“Xankəndi Universiteti böyük imkanlar vəd edir” – Sona Əliyeva

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Bu Universitetin yaradılmasında əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi, eləcə də tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır.

Ümumiyyətlə, Qarabağda ali təhsil ənənəsi tarixən də mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Xankəndinin işğaldan azad edilməsindən sonra belə bir layihənin baş tutması isə böyük ümidlər formalaşdırır. Yeni yaradılacaq universitetin hansı yeniliklərə sahib olacağı, ümumiyyətlə həm texniki quruluş, həm də tədris ediləcək ixtisaslar əsas diqqət mərkəzindədir. Heç şübhəsiz ki, paytaxt Bakıdan əlavə bölgələrdə ali təhsil müəssisələrinin yaradılması bölgə üçün də əhəmiyyətli olacaq.
Universitetlərin ayrı-ayrı bölgələrdə qurulması bir sıra mövcud problemlərin də həllinə səbəb olacaq.

Maraqlıdır ki, yeni yaradılacaq bu universitetin açılması bölgənin ali təhsil müəssisələri ilə bağlı boşluğu doldura biləcək?

Bakıda filial açılışı da mümkün variantdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva qeyd edib ki, Xankəndidə açılacaq universitet nəinki təhsil, o cümlədən orada yaşayanlar üçün böyük imkanlar deməkdir:

Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA

Sona Əliyeva

“Yerli əhalinin ali təhsilə əlçatanlığını artırır. Bu, sadəcə təhsillə bağlı qərar deyil. Bu həm də bölgənin inkişafı baxımından, yaşayışın dayanıqlığı üçün çox əhəmiyyətli qərardır. Qarabağ Universiteti adı kimi özü də əziz olacaq”.

Ekspertin fikrincə, bu universitetdə həmin ərazilərin xüsusiyyətlərinə, imkanlarına uyğun ixtisasların da təşkil edilməsi baş tuta bilər:

“Böyük texnoloji, maddi-texniki baza yaratmaqda çox faydalı olar. Yaradılan universitet yeni olduğu üçün də daha müasir, yeniliklərə açıq, qlobal universitet olacağını düşünürəm. Bölgənin təhsil ehtiyacını ödəmək baxımından da böyük əhəmiyyətə malikdir. Bütün universitetlərin paytaxt Bakıda yerləşməsi az təminatlı ailələr üçün də çətinlik yaradır. Doğrudur, bölgələrdə də Universitetlər var. Amma onlar bəzi ixtisasları tam əhatə etmədiyi üçün Bakıdakı filiallara üz tutmaq məcburiyyəti yaranır”.

S.Əliyevanın fikrincə, universitet olan şəhərlər inkişafa meylli olur:

“Buraya həm iqtisadi, həm sosial, həm də mədəni inkişafı daxil edə bilərik. Qarabağ Universitetinin yaranması bölgədəki boşluğu dolduracaq. Bakıda filialının açılmasına isə ehtiyac yoxdur. Bu da bir variantdır. Amma elə bölgələrdə filialların olması daha məqsədəuyğun olar”.

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.Safura Bənnayeva

Globalinfo.az