“Bu ilin yanvar-may aylarında Azərbaycana 3,8 milyon ABŞ dolları dəyərində 506 ton dondurma idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığım hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 25 % çoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, idxal etdiyimiz ölkələr arasında Türkiyə birinci, Rusiya ikinci yerdədir:
“Elə marketlərdə də eyni mənzərədir. Maraqlı fakt odur ki, Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (pul ifadəsində artım 76 %) 145 ton (kəmiyyət ifadəsində artım 45 %) dondurma idxal etmişik. Rusiyadan 145 min kq dondurma almışıq, deməli hər kq dondurma 6,8 dollara, 11,5 manata başa gəlib. Rusiya istehsalı 70-100 qramlıq dondurmalar 2,5-3 manatdan, 6-7 manata qədərdir. Hətta “ГОСТ” markalı 400 qramlıq dondurma 22-25 manat arasında satılır.
Rusiya istehsalı hər 100 qramlıq dondurmanı götürsək, 10 ədədi 11,5 manata idxal olunur, yəni, 1 ədədi 1 manat 15 qəpiyə başa gəlir və, ortalama, 4 manat satılır. “ГОСТ” markalı dondurmanı götürsək, 1 kq-dan 2,5 ədəd 400 qramlıq qab çıxır, ortalama, 11,5 manat idxal olunur və kilosu 60 manata satışa çıxır”.
Əliyar Xəlil
Globalinfo.az