Separatçı “liderlər” Qarabağdan iki yolla qaça bilərlər – Həbs təhlükəsi ciddidir

Globalinfo.az siyasi şərhçi Asif Nərimanlının müsahibəsini təqdim edir:

– Asif bəy, sentyabrın 25-də Xocalı şəhərində erməni sakinlərin təmsilçiləri ilə növbəti görüş keçirildi. Yevlax görüşündən təmasların davam edəcəyi və növbəti görüşün keçiriləcəyi bilinsə də, bu qədər tez gözlənilmirdi. Görüşün Xocalıda, özü də belə tez keçirilməsi nədən xəbər verir?

– Antiterror tədbirlərindən sonra rəsmi Bakının əsas prioriteti Xankəndi də daxil olmaqla bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edilməsidir. O baxımdan, Yevlax görüşündən qısa müddət sonra ikinci görüşün keçirilməsi gözlənilən idi. Çünki Yevlaxda erməni nümayəndələrinin humanitar dəstəklə bağlı istəkləri qəbul edilməklə yanaşı, konkret tələblər də irəli sürülüb.

Bu tələblərin erməni əhalisinin reinteqrasiyası, Xankəndində bayrağımızın dalğalanması və separatçı rejimin özünü buraxdığını elan etməsindən ibarət olduğu ehtimalı güclüdür. İkinci görüş həm qoyulan tələblərin icrasını, həm də reinteqrasiya ilə bağlı atılacaq addımları müzakirə etmək məqsədi daşıyırdı.

– Yevlax görüşündən sonra növbəti görüş yerinin Bakı, ya da başqa bir şəhərin olacağı ehtimal edilirdi. Görüşün Xocalıda keçirilməsi bir qədər gözlənilməz oldu…

– Görüş yerinin Xocalı seçilməsi Rusiya sülhməramlılarının burada qərargahının yerləşməsindən qaynaqlana bilər. Lakin Azərbaycan Ordusunun Xocalıya daxil olması, nəzarətin bərpa edilməsi xəbərləri fonunda da diqqət çəkir. Mümkündür ki, artıq nəzarətimizdə olan Xocalıda görüşlə Qarabağda mərkəzi hakimiyyətin bərpasının alternativinin olmadığı mesajı bölgədə maraqlı olan bütün tərəflərə verilir.

– Bildiyiniz kimi, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış oldu. Xeyli yaralı və ölünün olduğu bildirilir. Diqqətçəkən məqam isə hadisənin Xocalı görüşündən sonra baş verməsidir. Bu, təsadüfdür, yoxsa Xocalı görüşündə hansısa məsələyə dair razılığın əldə edilmədiyinə dəlalət edir?

Asif Nərimanlı

– Fikrimcə, Xankəndidəki partlayış təxribatdırsa, bunun arxasında separatçılar dayana bilər. Çünki separatçı rejimin keçmiş “rəhbərləri” bölgədən çıxa bilmirlər, indiyə qədər Rusiya sülhməramlılarının arxasına sığınmışdılarsa, indi bu imkanları zəifləyib. Onların qaçış üçün iki yolu var, ya Laçın sərhəd-keçid məntəqəsindən çıxmalıdırlar, ya da hava məkanı ilə.

Laçın sərhəd-keçid məntəqəsindən çıxmaları həbs olunmaları riskini artırır, çünki haqlarında cinayət işi açılıb, yaxud erməni əhalisi arasında gizlənərək, getmələri də risklidir. Xüsusilə Samvel Babayanın Ermənistana gedə bildiyinə dair iddialar böyük ehtimalla sərhədçilərimizin yola nəzarətini daha da artıracaq. Bu halda hava məkanından çıxış daha təhlükəsizdir onlar üçün. Hava məkanının açılması da yalnız hansısa fors-major situasiyalarda mümkün ola bilərdi.

– Düşünürsünüz ki, məqsəd hava məkanının açılmasıdır?

– Partlayışdan dərhal sonra hava məkanın açılması istəklərinin gündəmə gəlməsi bu şübhələri artırır. Digər tərəfdən, partlayan benzin çəninin dolu olub-olmaması da burada diqqətçəkən nüansdır. Əgər çən yanacaqla dolu olubsa, partlayışdan sonra erməniləri Ermənistana aparan nəqliyyat vasitələrinin yanacaq problemi yaranacaq. Bu o deməkdir ki, ermənilərin gedişinin qarşısını almaq istəyənlər bu partlayışda maraqlıdır. Bunun Rusiya ola biləcəyi də istisna deyil. Görünür, bu qədər axınla getmələri rusların bölgədəki missiyasının tezliklə başa çatması olduğunu düşünürlər. Lakin partlayışın ehtiyatsızlıqdan ola bilməsi versiyası da var.

– Qeyd etdiniz ki, ermənilər hava məkanının açılmasını istəyir. Bu baş verərsə, separatçıların başçılarının qaçma ehtimalı olduğunu qeyd etdiniz. Onların Qarabağdan qaçması hansı fəsadlara səbəb ola bilər?

– Separatçılar qaçarsa, bunun iki nəticəsi olacaq: birincisi, cəzasız qalacaqlar, ikincisi, Ermənistana gedib qondarma “artsax” iddialarını davam etdirə bilərlər. Lakin bundan sonra nə edəcəkləri o qədər də əhəmiyyətli olmayacaq. Çünki hazırda baş verən proseslər başa çatandan sonra separatçıların mövcud “rəhbərliyi” özünü buraxacaq. Bu isə gələcəkdə belə iddiaları mənasızlaşdıracaq. Digər tərəfdən, Ermənistan hakimiyyəti də separatçı “liderləri”n geri qayıtmasını istəmir, çünki onlar hakimiyyətə təhlükə yarada bilərlər.

– Ermənistan tərəfi Qarabağdan köçən erməniləri qəbul edəcəyini bildirib. Rəsmi İrəvan üçün bu proses müsbətdir, yoxsa mənfi?

– Ermənilərin geri qayıtması Paşinyan hakimiyyəti üçün risklər vəd edir. Onlar potensial narazı kütlədir və istisna deyil ki, Rusiya onlardan istifadə edəcək. Paşinyan bu perspektivi gördüyü üçün öncədən hərəkətə keçdi, qayıdan ermənilərin qalması və təminatı üçün göstəriş verdi, onların narazı kütləyə çevrilməsinin qarşısını almağa çalışır. Amma bütün hallarda bunun mənfi təsirləri olacaq. Birincisi, Ermənistanda “Qarabağ ermənisi” fobiyası var, bu, cəmiyyətdə sosioloji problemlər yaradacaq. İkincisi, onların təminatı rəsmi İrəvan üçün yükdür. Üçüncüsü isə hakimiyyət nə qədər dəstək versə də narazı elektorata çevriləcəkləri gözləntisi böyükdür.

Söhbətləşdi Turan Rzayev
Globalinfo.az