ABŞ-ın Bakı-İrəvan həmləsində diqqətçəkən məqam – Şərh

“ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, Ağ Ev Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyini davam etdirir. Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizə gedir:

“Hər iki tərəf regiondakı təsir gücünü artırmaq istəyir. Bunun üçün əvvəllər Qarabağ problemindən istifadə edilirdisə, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi əsas “kartdır”. Çünki həm Moskva, həm də Vaşinqton başa düşür ki, Qarabağ problemi artıq həll olunub. İndi Azərbaycanın prioriteti Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regionda sabitliyin təmin olunmasıdır. Regionda maraqları olan bütün tərəflər, o cümlədən Kreml və Ağ Ev Azərbaycanın bu qayğıları ilə hesablaşmalıdırlar. Əlbəttə, əks halda onlar istəklərinə nail ola bilməzlər.

Sözsüz ki, ABŞ səmimi deyil. Əks halda indiyədək Qarabağ məsələsinin həllinə nail olmuşdu. Vaşinqtonu düşündürən yeganə məsələ Cənubi Qafqazdakı maraqlarıdır. Bu mənada nə Blinkenin, nə də Praysın qulağaxoş açıqlamalarına bənd olmalıyıq”.

Ekspertin fikrincə, Praysın açıqlamasında Aİ-nin adını çəkməsi təsadüfi deyil:

“Çünki ABŞ başa düşür ki, indi Ermənistanla Azərbaycan arasında ən real vasitəçi məhz Aİ-dir. Etiraf etmək lazımdır ki, Brüsselin vasitəçilik təşəbbüslərinin konkret nəticələri də var.

Bundan başqa, sözçünün bu məsələdə Bakı və İrəvanın iradəsini xüsusi qeyd etməsi də siyasi manevrdir. O beləliklə, ABŞ-ın tərəflərin mövqelərinə, atdığı və atacağı addımlara hörmətlə yanaşdığını diqqətə çatdırmaq istəyib. Şübhəsiz, Vaşinqton həm də Bakı və İrəvanı özünün səmimiliyinə inandırmaq istəyir.

Əvvəllər də dediyimiz kimi, üçüncü güclərin vasitəçilik təşəbbüsləri bizim üçün əlavə fürsətlər yaradır. Biz bu səylərdən öz maraqlarımızın təmin olunması üçün istifadə edə bilərik. Xüsusilə nəzərə almaq lazımdır ki, həm Aİ, həm ABŞ, həm də Rusiya Azərbaycanın regionda əsas siyasi aktor olduğunu bilir və bunu qəbul edirlər. Bu, onu deməyə əsas verir ki, onlar rəsmi Bakının maraqlarını görməzdən gələ bilməzlər.

İndiki halda diqqət edilməsi ən vacib məqamlar çoxvektorlu, balanslı siyasət nəticəsində regional maraqlarımızın təmin olunması ilə yanaşı, həm də üçüncü güclərin bölgədə möhkəmlənməsinin və onların ehtimal edilən diktə cəhdlərinin qarşısının alınmasıdır”.

Turan Rzayev
Globalinfo.az