Qarabağda hərbi toqquşma qaçılmazdır, Rusiya vəziyyəti gərginləşdirir – İqbal Ağazadə

Globalinfo.az Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir:

– İqbal bəy, bildiyiniz kimi, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam- Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndiyə çatdı. 30 il sonra bu yoldan istifadəni tarixi hadisə kimi qiymətləndirənlər olduğu kimi, hadisəyə birmənalı yanaşmayanlar da var. Bu barədə siz nə düşünürsünüz?

– Əgər Rusiya nə isə edirsə, mütləq orada öz marağı var deməkdir. Rəsmi Moskva heç bir halda nəyisə başqa bir ölkənin maraqları üçün etmir.

Kəskinləşən Ermənistan-Rusiya münasibətləri fonunda Moskva çalışır ki, Ermənistanı cəzalandırsın. Amma bu həm də bizim üçün yeni fürsətlər yaradır. Yəni Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi bizim üçün müsbət hadisədir və biz mütləq şəkildə bundan yararlanmalıyıq.

Rəsmi Bakı indiki məqamda Ağdam-Əsgəran-Xankəndi yolunun tam şəkildə açılmasını, sərbəst gediş-gəlişin təmin olunmasını istəyir. Rusiya əgər bu gün bu yoldan istifadə edib, humanitar yüklərini daşıyırsa, bunu da öz maraqlarımız üçün istifadə edə bilərik. Bir daha deyirəm, Rusiyanın atdığı addımlar nə Ermənistan üçün, nə də Azərbaycan üçün müsbət heç nə vəd etmir, bununla belə, mövcud situasiyadan istifadə edib həm də öz maraqlarımızı təmin edə bilərik.

– Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndiyə çatdırıldıqdan sonra separatçılar yolu yenidən bağladı. Beynəlxalq ictimaiyyət isə Laçın yolunun açılmasını istəyir. Rəsmi Bakının şərti isə hər iki yolun eyni anda açılmasıdır. Sizcə, indiki məqamda Azərbaycan hansı addımları atmalıdır?

– Hesab edirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə öz prinsipial mövqeyindən geri durmamalı, axıra qədər getməlidir. Heç kəs Laçın yolunun açılması istiqamətində Azərbaycana təzyiq edə, diktə ritorikasında danışa bilməz. Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarını blokada da saxlamır. Onları aclığa düçar etmək kimi bir niyyəti də yoxdur. Bu mənada bizə “Laçın yolunu aç” deyə müraciət edilməsi mənasızdır.

Qarabağa humanitar yüklər göndərmək istəyən ölkələr ilk öncə bu istəklərini beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycana bildirməli, daha sonra razılıq olarsa, yəni Azərbaycanın məsləhət biləcəyi yoldan göndərməlidir. Azərbaycanın beş sərhəd qapısı var. Bunlar dura-dura Laçın yolundan israrla istifadə etmək istəmək, fərqli niyyətin, fərqli məqsədin olduğunu göstərir.

– İqbal bəy, qeyd etdiniz ki, Azərbaycanın beş sərhəd qapısı var. Hazırda bəzi ekspertlər iddia edir ki, Azərbaycanın məqsədi budur ki, Laçın nəzarət buraxılış məntəqəsini Ermənistan-Azərbaycan gömrük postuna çevirsin…

– Əgər bizim sərhədimizdə hər hansı bir keçid məntəqəsi varsa, orada mütləq şəkildə gömrük postu olmalıdır. Biz açıq qapı prinsipi ilə dövlət idarə etmirik. Dövlətin başqa ölkələr ilə keçid məntəqəsi varsa sərhəd buraxılış məntəqəsi ilə yanaşı gömrük postu da olmalıdır. Ona görə də bu istiqamətlərdə səslənən fikirlər doğru və yerindədir. Yəni təəccüblənməli heç nə yoxdur.

– Sentyabrın 1-i Ermənistan silahlı qüvvələri şərti dövlət sərhədində müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından istifadə etməklə genişmiqyaslı təxribata cəhd etdi. Bu hadisə sonrası regionda gərginlik yenidən artdı. Hətta Ermənistan ilə Azərbaycan arasında yeni bir müharibənin başlanacağına dair iddialar belə səsləndi. Lakin hazırda tərəflər arasında gərginlik azalıb və proses səngiyib. Sizcə, Ermənistan yenidən təxribatlara başlaya bilərmi?

– Bu və bu kimi təxribatlar hər zaman olub. Hesab edirəm, təxribatların ardı olacaq. Ermənistanda hərbi-siyasi müxalifət Rusiyanın nəzarətindədir. Rusiya regionda vəziyyətin gərginləşməsində maraqlıdır. Azərbaycanın ermənilər yaşayan ərazisində 10 noyabr sazişinin müddəaları icra edilməyib. Hazırda Xankəndi və ətraf ərazilərdə qondarma rejim hökm sürür. Bu isə hərbi toqquşmaları qaçılmaz edir.

– Separatçılardan söz düşmüşkən, bildiyiniz kimi, erməni separatçılarının keçmiş başçısı Araik Arutyunyanın “istefası”ndan sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndi və ətraf ərazilərdə qondarma seçkilər keçirildi. Belə bir gözlənti var idi ki, rəsmi Bakı prosesə müdaxilə edəcək, hətta antiterror əməliyyatlarına başlayacaq. Lakin bu baş vermədi. Azərbaycan Xankəndi və ətraf ərazilərdəki vəziyyətə müdaxilə edəcək, yoxsa proses hələ bir müddət belə davam edəcək?

– Hesab edirəm, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqları ən qısa zamanda bərpa edilməlidir. Nə qədər ki, bu ərazilərdə qeyri-müəyyənlik qalacaq, hüquqlarımız işləməyəcək, qondarma prezident, parlament bələdiyyə seçkilər də keçirməyə davam edəcəklər. Bütün bu proseslərin qarşısını almaq üçün reinteqrasiya prosesi həyata keçirməliyik. Bunun başqa yolu yoxdur. Reinteqrasiya prosesinin necə olacağını isə rəsmi Bakı özü təyin etməlidir.

 

– İqbal bəy, mövcud Ermənistan-Azərbaycan gərginliyi fonunda İranın sərgilədiyi mövqe də diqqət çəkir. Belə ki, gərginlik fonunda ilk öncə İranın Azərbaycanla sərhədə qoşun cəmlədiyi xəbəri yayıldı. Daha sonra bu xəbərin yalan olduğu açıqlandı. Son günlər isə İranın yüksək rütbəli hərbi nümayəndələrinin Azərbaycana səfərləri gerçəkləşdi. Nə baş verir?

– İranla münasibətlər sistemində uzunmüddətli davamlı əlaqələrə və ya müsbət tendensiyalara inanmaq sadəlövhlük olardı. Rəsmi Tehran regionda öz maraqlarını qorumaq, Güney Azərbaycan türklərinin haqlarını, hüquqlarını daimi nəzarətdə saxlamaq üçün Azərbaycan əleyhinə fəaliyyət göstərib.

Ermənistanın Avropa ittifaqı ilə münasibətləri, habelə ABŞ hərbçiləri ilə təlimlərin keçirilməsi fonunda İranın Azərbaycana qarşı mövqeyində yumşalmanın olduğuna dair təəssürat yaranır. Lakin mən iki ölkə münasibətlərində, xüsusilə də İranın bizə yanaşmasının dəyişdiyini düşünmürəm.

– Sizcə, Ermənistanla Azərbaycan arasında proseslər bundan sonra necə olacaq. Tərəflər yenidən Brüssel-Vaşinqton formatlarında sülh danışıqlarına qayıdacaq?

– Mütləq şəkildə Brüssel və Vaşinqton formatlarında keçirilən sülh danışıqlarına qayıtmaq lazımdır. Biz Ermənistan ilə bu istiqamətdə sülh müqaviləsi imzalamalıyıq. Xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası yekunlaşdıqdan sonra daxili məsələmizə fokuslanmalıyıq. Bizə tabe olmayan terrorçuları zərərsizləşdirib, erməni əsilli vətəndaşlarımız ilə reinteqrasiya prosesini bitirməliyik.

Turan Rzayev
Globalinfo.az