Tibb professorundan həyəcan təbili: “Bu xəstəliyə dırnaqarası yanaşmaq olmaz”

Artıq bir müddətdir ki, qızılca xəstəliyi geniş yayılıb. Hətta bu xəstəlikdən ölüm halları da artıb.

Qızılcanın qarşısını necə almaq olar?

Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, hadisənin harada baş verməsindən asılı olmayaraq, istənilən halda ölümün hansı səbəbdən baş verməsi dəqiqləşdirilməlidir.

O bildirib ki, ölümün birbaşa səbəbi müəyyən edilməlidir:

“Bəlkə, həmin adam qəsdən öldürülüb, yaxud başqa bir faktor var. Təəssüf ki, kənd yerlərində səbəbin araşdırılmasına çox önəm vermirlər, amma bu, olduqca önəmli bir məsələdir. Ölümün səbəbi təsbit olunmalıdır. Dünyada görünən mənzərə odur ki, qızılca virusu özünü əvvəlkindən daha fərqli aparır. Bu, koronavirus pandemiyası zamanı immun sisteminin təlatümlərinə də bağlı ola bilər. Hazırda bunun araşdırılması aparılır. Yəqin ki, yaxın zamanda daha dəqiq və geniş açıqlamalar olacaq”.

Adil Qeybulla

A.Qeybullanın sözlərinə görə, qızılcanın bu cür performans göstərməsi təbiidir:

“Qızılca həmişə vaksin olunmayanlar arasında olurdu və keçirdi. Amma bu gün həmin xəstəlik epidemiya şəklini alıb. Düşünürəm ki, araşdırmalar getməli və mütləq vaksinasiyalar aparılmalıdır. Buna dırnaqarası yanaşmaq olmaz. Pandemiya bitsə də, epidemiya və Omikron ştammının mutasiya variantı davam edir. Bu da özünü belə xəstəliklərlə göstərir. Hazırda modul tipli xəstəxananın da açılması və.s buna bağlıdır”.

Həkim qızılcaya yoluxan şəxsin ömürlük immunitet qazandığını qeyd edib:

“Bir dəfə qızılcaya yoluxan şəxs təkrar o xəstəliyə yoluxmur. Amma vaksin olunmuş şəxs qızılcaya yoluxa bilər. Lakin yoluxsa da çox yüngül keçirmiş olur. Şaiyələr yayırlar ki, guya vaksin xəstəliklər yaradır. Bu səbəbdən də insanlar peyvənd olunmaqdan yayınırlar. Vaksin olunmayan uşaq həm özü, həm də ətrafı üçün təhlükə yaradır”.

Zaira Akifqızı
Globalinfo.az