Qarabağ prosesi Ukrayna müharibəsinin taleyindən asılıdır – Ekspert

“Ukrayna müharibəsinin əsas məqsədlərindən biri Avropanın Amerika və NATO-nun çətiri altında birləşməsi idi. Bu proses tam başa çatmadığı müddətdə müharibənin də bitməsi ehtimalı azdır”.

Bu sözləri Globalinfo.az-a araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Fransanın hələ də NATO-dan kənar ordu yaratmaq iddiaları, qlobal güc olmaq istəyi var:

“Almaniya da bu prosesdə ona dəstək verir. Ukrayna müharibəsi onların bu istəyinin qarşısını alır. Digər tərəfdən, bu müharibə Çinin dünyanın ikinci qütbə çevrilməsinin qarşısında əsas əngəllərdən biridir. Xüsusən Qara dəniz üzərində yerləşən logistik xətlərin nəqliyyat şəbəkəsinə ciddi problem yaradır.

Asif Nərimanlı

Ukrayna müharibəsinin necə başa çatması ilə bağlı fikir ayrılığı hətta Amerikanın özündə də var. Rusiyanın tələbləri qəbul edilməlidirmi, yoxsa müharibə o, tam məğlub olana qədər davam etməlidir. Bunun sürünən müharibəyə doğru getdiyi aydın görünür. Onun mövqe döyüşünə keçib-keçməyəcəyi artıq Rusiyanın atacağı addımlardan bəlli olacaq. Rusiya Donbasda cəbhə döyüşü qurmaq və hücum edən tərəfdən müdafiə olunan tərəfə keçmək istəyir. Yay aylarına doğru, iqlim dəyişikliyi ilə həlledici döyüşlər başlaya bilər”.

Cənubi Qafqazdakı proseslərin inkişafı təbii ki, Ukrayna müharibəsinin taleyindən asılıdır:

“Rusiyanın orada tam qələbə çalması bizim əleyhimizədir. Cənubi Qafqaza və MDB-yə diktə imkanları genişlənəcək. Amma tam məğlubiyyəti də bizim xeyrimizə görünmür. Çünki bu halda xüsusilə, Fransanın jandarma qüvvələri adı altında bölgəyə girmək istədiyini görürük. Eyni zamanda kollektiv Qərb tərəfdən bölgəyə hərbi müdaxilə görə bilərik. Bu da Qarabağ məsələsində Azərbaycanın mövqeyinin nə dərəcədə nəzərə alınacağını sual altında qoyur. Bu baxımdan Ukrayna müharibəsinin şiddətlənəcəyi fonunda Cənubi Qafqazda da müəyyən hərəkətlilik müşahidə edə bilərik.

Bu iki istiqamətdə ola bilər: Ermənistanın təbii ki, sərhəddə eskalasiyasiyanı artıracağı gözləniləndir. Avropa İttifaqının müşahidə missiyasının, o cümlədən Fransanın jandarma missiyasının bölgəyə girməsi üçün əsas yaratmaqdır. Həmçinin Rusiyaya qarşı mərkəzdənqaçma siyasətini gücləndirmək və buna qarşı arqumentlər tapmaq niyyətindədir. Yeni bir eskalasiya 10 noyabr razılaşmasını arxa plana keçirib yeni gündəliklər yarada bilər”.

Ekspert hesab edir ki, eyni hərəkətliliyi biz Qarabağın içində də görə bilərik. Çünki prosesin uzanması bizim də əleyhimizədir:

“Laçın yolunda keçirilən aksiyanın fonunda Qarabağın içində biz bir addım ön plana çıxmışıq. Bu vəziyyətdən istifadə edərək orada erməni silahlıların çıxarılmasını təmin edəcəyimizi düşünürəm”.

Gülnar Səlimova
Globalinfo.az