tramp neft

Amerika-İran danışıqları və Hörmüz boğazı ətrafında gərginlik yerli və beynəlxalq gündəmin əsas mövzusu olaraq qalır. ABŞ-ın İranın nüvə proqramının dayandırılmasını əsas şərt kimi irəli sürməsi ilə bağlı iddialar müzakirələrə səbəb olur. Eyni zamanda, dünya neft ticarətinin 20 faizinin keçdiyi Hörmüz boğazı və bu marşrutdan asılı ölkələr məsələnin qlobal iqtisadiyyata təsirini daha da artırır.

ABŞ-ın İranla bağlı “99 faiz şərt” yanaşması həqiqi sülh niyyətidir, yoxsa geosiyasi təzyiq vasitəsi?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov bildirib ki, Donald Trampın sülh danışıqlarının “99 faizinin İranın nüvə proqramının dayandırılması ilə bağlı olması” barədə ardıcıl ritorikası Ağ Evin müharibəni davam etdirməkdə maraqlı olmadığını göstərir:

“Bu o deməkdir ki, digər şərtlər sülh prosesinə yalnız 1 faiz təsir edir. Ağ Ev rəhbərinin bu məsələdə nə qədər məsuliyyətli və səmimi olduğunu anlamağa çalışaq. Gərgin keçən 21 saatlıq İslamabad görüşündə əsas fikir ayrılığı yaradan məqamlardan biri İranın nüvə zənginləşdirməsini dayandırması və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi idi. İran tərəfinin irəli sürdüyü tələblərdən biri isə 6 milyard dollar dondurulmuş aktivlərin üzərindən məhdudiyyətlərin götürülməsidir. Yəni həqiqətənmi dəyəri yüz milyardlarla ölçülən və hərbi infrastrukturu ciddi zərər görmüş İran 6 milyard dollar qarşılığında nüvə proqramına son verəcək? Bəs Ağ Evin sülh ritorikasında həmin “1 faiz” səmimiyyət nə dərəcədə realdır?”

İqtisadçı qeyd edib ki, ABŞ-ın əsas hədəflərindən biri dünya neft ticarətinin təxminən 20-27 faizinin keçdiyi logistik marşrutlara nəzarət etməkdir:

ABŞ enerji təhlükəsizliyini təmin etməyə, enerji qiymətlərinin kəskin artmasının qarşısını almağa və vacib dəniz yolları üzərində geosiyasi nəzarəti qorumağa çalışır. Vaşinqton Hörmüz boğazının blokadaya alınmasını beynəlxalq iqtisadiyyat üçün ciddi təhdid kimi qiymətləndirir”.

E.Qurbanovun sözlərinə görə, ABŞ-ın tələblərinin arxasında bir neçə əsas strateji faktor dayanır:

Enerji təhlükəsizliyi: Boğazın bağlanması neft qiymətlərini kəskin şəkildə artıraraq (bəzi proqnozlara görə 150-200 dollar/barel) xüsusilə Avropada enerji böhranı yarada bilər.

Qlobal iqtisadi sabitlik: Təchizat zəncirinin pozulması həm ABŞ, həm də dünya iqtisadiyyatına ciddi zərər vura bilər.

Dənizçilik azadlığı: ABŞ beynəlxalq sularda ticarət və hərbi gəmilərin sərbəst hərəkətini strateji prinsip kimi qoruyur.

Geosiyasi mesaj: Vaşinqton bu addımlarla İrana Hörmüz boğazında təkbaşına nəzarət imkanının olmayacağını nümayiş etdirir”.

elcin qurbanov

Elçin Qurbanov

İqtisadçı bildirib ki, Hörmüz boğazı üzərindən ixrac olunan neftin bölgüsü belədir:

“Səudiyyə Ərəbistanı – 37, İraq – 23%, BƏƏ -10-13, İran – 10-12,9, Küveyt -10, Qətər isə 4 faizdir. İdxalçı ölkələr arasında Yaponiya 72, Cənubi Koreya 65, Çin və Hindistan 50, Avropa ölkələri orta hesabla 15-18, ABŞ isə təxminən 2 paya malikdir.

Belə bir vəziyyətdə gündəlik 13 milyon bareldən çox neft hasilatı olan qlobal enerji sistemində ABŞ-ın bu qədər narahat olması sual doğurur ki, nə üçün Vaşinqton Hörmüz boğazında naviqasiya azadlığını bu qədər önə çıxarır? Donald Trampın prezidentliyi dövründə ABŞ-ın müxtəlif regionlarda gərginliklərə daha aktiv müdaxiləsi müşahidə olunub. Bu isə Vaşinqtonun qlobal siyasətdə etibarlılığı ilə bağlı sualları artırıb”.

İqtisadçı həmçinin İranın strateji resurslarına da diqqət çəkib:

İran dünyanın üçüncü böyük neft ehtiyatlarına malik ölkələrindən biri və OPEC-in əsas istehsalçılarındandır. Ölkənin gündəlik 4,4 milyon barel neft hasil etdiyi, bunun böyük hissəsinin ixrac olunduğu bildirilir. Bundan əlavə, İranın nadir metal ehtiyatları və xüsusilə litium ehtiyatları da qlobal texnologiya və elektromobil sənayesində mühüm rol oynayır. Lakin bu resursların əsas alıcılarının Çin, Yaponiya, ABŞ və Avropa ölkələri olduğu qeyd edilir”.

Bütün bu göstəricilər fonunda iqtisadçı hesab edir ki, ABŞ-ın siyasətində təkcə siyasi deyil, həm də iqtisadi və geostrateji maraqlar paralel şəkildə mövcuddur.

Onun fikrincə, “99 faiz şərt” yanaşması daha çox siyasi ritorika xarakteri daşıya bilər və real proseslər bu qədər sadə deyil.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: