Azərbaycan üçün tarixi gün: 2004-cü ildəki seçimin nəticəsi…

Bu gün Heydər Əliyev Fondunun yaradılmasından 20 il ötür. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevadır.

Globalinfo.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Heydər Əliyev Fondu 20 il ərzində Azərbaycanda elitar mədəniyyət modelinin qurulmasına nail olub:

“Biri var, aşağıdan xalq mədəniyyətinin inkişafı istiqamətində şərait yaradılır və xaotik proses gedir, biri də var məqsədyönlü, sistemli və bütün sənət sahələrini paralel dirçəltmə konsepsiyası həyata keçirilir. Heydər Əliyev Fondu ikincini – paralel dirçəltmə yolunu seçdi. Bunun doğruluğu da 20 il sonra üzə çıxdı. Ayrı-ayrı unudula biləcək, populyarlığı olmayan sənət sahələrində dünya səviyyəsində tanınacaq şəxslər dəstəkləndi, təhsil məsələlərinin qayğısına qalındı. Burada ən vacibi xalqa açıq modelin seçilməsi oldu. Cəmiyyətdən gələn təkliflər dəyərləndirildi.

Mən balet üzrə istedadlı gəncin təhsili barədə müraciət etdim və Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyevanın göstərişi, Anar bəyin xüsusi dəstəyi ilə gəncin təhsili ilə bağlı problemlər həll olundu. Heydər Əliyev mərkəzində təşkil olunan konsertdə də həmin gənc çıxış etdi, göstərdi ki, balet sahəsində qıtlığı, boşluğu doldura biləcək istedadlar yetişir”.

Deputatın sözlərinə görə, cəmiyyətdə toy müğənnilərinə vəsait ayıran insanlar balet kimi sənətlərə pul ayırmırlar:

“Belə böyük missiyanı isə Heydər Əliyev Fondu üzərinə götürüb. Rəssamlardan tutmuş, teatr xadimlərinə qədər ayrı-ayrı sənət sahiblərinin hamısının dəstəklənməsinin şahidi oluruq. Bu, Azərbaycanın mədəni sferada dəyərlərinin qorunması baxımdan vacibdir. Muğamla bağlı görülən işlər də öz növbəsində Azərbaycan brendi deyilə biləcək muğam fenomenini ortaya qoydu. Bunun təbliği üçün görülən işlər nəticəsini verdi. Azərbaycan xalçasının spesifik xüsusiyyətlərinin müəyyən olunması, brend kimi göstərilməsi də bu qəbildəndir.

Heydər Əliyev Fondu təhsil sahəsində də böyük işlər görüb. Çox sayda məktəblərin tikilib ərsəyə gəlməsində rolu olub. Səhiyyə və digər sahələrdə də xidməti danılmazdır. Bir çox sənət adamının səhhəti ilə bağlı problemlərin həllində geniş işlər görülüb. Hətta ayrı-ayrı vətəndaşların da sözügedən istiqamətdəki problemlərinin aradan qaldırılması istiqamətində dəstək verilib.

Ölkə daxilində görülən işlərin əhatəsi genişdir, lakin xaricdə də görülən işlərin mahiyyəti böyük önəm daşıyır. Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası dünyada böyük rezonans doğurdu. Torpaqlarımızın işğaldan azad olunmasının mənəvi çətinliklərinin aşılmasında əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı Razi Nurullayev isə deyib ki, Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti ilə bağlı mayın 4-də Heydər Əliyev mərkəzində konsert proqramı oldu:

“Əvvəlcə Ümummilli lider Heydər Əliyevin keçdiyi yol, Fondun yaradılması və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər nümayiş olundu. Çox gözəl tədbir idi. Burada biz fondun həyata keçirdiyi layihələrin necə həyati önəm daşıdığını bir daha gördük. Bu gün Heydər Əliyev Fondu Azərbaycan xalqının ümid yerinə çevrilib. Fond həm Azərbaycanda, həm də xaricdə xeyli işlər görüb. Heydər Əliyev Fondunun gördüyü işlər göz önündədir. Xalqımız da bu işləri görür, qiymətləndirir”.

Safura Bənnayeva
Globalinfo.az