cü il oktyabrın 5-də Qranadada keçirilən Azərbaycan-Ermənistan sülh görüşündə Türkiyənin iştirakının qəbul edilməməsindən sonra Bakının danışıqlarda iştirak etməyəcəyini açıqladı:

“Parisin İrəvana silah və sursat yardımı edəcəyi faktı Bakı tərəfindən “müharibənin qızışdırılmasına səbəb olan təxribat aksiyası” kimi qiymətləndirilib. Ölkəsinin İrəvana münasibətinin düzgün və qərəzsiz olduğunu iddia edən Makron isə Azərbaycanla heç bir probleminin olmadığını, Bakının beynəlxalq hüquqla bağlı problemi olduğunu deyərək qarşı tərəfi günahlandırdı.

Fransanın Baş naziri Elizabet Born 11 oktyabr 2023-cü il tarixində Fransa Senatındakı çıxışında “Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və onun toxunulmazlığını qorumaq üçün İrəvanla əməkdaşlığın gücləndirilməsinə tərəfdar olduğunu bəyan edərək real Avropa planının yaradılmasına çağırıb. Bu bəyanatdan sonra Azərbaycan-Fransa münasibətləri tamamilə gərginləşdi. Bu gedişləri sadəcə olaraq illərdir davam edən Fransa-Ermənistan müttəfiqliyinin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın 13 sentyabr 2023-cü ildə verdiyi müsahibədə ölkəsinin artıq Rusiyanın himayəsinə arxalana bilməyəcəyini söyləməsi mühüm hadisədir. Bundan əlavə, Ermənistan parlamenti 2023-cü il oktyabrın 3-də Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri zamanı həbs oluna biləcəyini qəbul edərək, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini təsdiqləyib.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın qərarını “ikitərəfli münasibətlər baxımından yersiz” adlandırıb. Fransanın xarici işlər naziri Ketrin Kolonnanın eyni tarixdə verdiyi açıqlamada silah və sursat dəstəyinin veriləcəyinin bildirilməsi təsadüfi qəbul edilməməlidir. Qərbdən dəstək artdıqca Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir. Belə olan halda demək olar ki, Paris sarsılmış Moskva-İrəvan münasibətlərini Cənubi Qafqazda yenidən aktivləşmək üçün fürsət kimi görür.

Vasitəçi rolunu oynamağa çalışan Fransa neytral olmalı olsa da Ermənistanla hərbi əməkdaşlıq edir və sözügedən ölkəni silahla təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 5-də sülh danışıqlarında iştirakdan imtina etməsinin səbəbi, şübhəsiz ki, Fransa rəsmilərinin Ermənistanı dəstəkləyən bəyanatlarıdır. Türkiyənin iştirakının qəbul olunmadığı toplantıda iştirak etməyən Prezident İ. Əliyev bölgənin problemlərini regiondan uzaq ölkələrlə müzakirə etməyə ehtiyac görməyib və Fransanın ermənipərəst mövqeyinə səssiz qalmayıb”.

Turan Rzayev
Globalinfo.az